Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir.

Forumun açılış mərasimində çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət və marağında olan həssas bir regiondur. O qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dünyaya çatdırılmasında alimlərin böyük rolu ola bilər: "Biz Qafqazşünasların Birinci Beynəlxalq Forumunu keçirməklə perspektiv məsələlərə dair müzakirələr aparmağı lazım bilmişik. Müxtəlif ölkələrin qafqazşünas alimlərinin geniş forumu ümumi işə töhfə verəcək. Forumun zəngin proqramı var. Forumda böyük dövlətlərin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Qarabağ münaqişəsi, ermənilərin törətdikləri soyqırımıları barədə müzakirələr aparılacaq".

Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri, akademik Gennadi Matişov deyib ki, tarixdə baş verən heç bir soyqırımı unutmaq olmaz. O, forum çərçivəsində Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzi və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutu arasında elmi əməkdaşlığa dair memorandum imzalanacağını söyləyib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 nəfər alim, tədqiqatçı iştirak edir. Forumda Qafqaz ölkələrinin daxili ictimai-siyasi, iqtisadi şəraiti, geosiyasəti, xarici siyasəti, qarşılıqlı münasibətləri, böyük dövlətlərin Qafqaz siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, soyqırımlar, xüsusən Xocalı soyqırımı və başqa problemlərə həsr edilmiş 163 məruzə 20 bölmə iclasında müzakirə ediləcək.

//APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR