Bəşər Əsədə ağır ittiham

2013-cü ildə Suriya ordusundan fərarilik etmiş general Zaher əs-Sakat iddia edir ki, hökumət yüzlərlə ton kimyəvi silahları Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatından (KSQT) gizlədib. Bununla belə artıq üç ildir ki Suriyada olmayan Zaher əs-Sakat iddiası ilə bağlı heç bir dəlil təqdim etməyib.

Metbuat.az xəbər verir ki, general Zaher əs-Sakat 2013-cü ilədək Suriya Silahlı Qüvvələrinin 5-ci diviziyasının kimyəvi silah hissəsinin komandiri olub. 2013-cü ilin martında general ordudan fərarilik etsə də, məlumata görə, Suriyadakı bəzi rəsmi şəxslərlə əlaqəsini saxlayıb.

Generalın sözlərinə görə, gizlədilən kimyəvi silah ehtiyatı bir neçə yüz ton zarin, prekursor, kimyəvi vasitələrlə doldurulmuş aviabombalar və “Skad” raketləri üçün nəzərdə tutulmuş kimyəvi başlıqlardan ibarətdir.Tonlarla kimyəvi döyüş sursatı Homs yaxınlığındakı dağlıq ərazidə yaradılmış gücləndirilmiş dayaq məntəqələri və Tartus yaxınlığındakı Cabla şəhərində saxlanılırmış.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zəfəroğlu generalın iddiasının beynəlxalq ictimaiyyətin Əsəd rejiminə qarşı münasibətini daha da sərtləşdirəcəyini bildirib.

“Kimyəvi silahların olması haqda informasiya çoxdandır ki, var. Generalın açıqlaması əslində yeni xəbər deyil. 2013-cü ildə Suriya münaqişəsi başladığı zaman Türkiyə tərəfində belə məlumatlar var idi ki, Əsəd rejimi mütəmadi şəkildə müxalifətə qarşı keçirdiyi əməliyyatlarda kimyəvi silahlardan istifadə edir. Həmin silahlardan istifadə ilə bağlı görüntülər də yayılıb. Suriyada münaqişə başladığı zamandan bəri Bəşər Əsədin hakimiyyətdən gedəcəyi haqda fikirlər var. Lakin düşünürəm ki, o hakimiyyətdən getməyəcək. Onun hakimiyyətdən getməsi Suriyada marağı olan qüvvələrin “Post Əsəd dövrü” ilə bağlı öz fikirlərini uzlaşdırmasından asılıdır. Bu fikirlər uzlaşdıqdan sonra Əsəddən sonrakı Suriya barədə tam aydın olmasa belə, müəyyən mənzərə göz önündə canlandıqdan sonra Əsədin getməsi ilə bağlı düyməyə basılacaq. Hal-hazırda belə bir razılaşma yoxdur. Moskvada keçirilən “Rusiya, İran və Suriya üçlüyü” nün görüşü də, bunu təsdiqləyir. Münasibətlərin kəskinləşməsi isə nə qədər qəribə olsa da, Əsədi hakimiyyətdə saxlayan ən vacib amildir. Əsədin hakimiyyətdən getməsi hələ ki, tərəflərdən heç birinə tam mənası ilə sərf etmir. Əsəddən sonrakı Suriya ilə bağlı heç kimin aydın və bütün tərəflərin qəbul edəcəyi bir plan yoxdur. Belə bir planın olması özü də əslində mübahisəli ola bilər. Çünki, heç bir halda heç bir tərəfi razı salmaq olmaz. Amma heç olmasa müəyyən güzəştlərin olması fonunda gələcəkdə nəyəsə nail olmaq olar. Amma indiki məqamda biz bunu görmürük”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR