Türkiyədə keçirilən referendumda səsvermə davam edir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təklifi ilə aprelin 16-da ölkə Konstitusiyasına dəyişikliyi nəzərdə tutan ümumxalq səsverməsi keçirilir.

Metbuat.az bildirir ki, ölkənin şərq bölgələrində yerləşən 32 vilayətdə səsvermə yerli vaxtla saat 7:00-da başlanıb. Bu bölgələrdə səsvermə saat 16.00-da, digər ərazilərdə isə saat 17.00-da başa çatacaq.

Məntəqələrdə səsvermənin gedişini 10 yerli siyasi partiyadan nümayəndələr, həmçinin Azərbaycan da daxil olmaqla xarici ölkələrdən beynəlxalq müşahidəçilər izləyir.

Ali Seçki Komissiyasının (ASK) tələbi ilə referendumla bağlı ölkədə bütün təbliğat işləri aprelin 15-da yerli vaxtla saat 18:00-dan dayandırılıb. Bu vəziyyət səsvermə günü saat 21:00-dək davam etməlidir. Bu müddətdə yalnız ASK-nin məlumatları və səsverməyə dair ümumi məlumatlar yayıla bilər.

ASK etibarlı sayılacaq bülletenlərlə bağlı qaydalar barədə geniş təlimat yayıb.

Referendumda 55 milyon 319 min 222 nəfər vətəndaş iştirak edə bilər.

Ölkədə asayişin qorunması üçün ciddi tədbirlər görülür. Bu məqsədlə aprelin 16-da saat 6:00-dan 24:00-dək ölkənin bütün ərazilərində spirtli içki satışı qadağan olunub.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) qəbul etdiyi yeni qanunda yalnız iki dəfə ardıcıl seçilmək hüququ qazanan ölkə prezidentinin, o cümlədən TBMM-in hər dəfə üçün fəaliyyət müddəti 5 il olacaq, parlamentdəki deputatların sayı 600 nəfərə çatacaq. Həmçinin millət vəkili seçilmək üçün minimum yaş həddi 18-ə endiriləcək, dövlət başçısı statusu ilə fəaliyyət göstərəcək prezident partiyanın üzvü olmaqda davam edəcək, vitse-prezidentlər parlament qarşısında and içəcək, prezident Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı olacaq, parlament deputatların beşdə üçünün səsi ilə ölkədə növbədənkənar seçkilər barədə qərar qəbul edə biləcək, 2019-cu il noyabrın 3-də ölkədə prezident və parlament seçkiləri keçiriləcək və s. kimi mühüm dəyişikliklər əksini tapıb. Keçirilən referendum bu qanunu təsdiq etmək üçündür.

Xatırladaq ki, Türkiyədən kənarda yaşayan türklər təmsil olunduqları ölkələrdəki diplomatik nümayəndəliklərdə yaradılan səsvermə məntəqələrində siyasi iradələrini ifadə ediblər. Xaricdəki səsvermə 19 ölkədə keçirilib. Bundan başqa, Türkiyənin gömrük-keçid məntəqələrində də səsvermə büroları fəaliyyət göstərib.

Bu, Türkiyə tarixində Konstitusiyaya dəyişikliklə bağlı sayca 7-ci referendumdur./Azərtac


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR