"Sahibkarlar yaxşı bilir ki, onlara siyasi dəstək verilir" - Prezident

"Sahibkarlar yaxşı bilir ki, onlara siyasi dəstək verilir" - Prezident
13:44 17 Aprel 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

“Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir. Sahibkarlar üçün Yevlax rayonundakı Aran Regional İnkişaf Mərkəzi də dövlət tərəfindən tikilib istifadəyə verilib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir”.

 

APA-nın məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində söyləyib.

 

Dövlət başçısı qeyd edib ki, sahibkarlarla müntəzəm olaraq ildə bir neçə dəfə görüşlər keçirir: “Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilib. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir”.

 

Azərbaycan prezidenti qeyd edib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib: “Bu kreditlər eyni zamanda sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir”.

 

Prezident eyni zamanda bildirib ki, keçən il qəbul edilmiş qərarlar, qanunlar, fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaradıb:  “Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq. Mən əvvəlki illərdə də bu barədə demişdim. Çünki bir neçə ölkədə təşviq sistemi özünü doğruldub və ixracın sürətli artımına gətirib çıxarıb. Biz dünyada mövcud olan ən qabaqcıl təcrübəni öyrənmişik və Azərbaycanda investisiyanın və ixracın təşviqi sistemlərini tətbiq etməyə başlamışıq. Hər iki mexanizm işə salınıb və artıq uğurla icra edilir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni bu, çox böyük stimul verən təşəbbüsdür. Sahibkar iqtisadi cəhətdən bundan həm əlavə qazanc əldə edir, eyni zamanda, hesab edirəm ki, bunun mənəvi cəhətdən də mənası var. Çünki sahibkarda inam artır, öz işini daha da böyük inamla qurur, ölkəmizə daha da böyük inamla sərmayə cəlb edir”, - deyə prezident qeyd edib.

 

İnvestisiya təşviqi mexanizminin işə salındığını, artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verildiyini vurğulayan dövlət başçısı əlavə edib ki, bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR