Azərbaycandan proqnoz - Türkiyə daha stabil ölkə olacaq

Azərbaycandan proqnoz - Türkiyə daha stabil ölkə olacaq
08:05 18 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə aprelin 16-da keçirilmiş referendumla parlamentli respublikadan prezident üsul-idarəli respublikaya çevriləcək. Təbii ki, bu keçid birdən-birə baş tutmayacaq, uzun müddət tələb edəcək. Lakin bütün hallarda aprelin 16-sı Türkiyə tarixində önəmli gün kimi qalacaq.

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov aprelin 16-da Türkiyədə keçirilmiş referendumun nəticələrini şərh edərkən deyib.

Ekspert yeni üsul-idarəyə keçəndən sonra Türkiyənin dövlət başçısının kim olacağı ilə də bağlı proqnoz verib: "Artıq xeyli müddətdir ki, Türkiyədə AKP iqtidarı öz siyasi proqramlarını, istəklərini həyata keçirir. İndi də ilkin nəticələrə görə, referendum zamanı AKP səslərin yarıdan çoxunu qazanıb. Bundan sonra Türkiyədə prezident artıq parlament tərəfindən təyin edilməyəcək, birbaşa xalq tərəfindən seçiləcək. AKP uzun müddət daxildə müxalifətlə mübarizədən, eləcə də "nurçu-gülənçi" qüvvələrin çevriliş cəhdinin qarşısının alınmasından sonra növbəti qələbəyə imza atıb. Rəcəb Tayyib Ərdoğan güclü liderdir. Ona görə də fikrimcə, gələcəkdə məhz onun prezident olmaq ehtimalı çoxdur".


Türkiyə konstitusiyasının hansı maddələri dəyişdi? - SİYAHI

E.Ələsgərov hesab edir ki, yeni sistem Türkiyədə daha dayanıqlı siyasi stabilliyə səbəb olacaq: "Referendum Türkiyə ətrafında ciddi proseslərin cərəyan etdiyi dövrdə baş tutub. Türkiyənin Avropa Birliyi ölkələri, xüsusən də Almaniya, Hollandiya ilə münasibətləri gərginləşib. Həmçinin, ABŞ-la da münasibətlər qaneedici səviyyədə deyil. Çünki Amerikanın Suriyada kürd silahlılarına dəstək verməsi Türkiyədə ciddi narazılığa və gərginliyə səbəb olub. Buna baxmayaraq, Türkiyədə Suriyadakı antiterror əməliyyatlarının iştirakçısıdır və orada terrorçularla ciddi mübarizə aparır. Türkiyə eyni zamanda Rusiya ilə münasibətlərin bərpası yönündə addımlar atıb. Dünyada baş verən proseslər çərçivəsində referendum Ərdoğanın liderlik etdiyi AKP-nin qalib gəlməsi Türkiyə üçün dünya birliyinə doğru bir addımdır. Çünki parlamentli respublika dövründə siyasi partiyalar arasında daima qarşıdurmalar olurdusa, prezident üsul-idarəsi dövlətə, xalqa daha stabil siyasi mühit bəxş edəcək. Düzdür, ola bilər ki, bundan sonrakı dövrdə müxalifət qüvvələrinin etiraz aksiyaları olsun, amma əksəriyyət iqtidarı və onların ideyalarını dəstəkləyir".

Qeyd edək ki, Türkiyədə ölkənin prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da keçirilmiş referendumun ilkin nəticələrinə görə, seçicilərin 51,33 faizi bu dəyişikliyi dəstəkləyib. Referendumun yekun nəticəsi isə 12 gündən sonra açıqlanacaq.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları  http://bakunetwork.com, Facebook,  Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/536072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR