At, eşşək, it əti mal əti adı ilə bizə necə sırınır?

At, eşşək, it əti mal əti adı ilə bizə necə sırınır?
18:33 17 Aprel 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

Görəsən, bu kolbasanın içərisində eşşək əti var? Restoranda yediyim lülənin içərisinə it əti ola bilər?

Bu günlərdə kolbasa almaq istəyən, ya da restoranda əlini ətə uzadanlar bir anda ağıllarına gələn bu fikirlərlə qərarlarından vaz keçir. Ya da ağlına gələn sualları bu işdə ən xəbərsiz olan ofisiant, satıcıdan dəqiqləşdirməyə çalışırlar.

Belə olan halda cavab da bəllidir. Amma o cavablara nə qədər inanmalıyıq? Bax əsas sual budur. Çünki bir-birinin ardınca kütləvi informasiya vasitələrində yayılan xəbərləri artıq ət və ət məhsullarına olan inamı kökündən sarsıdıb.

Restoranda yediyimiz, süfrəmizdəki, kolbasa, sosislərin tərkibindəki ətin hansı heyvana məxsus olması sual doğurur.

Publika.az-ın “Müfəttiş”idə bu məsələdə cavabdeh olanları və onların işini araşdıracaq.

Xatırlayaq...

Mart ayında bayram tətili günlərində Dövlət Statistika Komitəsinin məlumatı əsasında ölkədə eşşəklərin sayının 5 min ədəd azaldığı açıqlandı. Bu rəqəm sosial şəbəkədə o qədər müzakirə edildi ki, tətil bitər-bitməz hamı düşdü Kənd Təsərrüfatı Nazirlyinin üstünə. Nazirliyin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev dedi ki, sayın azalma səbəbi heyvanların ölümü və onların artımına fermerlərin maraqlı olmamasıdır. Nazirlik rəsmisi marağın az olmasını eşşəyin daşınma vasitəsindən başqa heç bir işə yaramaması ilə əsaslandırdı. 5 min itki xəbəri yayılanda isə ilk ağla gələn onların kəsilib istehlakçılara satılması idi. Ancaq Q.Əbdüləliyev bunu qəbul etmədi.

Sual: - İldən 5 min eşşək ölə bilərmi?

Cavab: - Ölə bilər.

Bu cavabdan sonra məcburuq Dövlət Statistika Komitəsinin saytına baxaq. Saytdakı rəqəmlər deyir ki, 2001-ci ildə respublikada 39 099 ədəd eşşək olub, sonrakı illərdə bu rəqəmlərdə artım müşahidə edilib. Hətta bəzi illərdə say 47 mini keçib. Lakin 2011-ci ildən başlayaraq eşşəklərin sayı azalıb. 2014-cü ildə respublikada eşşəklərin sayı 39992, 2015-ci ildə 35816 olub. Hətta bəzi bölgələr var ki, ümumiyyətlə, orada eşşək qalmayıb.

Deyəsən, 2011-ci ildən eşşəklər arasında intihar halları artıb. Çünki hər hansı kütləvi xəstəlik barədə məlumat yoxdur. Birdən-birə bu qədər ölümə başqa nə ad verək?

Onların kolbasa sexlərinə, restoranlara ayaq açması fikirləri də beynimizin bir kənarındadır. Bu günlərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçılarının paytaxtın Binəqədi rayonunda 2 nəfər kolbasa satan şəxsi - Nicat Babaşi və Vüqar Səlimovu saxlaması sualları artırdı. Mənşəyi məlum olmayan ətdən hazırlanan kolbasaların tərkibində at, it, eşşək, ölmüş xəstə mal-qara, hətta caynaqlı heyvanların ətlərinin olması istisna oluna bilər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun açıqlamasından belə məlum oldu ki, istehlakçı at, eşşək, hətta it əti də yeyə bilər, amma bunu hiss etməz: “Ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar. Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə hiss etməz. Çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki...”

Bu axırıncı iddia fikirləri lap qarışdırdı. Demək bu ətlər hər yerdə qarşımıza çıxa bilər, nə görünüş, nə də dadından fərqi hiss edə bilərik. Bəs nə edilməlidir ki, istehlakçıya gələnə qədər bu məhsullar zərərsizləşdirilsin?

Ət süfrəmizə necə gəlir?

Əvvəlcə, ətin süfrəmizə, kolbasa sexlərinə qədər hansı mərhələdən keçib gəldiyini və bu mərhələlərdə necə yoxlandığını öyrənək. Qeydiyyatda olan kəsim məntəqələrində baytar həkimlər ora daxil olan əti yoxlayır. Xüsusi reaktivlərlə kəsilmiş ətin hansı heyvana məxsus olduğunu aşkarlayırlar. Ət həqiqətən tələbə uyğundursa, üzərinə möhür vurulur, sertifikat verilir. Diri heyvana görə Forma 1, kəsilmişə görə Forma 2 sənədi verir. Həmin ət bazara, restorana gələndə qarşı tərəf bu sənədlərə əsasən, ətin keyfiyyətinə inanır. Əlbəttə, baytar həkim həqiqətən doğru yoxlayıbsa...

Lakin paytaxta leş və ya xəstə heyvanların qanunsuz yolla gətirilməsini də heç kim istisna edə bilməz. Düzdür, bu zaman da yol patrul xidməti həmin avtomobil saxlayaraq ətin yoxlanması üçün baytarlıq xidmətindən mütəxəsis dəvət etməlidir. Ən azından qanun bunu tələb edir. Amma etməsələr, leş ətlər rahatlıqla paytaxta daxil ola bilər.

Sonra isə həmin ətlər ucuz məhsul əldə etmək istəyən kolbasa sexləri, restoranlara yol tapacaq. Düzdür, aidiyyəti qurumlar heç bir xəbərdarlıq etmədən satışda olan istənilən kolbasanı götürüb, laborator müayinə apara bilər.

Bazarda it əti də satıla bilər...

Kənd Təsərrüfat Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Publika.az-a bildirib ki, istər bazarlarda, istərsə də rayonlardakı təsərrüfatlarda nəzarət lazımi qaydada həyata keçirilir: “Bu məsələdə əhalinin də üzərinə məsuliyyət düşür. Onlar ət alarkən baytarlıq sertifikatının olub-olmaması, sağlamlıq sənədlərini tələb etsinlər. Burada ictimai nəzarət, müxtəlif qurumlar tərəfindən görülən tədbirlərdən daha önəmlidir”.

Azərbaycanda, at, eşşək, hətta it ətinin satışına qadağaya gəldikdə, Q.Əbdüləliyev belə bir məhdudiyyətin olmadığını dedi: “Keyfiyyətsiz istənilən məhsul zərərlidir. Lakin dünya praktikasında mövcud olan qaydaları hansı əsasla qadağan edə bilərik? Azərbaycan dünyaya açıq ölkədir. Turizm inkişaf edir, dünyanın müxtəlif ölkələrindən Azərbaycana qonaqlar gəlir. Turistlər bizim istehlak etmədiyimiz hər hansı məhsuldan yemək istəyə bilər. Sağlamlığa zərəri olmayan və satışına qadağa qoyulmayan məhsulun istehlakçıya təqdim edilməsinin qarşısını ala bilmərik. Türkdilli xalqların yaşadığı Qazaxıstan və Qırğızıstan kimi ölkələrdə at əti yeyilir. Vətəndaş aldığı ətin sertifikatını tələb etməlidir. Əgər yoxdursa, Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməlidir. Bu zaman nazirliyin aidiyyəti qurumları fakt üzrə araşdırma aparıb, yekun rəy verə bilər. Vətəndaş aldığı ətin mənşəyi ilə maraqlanmırsa, neqativ hallara şərait yaratmış olur. Bu hallara qarşı mübarizədə vətəndaşların bizə kömək etməsini istəyirik”.

