Tovuz futbolu qayğısız qalmasın!

Tovuz futbolu qayğısız qalmasın!
18:27 15 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

"Turan", Azərbaycanın müstəqilliyi dönəmində Vidadi Əhmədovun prezidentliyi ilə yaradılan ilk rəsmi peşəkar futbol klubudur. 


Xatirimdədir, SSRİ-nin süqutunun son illərində Tovuz "Məhsul" komandası ilə təmsil olunurdu. Bölgədə, rayonda futbola tarixən münasibət yüksək olmasına baxmayaraq Tovuz şəhər stadionu baxımsız hala düşmüşdü...


Müharibə, iqtisadi böhrana baxmayaraq iş adamı Vidadi Əhmədov Tovuz futbolunu dirçəltdi. Stadion əsaslı təmir olundu, təbii ot örtüyü ölkədə ən yaxşılardan birinə çevirildi. Futbolçular üçün baza inşa olundu. Bütün bunlar Tovuza, stadionun ərazisinə düşmən mərmilərinin düşdüyü illərdə, işıq, qazın demək olar ki, olmadığı vaxtlarda hayata keçirildi. 


Tarixi futbol ənənələri olan "Turan" qısa vaxtda sözünü deməyə başladı...


Futbolçulara peşəkar dəyər verən ilk prezident oldu, Vidadi müəllim. Yerli futbolçular, Nizami Sadıqov, Sakit Alıyev, Elxan Abdıyevlərlə yanaşı Vidadi Rzayev, Tərlan Əhmədov, Qurbanov qardaşları, İlham Məmmədov, Məqsəd Yaqubəliyev, Azad Mütəllimov və digərləri "Turan"ı irəli aparırdı.


Azərbaycan çempionluğunu qazanan "Turan" ölkəmizi ilk dəfə olaraq UEFA kuboku yarışlarında təmsil edərək adını tarixə yazdırdı (həmin dönəmdə Azərbaycan çempionu Ç.L.-na deyil, UEFA kuboku yarışlarına buraxılırdı). 


Həmin illər ölkədə futbol infrastrukturu elə bərbad vəziyyətdə idi ki, hətta UEFA nümayəndələri T.Bəhramov stadionu qəbul etmədi. UEFA nümayəndələrini müşaiyyət edən şəxslərdən biri kimi deyim, çox çətinliklə Sumqayıtdakı M.Hüseynzadə adına stadion böyük güzəştlərlə qəbul olundu... 


1994-cü ildə Azərbaycanda ilk dəfə olaraq klub səviyyəsində rəsmi görüş keçirildi. "Turan"ın rəqibi Türkiyə nəhəglərindən biri "Fənərbaxça" idi...


"Turan" sonrakı illərdə futbolumuza Hüseyn Məhəmmədov, Nadir Nəbiyev, Eltay Aslanov, Ruslan Sadıqov, Cavid Hüseynov, Elvin Məmmədov kimi futbolçuları bəxş etdi...


90-cı illər...Futbol idarəçiliyində baş verən problemlər klublara böyük zərbə vururdu. İmkanlı şəxslər, sponsorlar futboldan uzaqlaşırdı. Belə durum "Turan"a da təsir etdi...


Onlarla klub dağılırdı (bu gün də davam etməkdədi)...


"Turan"ın ikinci dirçəlişi 2000-ci illərə təsadüf etdi. Klubun yeni prezidenti Tahir Yusifov klub üçün istənilən şəraiti yaradırdı. Yaşar Sultanov, Şahin Mehtiyev, Namiq Məstanov, İman Həsənov, Rasim Əliyev və digərləri klub idarəçiliyində önəmli rol oynayırdılar. Baş məşqçi Naci Şensoy təcrübəli legioner, yerli futbolçularla gənclərin vəhdətini yaratmışdı...


Kapitan Ramiz Məmmədov, Nadir Nəbiyev, Kənan Kərimov, Asen Nikolov, Aftandil Hacıyev, Ayxan Abbasov, Kamran Ağayev, Romal Hüseynov və digərləri "Turan"ın gücünə güc qatırdı..


Təəssüf ki, futbolda olan haqsızlıqlar "Turan"ın layiq olduğu yerlərdə olmasına imkan vermədi.


Sonrakı illərdə iş adamı Musa Süleymanov, rayon rəhbərliyi komandaya öz dəstəyini əsirgəmədi...


Bu gün artıq "Turan" yenidən elitaya vəsiqə qazanıb...


Tovuz futbol ənənəsi, ruhu, sevgisi "Turan"ı tarixin yaddaşına köçməsinə imkan vermədi. Son illər SOCAR, AFFA-nın maliyyə dəstəyilə komanda yaşayır, Əsgər Abdullayevin məşqçiliyi ilə yerli futbolçularla oynayır...


İnanıram ki, Tovuzun imkanlı şəxsləri "Turan"ı tək qoymayacaq, əvvəlki əzəmətinin qaytarılması üçün əllərindən gələn köməkliyi edəcəklər. 


Bu gün Tovuz futbolunu təmsil edən dəyərli insanların klub idarəçiliyi təcrübəsi, məşqçi, futbolçu potensialı kifayət qədərdir. Yetər ki, Tovuz futbolu qayğısız qalmasın.


Belə olarsa, futbol bölgəsindən onlarla istedadlı futbolçu üzə çıxmaqda davam edər, "Turan" Azərbaycan futbolunda öz layiqli yerini tutar...


Uğurlar, "Turan"!


Tahir Süleymanov


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tovuz-futbolu-qaysz-qalmasn-t57627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR