"Qarabağ" ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olub. Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri XXVI turda "İnter"i yenərək qızıl medallara sahib çıxıb.
Bu ağdamlıların 5-ci çempionluğu olub. "Qarabağ" ilk dəfə 1993-cü ildə qızıl medalları qazanıb. "Qarabağ" son 3 uğura 2013/14, 2014/15 və 2015/16 mövsümlərində imza atıb. Komandanın aktivində 3 gümüş, 4 bürünc medal var.
"Qarabağ" ən çox çempion olan komandalar siyahasında yalnız "Neftçi"dən geri qalır. "Ağ-qaralar" 8 dəfə çempionluq tituluna yiyələnib. "Şəmkir"lə "Kəpəz" 3, "İnter"lə "Bakı" 2, "Xəzər Lənkəran"la "Turan" 1 dəfə bu uğura nail olub.
Qurban Qurbanov baş məşqçi kimi 4-cü dəfə çempion olub. O, bütün uğurlarına "Qarabağ"la imza atıb. Komanda son 4 çempionluğunu onun rəhbərliyi altında qazanıb.
Qurbanov futbolçu kimi də 4 dəfə Azərbaycan çempionu olub. 45 yaşlı mütəxəssis 1993/94 mövsümündə "Turan", 1996/97, 2003/04 və 2004/05 mövsümünlərində "Neftçi" ilə qızıl medal qazanıb.
Fanat.Az