70 ton yararsız ət

Bu hallara qarşı mübarizə aparan qurumlardan biri Dövlət Baytarlıq Nəzarəti Xidmətidir. Qurumun mətbuat katibi Yolçu Xanvəli bu il ərzində aşkarlanan belə faktlar barədə araşdırma tam yekunlaşmadığından açıqlama verə bilməyəcəklərini dedi. Onun sözlərinə görə, ötən il ərzində 174 nəfər mənşəyi məlum olmayan əti satarkən aşkarlanıb: “Onlardan ümumilikdə dövriyyədən 70 tondan artıq mənşəyi və sağlamlığına dair məlumat olmayan ət, ət məhsulları aşkar edilib. Bunun 5.3 tonu at əti, qalanları iri və xırda buynuzlu heyvan əti olub. Faktların aşkarlanması hüquq mühafizə orqanlarının köməyi olub. Bu faktlar sərbəst, gizli fəaliyyət göstərən, özlərini iş adamı adlandıranların obyektində aşkarlanıb. Lakin kəsim məntəqələrində belə faktlar qeydə alınmayıb. Aşkarlanan mənşəyi məlum olmayan ətlər içərisində eşşək və it əti qeydə alınmayıb”.

Şikayətlər var, amma...

Qanunun tələbinə görü, çiy ətə görə Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX), ətdən hazırlanmış bişmiş məhsullar üçün isə Səhiyyə Nazirliyi məsuliyyət daşıyır.

Həmçinin istehlakçıların hüquqlarını qorumaq üçün İqtisadiyyat nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, üstəlik Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitələri də bu sahədə nəzarətedici qurumlardır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Publika.az-a açıqlamasında bir neçə il əvvəl elə komitə tərəfindən at ətindən hazırlanmış dönərin satılması faktının aşkarlandığını xatırlatdı: “Ondan sonrakı dövrlərdə də digər qurumlar bu istiqamətdə araşdırma apardılar. Lakin 2 il ərzində sahibkarlıq subyektlərinə araşdırmalara məhdududiyyətlər yalnız şikayət əsasında araşdırmaya icazə verilir. Həmin qərar qəbul ediləndən bu ilin fevralına qədər dönər ətinin bərk olmasının onun at əti olması ilə bağlı müraciətlər olub. Lakin araşdırmaya gəldikdə, ortaya fakt qoyulmurdu. Əvvəl araşdırma aparsaq da, təxminən son iki il ərzində yalnız şikayətlər əsasında araşdırma apardığımıza görə heç nə deyə bilmərik”.

Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov 2015-ci ilin noyabr ayından sahibkarlıq subyektlərinə yoxlamaların dayandırıldığını və bu problemlə bağlı yoxlama aparmaları üçün müraciətin olmadığını dedi.

Görünən odur ki, at, eşşək, hətta it ətinin süfrəmizə gəlib çatması üçün manelər olsa da, bunun tam qarşısı alına bilmir. Bu vaxta qədər müxtəlif qurumların nəzarətində olan qidaların təhlükəsizliyini təmin etmək üçün 2018-ci il yanvarın 1-dən ölkədə Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Bu ilin fevralından Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Komissiyasının yaradılması barədə prezident Fərman imzaladı.

Komissiyanın sədri Baş nazirinin müavini Əli Əhmədov, üzvləri isə iqtisadiyyat, maliyyə, səhiyyə, kənd təsərrüfatı nazirləri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Qida Təhlükəsizliyi Agentliyinin sədri müəyyən edilib.

Dolayısı ilə adıçəkilən qurumların fəaliyyətini yaxın zamanda fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Komissiyası həyata keçirəcək. Ümid edək ki, yaradılan qurum həqiqətən qidalarımızda təhlükəsizliyi təmin edəcək. Nəticə olaraq mal, qoyun, əti, yaxud da bu heyvanlardan hazırlanan ət məhsulları adı ilə at, eşşək, it əti yeməyəcəyik.

Gülxar Şərif


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/mufettish/195399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR