Suriya kimin üçün məzar olacaq? Donald Trampın Əsəd
rejiminin İdlibə kimyəvi silah atmasına cavab olaraq “Suriyanı vur
əmri” verməsindən sonra başlayan müharibə ritorikası bu sualı
gündəmə gətirdi.
“Bəşər Əsəd “qırmızı xətti” keçdi” – Tramp aprelin 4-də İdlibə
atılan kimyəvi silahların qurbanları haqda danışarkən bildirdi. Və
həmin günün axşamı Amerika bombaları Əsəd rejimin nəzarətindəki
Şayrat hərbi hava bazasına yağış kimi yağdı. Miqyasca kiçik olan
hücum ətrafında yaradılan ajiotaj göstərir ki, məqsəd hər şeydən
öncə “güc nümayişi”dir.
Burada Əsəd lüləyə qoyulmuş güllə, Rusiya və İran hədəfdir. Amerika
Əsəd üzərindən Suriyada faktiki güc sahibinə çevrilən bu iki ölkəyə
qarşı hücuma keçir. Ardınca Uzaq Asiyada Şimali Koreya təhlükəsini
bütün dünyanın gözünə soxur və hərbi donanmanı Koreya yarımadasının
sahillərinə yerləşdirir. Müharibə bəyanatları havada dolanır,
ortada heç bir ciddi addım olmamasına rəğmən, döyüş atmosferi
yaradılır.
Trampın son addımlarının əsas mesajı budur: Amerika
dünyanın siyasi arenasına yenidən böyük güc olaraq
qayıdır.
Və hər şeyin Yaxın Şərqdən başlayacağı gözlənilən idi. Suriyanın
müharibə müstəvisində maraqlar mənzərəsi olduqca qarışıqdır:
Rusiya və İran Əsəd cəbhəsində Amerikanın regiona tam müdaxiləsinə
qarşı çıxır; Amerika Körfəz ölkələri ilə eyni cəbhədən əks tərəfə
hücum edir; Türkiyə Amerika cəbhəsinə yaxın görünsə də, hələki
gözləmə mövqeyinə üstünlük verir; Çin ABŞ-ın regionda
möhkəmlənməsinə qarşı çıxsa da, Rusiyanın da hakim mövqeyə malik
olmasını istəmir və daha çox oyunu izləməyə üstünlük verən
tamaşaçını xatırladır.
Bu mənzərədə Obama administrasiyasının müharibə meydanından qaçma
siyasəti tərəzinin Rusiya və İran gözünün ağırlaşmasına səbəb
olmuşdu. Faktiki olaraq, Rusiya Əsədin müdafiəçisi kimi Suriyada
hakim rolunda çıxış edir. Və Tramp Ağ Evə köçməsinin 66-cı günündə
Suriyanı bomblayaraq, Amerikanın müharibə meydanına qayıtdığını
elan edir. O Tramp ki, seçkiöncəsi kampaniyasında loyal siyasət
yürüdəcəyinə, Rusiya ilə münasibətləri inkişaf etdirəcəyinə, Suriya
böhranını danışıqlar yolu ilə həll edəcəyinə söz vermişdi. Ağ Evə
köçəndən sonra Trampın atdığı addımlar onun da digər siyasətçilər
kimi seçki vədləri üzərindən kampaniya apardığını açıq şəkildə
göstərirdi. Lakin ABŞ-ın Suriyaya qayıdışına - özü də bu
qayıdış tam haqlı olmalı idi, əks təqdirdə, Obama dönəmində
etibarsızlıq ittihamlarına tuş gələn, “güclü və həmişə ədalətin
tərəfində yer alan” Amerikanın müdaxiləçi obrazı yenidən
canlanacaqdı – ciddi və olduqca güclü əsas olmalı idi. Və
burada Corc Buşun İraqa müdaxiləsi yada düşür. Oğul Buş seçki
kampaniyasında “övladlarımız başqa torpaqlarda gedən müharibədə
ölməyəcək” vədini vermişdi, daha sonra 11 sentyabr hadisəsi Şərq
ekspadisiyası üçün göydəndüşmə oldu və Səddamın olmayan kütləvi
qırğın silahı amerikalıların bölgəyə girişini təmin etdi.
İraq ssenarisi?!: Əsədin İdlibə kimyəvi silah
atması 2003-cü ildə Səddam Hüseynin “kimyəvi silaha malik olması”
ssenarisi ilə nədənsə çox oxşardı. Məsələ burada Əsədin, yaxud
Rusiyanın dağıdıcı siyasətinin haqlı olması deyil. Biz heç Əsədin
kimyəvi silaha malik olmadığı fikrini də irəli sürmürük. Məsələ
Rusiyanın kimyəvi silaha əl ataraq, bütün dünyanı qarşısına alması
qədər ağılsız olmadığından gedir. Məlum idi ki, istənilən kimyəvi
silahın atılması diqqəti Əsəd və Rusiyanın, eləcə də İranın üzərinə
yönəldəcəkdi. Bunun İdlibdə baş isə dünyanın gözündə şübhə yeri
qoymadı.
Çünki, İdlibin Suriya rejiminin
hədəfində olduğu hələ Hələbin nəzarətə götürülməsi zamanı var idi.
Hələbdəki müxaliflər və mülki əhali təxliyyə olunandan sonra,
İdlibə axın etdi. Müxaliflərin əlində olan bu bölgə strateji
baxımdan çox önəmlidir.
Əsədə görə, İdlibi almaq Türkiyənin, dolayısı ilə
Amerikanın dəstəklədiyi müxalif qrupların son “qalası”nı ələ
keçirmək və ölkəyə nəzarəti gücləndirmək deməkdir. Bununla yanaşı,
İdlib Aralıq dənizinə açılan Lazkiyəyə yaxın bölgədir. Lazkiyəyə,
Hələbə və Hamaya nəzarət edən rejim İdlibi ələ keçirməklə Aralıq
dənizinin sahil xəttinə hakim olmaq istəyir. Rusiyanın əsas hədəfi
də Aralıq dənizinin Suriyadakı sahil xəttinə nəzarət etməkdir.
Bu baxımdan, Rusiyanın dəstəyi ilə Əsədin İdlibə hücum edəcəyi
gözlənilən idi. Hətta bir müddət öncə Rusiya mediası “İdlibdə
terrorçular gizlənir” informasiya axınının istehsalını
gücləndirərək, hücuma əsaslar da yaradırdı. Bütün bunların fonunda
İdlibdə nəiki kimyəvi silah, ən kiçik bomba belə partlayarsa, bütün
diqqət Əsədin və ona dəstək verənlərin üzərinə yönələcəkdi.
Bu baş verdi və hücumun kimin etməsindən asılı olmayaraq, Amerika
ciddi əsaslar qazandı. Rusiya və İranın Kimyəvi Silahların Qadağan
Edilməsi Təşkilatının İdlibdə araşdırmalar aparmasını tələb etməsi
də göstərir ki, Moskva və Tehran kimyəvi silahın rejim tərəfindən
istifadə edilmədiyindən əmindir. Güman ki, İdlibdə heç bir
araşdırma aparılmayacaq da. Çünki Amerikanın oyunu baş tutdu.
Amerikanın oyunu: Hər şeydən öncə
Şayrat hərbi hava bazasına 53 raketin atılmasından sonra, hücumun
ardının gəlməməsi, lakin müharibə atmosferinin qatılaşdırılması
diqqət çəkir. Bu onu deməyə əsas verir ki, indiki məqamda ABŞ-ın
hədəfi Suriyada aktiv müharibəyə qoşulmaq yox, kənardan bölgədəki
gücləri – İran və Rusiyanı çətin vəziyyətə salmaqdır. Amerika
olduqca sadə olan “Pis və Yaxşı” prinsip üzərindən hərəkət etdi.
Burada “Pis” Əsəd rejimi və onu dəstəkləyənlər, “Yaxşı” ona qarşı
çıxanlardır. Ya “Yaxşı”nın yanında olub dünyanın dəstəyini
qazanacaqsan, ya da bunun əksi olacaq.
Və ruslar tələyə düşdü. İndi Rusiya ya Suriyadan geri çəkilməli, ya
da “Pis”in yanında dayanaraq, dünyanı qarşısına almalıdır. Moskva
ikincini istəmir, Suriyadan isə əliboş qayıtmaq niyyətində deyil.
Halbuki, bütün bunlar baş verməmişdən öncə Amerika ilə razılığa
gələ və oyundan uduşlu çıxa bilərdi.
Rusiya üçün Suriyada müharibəyə qoşulmaq Aralıq dənizinə çıxışı
itirməmək, bölüşdürülən regiondan pay almaqla yanaşı, ABŞ-ı
imperativ inzibati sərhədləri hesab etdiyi post-sovet məkanından
uzaqlaşdırmaq məqsədinə də xidmət edirdi.
Amerikalılarla post-sovet məkanında yox, Yaxın Şərqdə
üz-üzə gəlir; bu, ona post-sovet məkanında daha rahat hərəkət etmək
imkanı qazandırır; Həmçinin, ABŞ-la bazarlıq masasında Yaxın Şərqi
verib, iddia etdiyi MDB məkanını ala bilərdi.
İndi Rusiyaya “Suriyadan çıx” deyirlər. Moskva “qarşılığında nə
qazanacam” deyə soruşanda cavab belə olur: “Səni “Pis” elan
olunmayacaqsan”. Yəni rusların burada qazanacağı sadəcə “yaxşı ad”
ola bilər. Bu, versiyanı gücləndirən məqamlardan biri G7 sammitində
gözlənilənlərin əksinə olaraq, Rusiyaya qarşı sanksiyaların tətbiq
olunmamısıdır. Böyük Britaniyanın xarici işlər naziri Boris Conson
sammitdə Moskvaya qarşı sərt sanksiyaların tətbiq etmək təklifi ilə
çıxış edəcəyini açıqlamşdı. Lakin sammitin yekun bəyannaməsində
Rusiyanın Suriyadakı böhranı nizamlamaq və İŞİD-ə qarşı mübarizədə
qalib gəlmək potensialı vurğulanır və “Biz Moskva ilə yenidən birgə
əməkdaşlıqda maraqlıyıq” deyə qeyd olunurdu. Görünür, Amerika
Rusiyaya qarşı sanksiyaların tətbiqini vacib hesab etmir, əksinə,
bununla ruslara birgə əməkdaşlıq mesajını verir. Bu, ABŞ-ın
Suriyada əsas hədəfinin heç də Rusiya olmadığını göstərir.
Çünki: Rusiya Yaxın Şərqdə qalıcı deyil; Moskvaya
istədiyini verərək, anlaşmaq mümkündür.
Topun lüləsindəki ölkə İrandır: Tramp hakimiyyətə
gələn kimi əsas hədəfinin Tehran olduğunu açıq şəkildə elan etdi.
Bu, ilk növbədə İsrail xəttindən irəli gələn amildir və təsadüfi
deyil ki, Trampın Ağ Evə gəlməsində yəhudi faktoru böyük rol
oynadı. Burada Suriyada alt-üst olan “Böyük Yaxın Şərq” planının
əsas elementlərindən birinin bölgədə İsrailin təhlükəsizliyini
təmin etmək olduğu yada düşür. Təl-Əviv Tehranı özünün ən böyük
düşməni hesab edir. Amerika Suriyanı bombalayanda İsrailin baş
naziri Benyamin Netanyahu “İran və Şimali Koreya da
bombalanmalıdır” açıqlamasını verdi. Bu, Trampa “İran mənim, Şimali
Koreya sənin” mesajı idi. Təxminən 20 gün öncə Şayrat bazasından
İsrail təyyarəsinin vurulması haqda məlumatların fonunda da bu
bazanın bombalanması təsadüfə bənzəmir.
Suriya Rusiya ilə müqayisədə İran üçün “ölüm-qalım” məsələsi hesab
oluna bilər. Təkcə 3 faktor bunu aydın şəkildə göstərir.
- Bu ölkə hər şeydən öncə Livandakı Hizbullahla əlaqənin
yaradılması üçün Tehrana lazımdır. İraq-Suriya xətti hələ 1979-cu
il İslam inqilabından başlayaraq, bu missiyanı yerinə yetirir.
- Suriyada Əsədin devrilməsi İranın bölgədə Səudiyyə Ərəbistanı ilə
illərdir apardığı nüfuz savaşında məğlubiyyətinə bir addım
yaxınlaşması deməkdir.
- Əsədin “vurulması” İranın ən böyük düşmən hesab etdiyi İsrail
qazının Suriya üzərindən Türkiyəyə, oradan da Avropaya çıxışının
təmin edilməsidir.
HAŞİYƏ: baş verən bütün oyunların arxasında enerji
mübarizəsinin olduğu da unudulmamalıdır. Söhbət həm də Qətərin
neft-qaz ehtiyatlarının Suriya üzərindən Türkiyəyə, oradan da
Avropa bazarına çıxarılmasından gedir. Məsələyə enerji
kontekstindən yaşanda mənzərə belə görünür:
Ankara: Əsədin israrla getməsini həm də buna görə
tələb edir. Türkiyənin İranla toqquşmasının səbəblərindən biri də
budur. Avropa qitəsinin enerji təminatında Türkiyə paylayıcı
funksiyanı oynamaq istəyir. Hazırda Azərbaycan qazının daşınması
layihəsinin başa çatmasına az qalıb. Rusiya qazının da Türkiyə
torpaqlarından keçidi məsələsi müzakirə olunur. Qətər qazı üçün də
marşrut olmaq istəyən Türkiyəyə Suriyada Əsədin yerinə razılaşa
biləcəyi hakimiyyətin – yeni hakimiyyət İrandan uzaq durmalıdır –
gəlməsi lazımdır.
Moskva: rusların Suriyaya girişi və Əsədə dəstək
siyasətinin arxasında dayanan əsas faktorlardan biri də Qətərin
karbohidrogen ehtiyatlarının Avropanın enerji bazarında ona rəqib
olacağıdır.
Vaşinqton: amerikalılar bölgədəki ən yaxın
müttəfiqlərindən olan Qətər enerjisini Avropaya çıxarmaqla həm də
rus qazının yolunu kəsməyi planlaşdırırdılar.
Tehran: İran enerji məsələsində Suriya vasitəsilə
Livana çəkmək istədiyi boru xəttini dərdindədir. Əsədin düşməsi həm
də Tehranın anbarlarda dolub-daşan enerji ehtiyatının çıxarmaq
istədiyi alternativ bazarların əlindən çıxması deməkdir. Bununla
yanaşı, İranın perspektiv planlarında Körfəzdəki neft-qaz
ehtiyatlarını İraq-Suriya-Aralıq dənizi xətti ilə Avropa bazarına
çıxarmaq istəkləri də var.
Suriya müharibəsinin enerji baxımdan digər amili da
diqqətdən qaçmır. 2013-cü ildə norveçli mütəxəssislər Aralıq
dənizinin şərq sahillərində böyük karbohidrogen ehtiyatlar
aşkarladı. İndi hər kəs bu ehtiyatlardan pay almaq arzusunu önə
sürür.
Amerika Suriyada istədiyinə nail olmaqla həm enerji, həm də
strateji maraqlarını həyata keçirmək, Rusiyanı post-sovet məkanına
qovmaq, onunla orada mübarizəni davam etdirmək və İranın Obama
dövründə təxirə salınmış “məhvi”ni yenidən sürətləndirmək
niyyətindədir. Vaşinqton yaxşı anlayır ki, Əsəd rejiminin ən böyük
dəstəkçisi İrandır. Ruslar ən çətin məqamda geri çəkilə bilərlər,
lakin İran “son mərmisinə” qədər döyüşəcək. Onun “sonuncu gülləni
öz başına sıxması” üçün təklənməsi, yəni Rusiyanın oyundan çıxması,
yaxud ən azından neytral qalması lazımdır. Baş verənlər oyunun
gedişatının belə olduğunu göstərir.
Və Suriyaya atılan bombaların tüstüsü çəkilməmiş Koreya
yardımadasında yaşanan hərbi gərginlik də əslində bütöv pazlın bir
hissəsidir.
Trampın manevri: Amerika prezidenti Çin lideri Si
Szinpinlə nahar edəndə Suriyanı bombaladı. Siyasi ekspertlər bunun
Şimali Koreyaya mesaj olduğu fikrini önə sürürlər. Lakin
proseslərin analizi əslində naharın bombalanma vaxtına salınması,
yaxud nahar vaxtı bombaların atılması məhz Çin lideri ilə
danışıqlara təsir etmək gedişi idi. Güman ki, Tramp Si Szinpindən
Suriya məsələsində Rusiyaya dəstəyi kəsməyi, neytral mövqedən çıxış
etməyi təklif edib. Burada yenidən G7 sammiti yada düşür.
İdlibdə faciənin yaşanmasından sonra Boris Conson G-7 sammitində
Rusiyaya qarşı sanksiya təklif ilə çıxış edəcəyini bildirdi. Lakin
sammitdə sanksiyalar haqda ümumiyyətlə danışılmadı, əvəzində
Rusiyaya əməkdaşlıq təklif edildi.
Çünki hər şey Trampın Çin lideri ilə görüşünün nəticələrindən asılı
idi.
- Görüşdən öncə Rusiyaya sanksiyalar məsələsi gündəmə
gəlir; Tramp Si Szinpindən dəstək, yaxud ən azından neytrallıq
istəyir, bu, Rusiyaya qarşı hücumda Çinin seyirçi mövqeyini təmin
etmək gedişi idi, Amerika iki gücə qarşı eyni vaxtda çıxmaq
istəmir; Si Szinpin müsbət cavab versəydi, Rusiyaya qarşı
sanksiyalar işə düşəcək, rusların Suriyadan çəkilməsi üçün hücumlar
sürətlətlənəcəkdi; Lakin Si Szinpin müsbət cavab vermir və dərhal
Rusiyaya qarşı sanksiyalar təxirə düşür; Amerika sanksiyaları
tətbiq etsəydi, bu, ruslarla danışıqlar yolunu tamamilə bağlamaq və
Pekinlə Moskvanın bir-birindən daha sıx yapışmasına səbəb olmaq
demək idi.
Çin lideri Si Szinpin Trampla görüşdən sonra “Suriya böhranı siyasi
yolla həl olunmalıdır” açıqlamasını verdi. Bu, əslində birbaşa
Amerikaya qarşı səslənmiş bəyanat idi. Həm də o demək idi ki, Tramp
Moskva-Pekin xəttində istəyinə nail olmadı və dərhal “B” planı işə
düşdü.
“B planı”: Amerika Suriyanı bombalayandan sonra
dərhal Şimali Koreyanın nüvə təhlükəsini əsas gətirərək, Koreya
yarımadasına ordu yeritdi. Ümumi mənzərədə görünən budur ki, ABŞ
yeni dünya müharibəsinin fitilini yandırmaq niyyətindədir və bunun
fonunda hər kəs Trampa “dəlisov amerikalı ağlını itirib” düşüncəsi
ilə yanaşır. Lakin Koreya yarımadasına göndərilən ordunun missiyası
fərqlidir:
1. Vaşinqton Koreya yardımadasına “desant”
çıxarmaqla Çinin diqqətini öz sərhədlərinə yönəldir. Pekin Suriyada
baş verənlərdən yayınaraq, sərhədlərində baş verə biləcək
təhlükələrin məngənəsinə düşür.
2. Çin bu məngənəyə salınarkən, Rusiya da Suriyada
sıxışdırılır.
Bu proseslər fonunda ötən həftənin şənbə günü Pentaqonun qəbul
etdiyi qərar ön plana çıxır: ABŞ Avropa Təhlükəsizlik Təşəbbüsü
(ERİ) proqramı çərçivəsində beşinci nəsil “F-35A Lightning II”
müasir döyüş təyyarələrini NATO-nun Şərqi Avropada, yəni Rusiya ilə
sərhədlərdə yerləşən aviabazalarına göndərir. Nə baş verir, daha
doğrusu baş verəcək?!
Proseslərin mümkün inkişafı:
a) Koreya yardımadasına hərbi gərginlik davam edəcək, lakin ABŞ-ın
Şimali Koreyaya hər-hansı hücum ehtimalı az görünür, bu, birbaşa
Cənubi Koreyanı hədəf altına qoymaq demək olardı. Yarımadada
gərginlik Çinin diqqətini bu bölgəyə yönəldəcək. Yəni, neytral
mövqedən çıxış etməkdən imtina edən Pekin buna məcbur edilir.
b) Rusiyanın Suriyadan çıxması üçün ona qarşı informasiya hücumu
davam edəcək və “Pis” elan olunacaq. Lakin istisna deyil ki, Şərqi
Avropaya döyüş təyyarələri göndərən Amerika Rusiya sərhədlərində
yeni cəbhə aça bilər. Bu, real müharibə cəbhəsi olmasa da, Koreya
yardımadasına yaradılan analoji vəziyyət ola bilər. Beləliklə,
rusların diqqəti öz sərhədlərinə cəlb edilə və onların Suriyadan
çıxarılması asanlaşa bilər.
c) Çini və Rusiyanı öz sərhədlərində məngənəyə sala bilərsə,
Amerika bununla Suriyada İranın tək qalmasını təmin edəcək və onu
asanlıqla boğacaq.
Trampın Koreya yardımadasına “desant” çıxarmaqla işə saldığı
“ehtiyat planı” budur. Və ümumi mənzərədə o da nəzərdən qaçmır ki,
ABŞ bütün bu gedişlərlə yenidən böyük güc olduğunu dünyaya təsdiq
etmək niyyətindədir.
Asif Nərimanlı