"Xarici amillərin Azərbaycan və İran arasında hərbi əməkdaşlıq prosesini pozmasına icazə verməməliyik".
Publika.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün
İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənovla
görüşdə İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn
Dehqan bildirib.
H. Dehqan deyib ki, Azərbaycan və İran xalqlarını bir-birinə
bağlayan etnik, tarixi, mədəni və dini bağlar var və bu, dünyada
misilsizdir: "İki ölkə rəhbərlərinin keçirdiyi çoxlu sayda
görüşlər, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin günbəgün
inkişafı münasibətlərin yaxşı olduğunun göstəricisidir. Çox yaxşı
olar ki, bu əlaqələr hərbi və müdafiə sahəsində də artan temp üzrə
inkişaf etsin".
ABŞ və Səudiyyə Ərəbistanının siyasətini mənfi qiymətləndirən İran
müdafiə və Silahlı Qüvvələrə dəstək naziri qeyd edib ki, bu gün
təkcə bölgə deyil, həm də dünya İŞİD , "Nusra Cəbhəsi" kimi
problemlərlə üzləşib. H. Dehqan xüsusən Fələstin, Suriya, İraq və
Yəmən xalqlarının problemlərdən əziyyət çəkdiyini vurğulayıb:
"Mövcud şəraiti nəzərə alaraq, düşünürəm ki, bölgədə yeni böhran və
qeyri-sabitliyə yer yoxdur. Ümid edirəm ki, Azərbaycan və
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində
qətiyyətli olacaq, başqalarının münaqişəyə müdaxilə etməsinə və
böhranı dərinləşdirməsinə icazə verməyəcək".