Fatma Qədri - haqqında geniş məlumat yoxdur...

Fatma Qədri -  haqqında geniş məlumat yoxdur...
23:27 15 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Fatma Qədri... Onun haqqında o qədər də geniş məlumatlara rast gəlmək mümkün deyil. Aldığım məlumata görə, onun iki teatr ("Azdram" və bir vaxtlar "Rusdram") foyelərindəki məhzunluq saçan bir fotoşəklindən və hərdən Azərbaycan radiosunda səsləndirilən aktrision səsindən başqa, heç nə qalmayıb. Bir də hərdən yazdığı xatirələri... Məsələn, aktrisa xatirələrində yazırdı ki, "Vaqif" tamaşasında həbsxana səhnəsini Ələsgərlə (Ələsgər Ələkbərov) oynamaq çox çətin idi: "O məni, yəni səhəri günü edam olunacaq şairdən üzr istəmək üçün onun yanına həbsxanaya gələn Xuramanı elə qovurdu, bu qadınla elə istehza, öldürücü kinayə ilə danışırdı ki, bundan sonra az qalırdın doğrudan da gedib intihar edəsən". Onu da qeyd edək ki, bu aktrisa Xuraman rolunu çox məharətlə oynayardı. Bu mənada məşhur teatrşünas Cəfər Cəfərovun: "Fatma Qədrinin yaratdığı Xuraman Səməd Vurğunun yaratdığı Xuramanla əkiz bacılardır..." - deməsi heç də təsadüfi deyil. Bəli, söhbət bu gün 110 yaşı tamam olan SSRİ Xalq artisti Fatma Qədridən gedir.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Akademik Milli Dram Teatrının kollektivi, o cümlədən teatr xadimləri I Fəxri Xiyabanda SSRİ Xalq artisti Fatma Qədrinin məzarını ziyarət ediblər. Anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub. Xatirə tədbirində Fatma Qədrinin Azərbaycan Teatrının inkişafındakı xidmətlərindən danışılaıb, onun Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı obrazlar qalereyasına nəzər salınıb.
Qeyd edək ki, milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Fatma Qədri 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulub. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu alıb. Fatma Qədri səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb, burada Nübar ("Cancur Səməd", M.Əfəndiyev; J.B.Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə.Hamid), Oa-Şen ("Çin tanrısı", F.Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C.Cabbarlı), Xumar ("Şeyx Sənan", H.Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V.Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə) kimi səhnə obrazları yaradıb.
1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib. Əsas rolları: Maşa ("Dubrovski", A.S.Puşkin), Xuraman ("Vaqif", S.Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U.Şekspir), Luiza ("Məkr və məhəbbət", F.Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A.Ostrovski), Polina ("Ögey ana", O.Balzak), Gültəkin ("Aydın", C.Cabbarlı), Məhəbbət ("Məhəbbət", M.İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərib.
Fatma Qədri 1968-ci ildə 60 yaşında Bakıda vəfat edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR