Bu gündən İran Konstitusiyasına Nəzarət Şurası namizədlərlə bağlı araşdırmaya başlayacaq.
İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, 5 günlük
müddət ötən gün axşam başa çatıb.
Bu müddət ərzində 1636 nəfər prezidentliyə namizədlik üçün
qeydiyyatdan keçib ki, onlardan 137 nəfəri qadındır. Bu rəqəm
öncəki prezident seçkiləri ilə müqayisədə rekord göstəricidir.
Ötən gün prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı bir çox
diqqət çəkən məqamlar olub. Ötən günün son saatlarında prezident
Həsən Ruhaninin daha bir əsas rəqiblərindən sayılan Tehran
şəhərinin meri Məhəmməd Baqir Qalibaf namizəd kimi qeydiyyatdan
keçib. Məhəmməd Baqir Qalibaf, İbrahim Rəisi, Əlirza Zakani və
Həmidrza Hacibabayi İslam İnqilabı Qüvvələri Cəbhəsindən
namizədliklərini irəli sürüblər. Eyni cəbhədən namizədliyini irəli
sürən bu 4 namizəd razılaşıb ki, seçki gününə kimi seçkilərdə hər
hansı birinin qələbə qazanmaq şansı çox olarsa, digər namizədlər öz
namizədliyini onun lehinə geri götürəcək.
Ötən gün İran prezidentinin birinci müavini İshaq Cahangiri də
prezident seçkilərində iştirak üçün adını qeydiyyatdan keçirib. O
bildirib ki, prezident Həsən Ruhanini dəstəkləmək məqsədi ilə
namizədliyini irəli sürüb və bu yolda ona yardımçı olacaq.
Namizədliyini qeydiyyata alan ölkənin digər önəmli siyasi
simalarından mərhum Ayətullah Haşimi Rəfsəncaninin qardaşı Məhəmməd
Haşimini göstərmək olar ki, o da prezident Həsən Ruhanini
dəstəkləyənlər sırasındadır.
Ötən gün baş verən önəmli hadisələrdən biri də budur ki, Ali
Liderin Ali Milli TƏhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili
seçkilərdə iştirak etməkdən imtina edib.
Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası bu gündən
namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayır. Şura
aprel ayının 28-də səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını
elan edəcək. Adları təsdiq olunmuş namizədlər 20 gün müddətində
təbliğat kampaniyası apara biləcək. Prezident seçkiləri may 19-da
keçiriləcək.