Prezident Varvara SES-in yenidənqurmadan sonra istismara verilməsində iştirak edib

Prezident Varvara SES-in yenidənqurmadan sonra istismara verilməsində iştirak edib
16:59 16 Aprel 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Yevlax rayonuna səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına Varvara Su Elektrik Stansiyasında görülən yenidənqurma işləri barədə məlumat verib.

 

Diqqətə çatdırılıb ki, qoyuluş gücü 16,5 MVt olan Varvara Su Elektrik Stansiyası 1954-1957-ci illərdə inşa olunub. Ümumilikdə 3 hidroaqreqatdan ibarət olan bu stansiyanın 1-ci hidroaqreqatı 1956-cı ildə, digər iki hidroaqreqatı isə 1957-ci ildə istismara verilib. Həmin vaxtdan ötən 60 ildə stansiyanın avadanlıqları fiziki cəhətdən köhnəlib, gücü nəzərəçarpacaq dərəcədə aşağı düşüb. 1990-cı ildən sonra isə stansiya cəmi 2-3 MVt güclə işləyib. Buna görə də 2010-cu ildən başlayaraq Mingəçevir Su Elektrik stansiyaları silsiləsinin yenidən qurulması layihəsi çərçivəsində Varvara Su Elektrik Stansiyasında da yenidənqurma işləri həyata keçirilib və uğurla başa çatdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə stansiyanın gücü artaraq 18 MVt-a çatıb. Bundan başqa, 35 kilovoltluq qapalı paylayıcı qurğu və müvafiq ötürücü şəbəkə tam yenilənib. Varvara Su Elektrik Stansiyası Mingəçevir SES-in su sərfiyyatını tənzimləməklə yanaşı, ildə orta hesabla 100 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etməyə imkan verəcək.

 

Prezident İlham Əliyev Varvara Su Elektrik Stansiyasını işə salıb.

 

Qeyd edək ki, 2017-ci ildə Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasının başa çatdırılması da planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR