"“Qarabağ” hansısa komandaya kömək edəcək" - Rəşad Sadıqov

"“Qarabağ” hansısa komandaya kömək edəcək" - Rəşad Sadıqov
22:32 16 Aprel 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "İnter" üzərində qələbə qazanan və çempionluğu təmin edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqov oyundan sonra sualları cavablandırıb.
 
- "Qəbələ"nin bu gün məğlub olacağını gözləyirdiniz?

- Tam olaraq əmin deyildik, ancaq arzulayırdıq bunu. "İnter"lə aramızda prinsip də var idi. İlk 3 oyunda qalib gələ bilməmişdik. Matça çox ciddi hazırlaşmışdıq. Çox sevincliyik ki, həm belə qələbə qazandıq, həm də çempionluğu rəsmiləşdirdik.
 
- Daha çox qol vurmaq istəyi, "İnter"dən intiqam almaq həvəsindən irəli gəlirdi, yoxsa çempionluğu daha təmtəraqlı qeyd etmək marağından?

- "İnter" də öz komandamızdı. Yaxşı kollektivdi. Bilirik ki, nə çətinliklər yaşayıblar. Buna baxmayaraq, çempionatımıza rəng qatdılar. İntiqam almaq kimi bir niyyətimiz yox idi, sadəcə olaraq oyun elə alındı ki, əks hücumda tuturduq və çoxlu qol epizodu yaradırdıq.
 
- Bu, ardıcıl dördüncü çempionluqdu. Hansı daha şirindi?

- Hamısının öz yeri var. Bu, psixoloji baxımdan daha çətin oldu. Bu mövsüm çox çətinliklər yaşadıq. İtkilərimiz də çox oldu. Məncə, çempionatın qırılma nöqtəsi "Qəbələ"nin bizdən 6 xal öndə olarkən 4 oyunda 3 heç-heçə etmələri oldu. Ondan sonra komandamız ümidləndi. Heç fikirləşməzdik ki, sona 2 tur qalmış çempion olacağıq.
 
- Qarşıdakı iki turda istirahət etməyi düşünürsüz?

- Qarşıda bizi kubokun final oyunu gözləyir. O, olmasaydı, bəlkə də düşünərdim.
 
- "Qızıl dubl" etməyi hədəfləyirsiz?

- Nə rəhbərlik, nə də bir başqası qarşımıza mütləq çempion olmaq və ya kuboku qazanmaq tapşırığı qoymayıb. Məqsədimiz qələbə qazanmaq, inkişaf etmək, irəliyə doğru addımlamaqdı. Finaldı, qarşımızda da "Qəbələ" kimi komanda var. Əsas məqsədimiz çempion olmaqdı. Çünki Çempionlar Liqasına yol burdan açılır. Kuboku da qazansaq, lap yaxşı olar.
 
- Artıq Çempionlar Liqasının qrup mərhələsində düşmək haqda düşünürsünüzmü?

- Hələ yox. Çünki qarşıda kubokun final oyunu var. Bu matçı düşünürük.
 
- Amma çempionluğu təmin etdiniz. Bu, ÇL haqda düşünməyə əsas vermir?

- Hələ çox tezdi.
 
- "Kəpəz" bu gün "Qəbələ"ni yenməklə bir növ sizə də kömək etdi. Eyni zamanda onların da Avropa Liqasına yollanmaq şansı var. Siz necə, qarşıdakı iki oyunda rəqiblərinizi yenməklə onlara kömək edəcəksinizmi?

- 4-5 komandanın mübarizəsi davam edir. Düşünmürəm ki, "Qarabağ" hansısa komandaya kömək edəcək. Kubokun finalı olmasaydı, dincəlmək olardı. Amma həlledici matça görə, hazırlaşmağa məcburuq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR