Azərbaycan futbolunda yeni rekord vuruldu

Azərbaycan futbolunda yeni rekord vuruldu
13:37 17 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan futbolunda yeni rekord qeydə alınıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Premyer Liqasında sona 2 tur qalmış çempionluğu təmin edən "Qarabağ"ın 5 futbolçusu indiyədək heç kimin bacarmadığına nail olub.
 
Söhbət çempionatımızın ən titullu legionerlərindən gedir. Ağdam təmsilçisinin birdən-birə 5 əcnəbisi 4-cü dəfə Premyer Liqanın qızıl medalına yiyələnib.
 
Bunlar İbrahim Şehiç, Riçard Almeyda, Ansi Aqolli və Muarem Muarem, həmçinin milliləşən rusiyalı Bədavi Hüseynovdu. Bu oyunçular ən çox Azərbaycan çempionu olan legioner kimi rekordu yeniləyib.
 
"Qarabağ"ın bu "beşliy"i 2013/14 mövsümündən başlayaraq hər il qızıl medal əldə edir. Cari mövsümün gedişində Ağdam klubundan ayrılan Reynaldonun 4-cü titulunu qazanmasına isə ölkəni tərk etməsi imkan verməyib.
 
Azərbaycan çempionatının ən titullu 5 legioneri bunadək də rekordun şəriklərindən idi. Amma 3 qızıl medalı olanların sayı daha çox - 11 idi ki, onlardan 6-nin çempionluq sayı artmayıb. Reynaldo da bu "6-lıq"da qalib. Onunla birlikdə Flavinyo, İqor Mitreski, Badri Kvaratsxeliya, Denis Silva, Bahodir Nasimov da 3 qızıla malikdi.
 
"Qarabağ"ın heyətində 4-cü çempionluğunu yaşayan Rəşad Sadıqov isə karyerasını davam etdirən oyunçular arasında mütləq rekordçudu. Ağdam təmsilçisində 4 (2013/14, 2014/15, 2015/16), "Neftçi"də 2 (2003/04, 2004/05) qızıl əldə edən kapitanın ümumilikdə 6 belə titulu var.
 
O, karyerasını davam etdirənlər arasında 1-cidisə, ölkə çempionatları tarixində 2-ci yerin şərikidi. Rəşad 6 dəfə Azərbaycan çempionluğunda pay sahibi olan digər 4 oyunçuya - Faiq Cabbarov, Hüseyn Məhəmmədov, Rauf Mehdiyev, Vidadi Rzayevə çatıb.
 
Qeyd edək ki, Azərbaycan futbol tarixinin çempionluq sayındakı mütləq rekordu Mahmud Qurbanova məxsusdu. O, 6 klubda 11 dəfə qızıl medal əldə edib. Qurbanov "Kəpəz" (1994/95, 1997/98, 1998/99), "Neftçi" (1996/97, 2003/04, 2004/05), "Şəmkir" (1999/2000, 2000/01), "Xəzər Lənkəran" (2006/07), "İnter" (2007/08) və "Bakı" (2008/09) ilə ölkənin ən yaxşısı olub. Hərçənd bəzi mənbələr başa çatmayan 2001/02 mövsümündə çempionluğa yaxın olan "Şəmkir"ə və Qurbanova əlavə medal da nəzərə alır. Lakin əslində yarış başa çatdırılmayıb və qiyamçı klublar alternativ, tanınmamış turnirdə mübarizə aparıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR