Ansi Aqolli: "Nəticəni öncədən bilirdik"

Ansi Aqolli: "Nəticəni öncədən bilirdik"
13:47 17 Aprel 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan Premyer Liqasının XXVI turunda "İnter"ə qalib gələrək (3:0) çempionluğu təmin edən "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin apasport.az-a müsahibəsini təqdim edir:

- Böyük hesablı qələbəni asanlıqla qazandığınızı söyləmək olarmı?

- Ola bilər, hesabın böyük olması sizin bu cür düşünməyinizə əsas versin. Amma kənardan göründüyü qədər də asan oyun olmadı. "İnter" çempionatın ən yaxşı və güclü komandalarından biridi. Heyətində keyfiyyətli futbolçular var. Maksimum nəticə qazanmaq üçün oyuna konsentrasiya olmuşduq. Nəticə bizim üçün vacib idi. Erkən qol vurmağımız işimizi bir qədər asanlaşdırdı.
 
- Cari mövsümdə bu matça qədər məğlub edə bilmədiyiniz yeganə komanda "İnter" idi. Onlarla oyunlarınız niyə bu qədər çətin alınırdı?

- Çox güclü rəqibdi. Təsadüfi deyil ki, onlar da mövsümü mükafatçılar sırasında bitirəcəklər.
 
- Oyundan əvvəl "Kəpəz"in "Qəbələ"ni məğlub etdiyini və qalib gələcəyiniz təqdirdə, çempionluğu rəsmiləşdirəcəyinizi bilirdinizmi?

- Əlbəttə, nəticəni öncədən bilirdik. Amma çalışırdıq ki, həmin nəticə oyunumuza təsir etməsin. "İnter"lə matça qələbə üçün çıxmışdıq. Buna görə də, həmin xəbəri bir kənara buraxıb, meydanda nə etməli olduğumuza diqqət ayırdıq.
 
- Nəticədə çempionluğu rəsmiləşdirdiniz. Hisslərinizi bilmək istərdik...

- Çox çətin mövsüm keçirdik. Heyətimizdə zədəli futbolçular çoxluq təşkil etdi. Özüm 2 oyunu zədə üzündən buraxmalı oldum. Təbii ki, bu qədər çətinliyə baxmayaraq, işimizin öhdəsindən gəldiyimizə görə sevincliyəm. Yaxşı kollektivimiz, keyfiyyətli oyunçularımız var. Bu da uğura aparan vacib məqamlardandı.
 
- "Qarabağ"la dördüncü dəfədi ki, çempionluq sevinci yaşayırsız. Bunlardan hansı sizin üçün daha doğmadı?

- Heç birinə kölgə sala bilmərəm. Amma sonuncu ən yaxşısı oldu. Çünki bu çempionluğumuz daha gözəl alındı.
 
- Zədəlilərin çoxluğunu qeyd etdiniz və çətin mövsüm keçirdiyinizi dediniz. Amma cəmi 2 komanda çempion olmaq uğrunda yarışırdı. Belədə çətinlikdən danışmaq nə dərəcədə doğrudu?

- Mən öz oyunumuz, komandamın durumu, düşərgəmizdə baş verənlər haqda danışıram. Başqa klubların çıxışına qarışmaq istəməzdim. "Qəbələ" ilə çox yaxşı yarış keçirdik. "İnter" də zaman-zaman öz gücünü, varlığını göstərdi.
 
- Yəqin ki, bundan sonra kubokun final qarşılaşmasını düşünərsiz...

- Bu haqda danışmaq çox tezdi. Çempionat başa çatmayıb. Qarşıda 2 tur var. Biz həmin oyunlarda əldə edəcəyimiz nəticələr haqda düşünməliyik. Sonra final haqda fikirləşməyə vaxtımız olacaq.
 
- Finalla bağlı şanslar necədi?

- Final bir oyundan ibarətdi. Necə olacaq, əvvəldən heç kim bilmir. Amma fakt odu ki, həlledici matçda Azərbaycanın iki ən güclü komandası qarşılaşacaq. Maraqlı oyun alınacaq, buna əminəm. Lakin şanslar haqda bir söz deyə bilmərəm.
 
- Mövsümün sonunda "Qarabağ"la anlaşmanız başa çatacaq. Danışıqlara başlamısızmı?

- Qarabağ" mənim evimdi. Burada çox insanları tanıyıram. Gələcəyimlə bağlı yaxın günlərdə qərar verəcəyik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR