Bakıda köhnə binaların yanından keçərkən DİQQƏTLİ OLUN!

Köhnə yaşayış binalarının üzərində olan su çənləri şəhərin görünüşünə xələl gətirməklə yanaşı, insanlar üçün də təhlükə yaradır. Zamanla həmin çənlər sıradan çıxır. İstifadə etmədiyi üçün vətəndaş binanın üzərində özünə aid su çəninin olduğunu belə unudur. Bir anda əsən güclü külək kiminsə həyatının sonuna çevrilir.

Bu gün paytaxtda köhnə binaların damında istifadəyə yararsız paslanmış dəmir, plastik çənlər çoxdur. Bu, hansısa bir fəlakətin yarana biləcəyinin xəbərçisidir.

Bununla bağlı paytaxtın bir neçə Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Onlar Metbuat.az-a bildirdilər ki, köhnə yaşayış binalarında hazırda su problemi olmadığı üçün insanların həmin su çənlərinə ehtiyacı yoxdur.

Metbuat.az-a açıqlama verən "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, Bakı şəhərində bu günə kimi 3 min 500-dən çox su çəni yığışdırılıb:

“Vətəndaşlar su çənlərini “JEK”in icazəsi ilə yerləşdirir. Ona görə, bu işi rayon icra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birlikləri və vətəndaşlar özləri həll etməlidirlər. Hazırda su çənlərinin quraşdırılıb, yığışdırması işlərinə “Azərsu” baxmır”.

Xəyalə Məmmədova / Metbuat.az

Fotolar: Orxan Line


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR