Türkiyəni yaxın gələcəkdə bunlar gözləyir...

Aprelin 16-da Türkiyədə keçirilən referendumun ölkənin gələcək taleyini həll etdi. Belə ki, sandıqdan çıxan 51% “Evet” Türkiyəni Parlamentli Respublikadan Prezidentli Respublikaya çevirdi.

Tarixi referendumun nəticələri qardaş ölkədə yaxın gələcəkdə nələrə səbəb olacaq?

Mövzu ilə bağlı Metbuat.az- a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlunun sözlərinə görə, referendiumun nəticələri ilk növbədə onu göstərdi ki, Türkiyə cəmiyyətinin özündə bu dəyişikliklərə münasibət birmənalı deyil:

“Təbii ki, bütün bunlar qarşıdakı müddət ərzində qardaş ölkənin siyasi həyatında ciddi proseslərin gedəcəyindən xəbər verir. Bildiyiniz kimi, konstitusiya cəmiyyətin əksər hissəsinin düşüncələrini, baxışını özündə əks etdirən ictimai aktdır. Bu mənada, 51%-lə qəbul edilən Konstitusiya barədə fikirlərin gələcəkdə Türkiyənin daxilində sabitliyi pozmaq istəyən qüvvələrin əlində manipulyasiya alətinə çevriləcəyini söyləmək mümkündür. Ehtimal etmək olar ki, bir müddət sonra yeni dəyişikliklər gündəmə gəlsin və daxili sabitliyin qorunmasi və milli bütünlüyün təmin edilməsi məqsədi ilə buna gedilsin. Təbii ki, burada həm də Türkiyənin iqtisadi və siyasi ağırlığında önəmli pay sahibləri olan iri şəhərlərin – İstanbul, Ankara, İzmir, Antalyada nəticələrin “xeyir” olması da qabardılası faktdır. Siyasi düşərgələrdə isə yaxın müddət ərzində MHP, CHP və elə AKP-nin özündə maraqlı yenilənmələrə və dəyişikliklərə, qopmalara şahidlik edə bilərik. Gələn il yeni parlament seçkiləri keçirilə bilər ki, nəticəsini indidən proqnozlşdırmaq çətindir. Bu hətta təkpartiyalı iqtidar dönəmini bitirə bilə. Eyni zamanda sağ mərkəzdə faktiki olaraq bölünmüş vəziyyətdə olan cümhuriyyətçi və atatürkçü cameəni sahiblənəcək yeni bir siyasi partiyanın yaranmasının şahidi ola bilərik”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR