Rusiyada hesab edirlər ki, ABŞ gələcəkdə ölkənin
şərq hissəsinə zərbələr endirə bilər.Türkiyənin Tunceli
vilayətində helikopter qəzaya çoxsaylı insan itkisi ilə
nəticələnib. Koreya yarımadası ətrafında gərginlik davam edir.Məşhur amerikalı politoloq Zbiqnev Bjeziniski Rusiyanın ilhaq
etdiyi Krımın bölünməsi təklifini irəli sürüb.Böyük
Britaniya növbədənkənar parlament seçkilərinə gedir.İŞİD
terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadinin tutulduğu barədə
xəbər yayılıb.
“Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatına (KTMT) baş katib təyin olunması Ermənistanın
maraqlarına cavab vermir. O, özünü “aprel müharibəsi”ndə də pis
göstərdi”. Bu barədə erməni politoloq Manvel
Sarkisyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri
Xaçaturovun KTMT-yə baş katib təyin olunmasını şərh edərkən
deyib.
Onun sözlərinə görə, Xaçaturov Rusiyanın xeyrinə, daha doğrusu,
Moskvanın təlimatına uyğun hərəkət edəcək: “Bunu onun
bəyanatlarından da görürük. Bu baxımdan, sözügedən təyinat
Ermənistan üçün müsbət deyil”.
Dünən Moskva restoranlarından birində Rusiya
Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illik yubileyi
keçirildi. Abramyanın ad gününə Ermənistan prezidenti
Serj Sarkisyan da gedib.
Sarkisyanla yanaşı, mərasimdə Kremlin mətbuat katibi Dmitri
Peskov, xarici işlər naziri Sergey Lavrov və Rusiya
Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinoviski də iştirak
edib.
Serj Sarkisyanın ad günü mərasimində iştirakı maraqlıdır. Belə
ki, A.Abramyanı 2016-ci ildə məhz Sarkisyanın özü ölkədən “yola
salmışdı”. 2015-ci ildə Abramyan yeni partiya təsis edərək,
parlament seçkilərində iştirak etmək niyyətini açıqladı. Lakin qeyd
etdi ki, son qərarını 2016-cı ilin mart ayında verəcək. “Aprel
müharibə”si isə hər şeyi qarışdırdı. Çünki Rusiya-Ermənistan
münasibətləri pozuldu, bu isə “Putin həmişə haqlıdır” şüarı ilə
daxil olmaq istədiyi erməni siyasətinin qapılarını Abramyanın üzünə
bağladı.
“Lragir” saytı yazır ki, Abramyanın Moskvadakı ad günündə
Peskov, Lavrov və Jirinoviskinin iştirakı Kremlin Sarkisyana qarşı
planının hələ də gündəmdə olduğu ehtimalını yaradır. Serj
Sarkisyanın isə Moskvadakı ad gününə məhz ona qarşı planları
öyrənmək üçün getdiyi deyilir.
Sarkisyanın bağ evində rus məmuru ilə MƏXFİ GÖRÜŞÜ: Kremlin Qarabağ OYUNU
ABŞ gələcəkdə Rusiyanın şərq hissəsinə zərbələr
endirə bilər. Bunu jurnalistlərə açıqlamasında Rusiya
Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski
söyləyib.
“Hazırda amerikalılar nə edirlər? Onlar hər kəsi yoxlayır və
başqa dövlətlərin bombardmanlara necə reaksiya verəcəklərini
öyrənirlər. Birinci zərbəni onlar müsəlman dünyasına endirdilər.
Ora onlar üçün bir nömrəli düşməndir. İkinci hədəf isə Uzaq
Şərqdir. Bu ərazi də onların konflikt yaratmaq planlarına daxildir.
Vaşinqton müxtəlif ölkələrdə konfliktlər yaradaraq, onları
zəiflədəcək. Bu, ABŞ-a öz müttəfiqlərini bir arada tutub, ən güclü
olması üçün lazımdır”, – deyə o bildirib.
Rusiyanın “Russian Helicopters” şirkəti həm hava,
həm də dəniz hərbi əməliyyatlarında istifadə olunan əfsanəvi
“Mi-14” model nüvə vertolyotlarının yenidən istehsalına
başlayır. Bu barədə “Russian Helicopters” şirkəti
açıqlama yayıb.
Açıqlamada deyilir ki, yaxın vaxtlarda “Mi-14” model nüvə
vertolyotlarının yenidən istehsalına başlanılacaq. Yeni “Mi-14”
döyüş vertolyotları 800 metr dərinlikdə üzən sualtı atom gəmilərini
belə görmək imkanına malik olacaq.
Qeyd edək ki, “Mi-14” döyüş vertolyotları düşmənin sualtı atom
gəmilərini “5F48” tipi nüvə bombası ilə vurmaq imkanına malikdir.
Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ildə “Mi-14”
vertolyotlarının yerinə “Ka-27” model helikopterlər istehsal
edilməyə başlayıb.
Məşhur amerikalı politoloq, keçmiş SSRİ üzrə
mütəxəssis, dövlət xadimi Zbiqnev Bjeziniski Rusiyanın ilhaq etdiyi
Krımın bölünməsi təklifini irəli sürüb. Bjeziniski
Krımı tamamilə nə Ukraynaya, nə də Rusiyaya verilməsinin tərəfdarı
deyil.
Onun fikrincə, yarımadanı orada yaşamış ukraynalı, rus və
tatarlar arasında bölmək lazımdır. Rusiya mediası Bjeziniskinin
təklifini süngü ilə qarşılayıb və dərhal cavab verib.
Bjeziniskinin Putini dəli edən Krım PLANI – Ruslar dərhal hərəkətə keçdi
ABŞ prezidenti Donald Tramp və onun türkiyəli
həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı telefon söhbətinin
detalları məlum olub. Türkiyə mediası xəbər verir ki,
Ərdoğanı referendumda qazanılan qələbəyə görə təbrik edən Tramp ABŞ
və Türkiyənin birlikdə görəcəyi əhəmiyyətli işlərin olduğunu
deyib.
ABŞ-ın Suriyada həyata keçirdiyi hava hücumlarına Türkiyənin
verdiyi dəstəyə görə təşəkkür edən Tramp rejimin hücumlarına daha
çox səssiz qala bilməyəcəklərini bildirb. “Suriya, İraq və PKK
mövzusunda əməkdaşlıq edəcəyik. Birlikdə görəcəyimiz əhəmiyyətli
işlər var”, - ABŞ prezidenti vurğulayıb.
Türkiyənin Tunceli vilayətində helikopter qəzaya
uğrayıb. “Sikorsky S-70 Blackhawk” tipli vertolyot
Diyarbəkrdən qalxıb. Onunla rabitə əlaqəsi yerli vaxtla saat
11:50-də kəsilib. Helikopterdəki 7 polis, bir hakim, bir əsgər və
ekipajın 3 üzvü olmaqla 12 nəfər həlak olub.
Tokio ilk dəfə özünümüdafiə güclərinin
genişləndirilməsi imkanına baxır. Yerli "İomiuri"
nəşrinin yazdığına görə, bu addım Şimali Koreya raketlərinin yapon
ərazi sularına düşəcəyi halda atılacaq. Nəşr yazır ki, Yaponiyanın
ərazi sularına xarici dövlətin raketinin düşməsi “xarici dövlətin
silahlı hücumları” anlamına gələcək.
“İndi təsəvvür etmək çətindir ki, Şimali Koreya hərtərəfli
silahlı hücumu həyata keçirmək niyyətindədir”, - nəşrin Yaponiya
hökumətindəki mənbəyi deyib.
Xatırladaq ki, martın əvvəlində Pxenyan Yaponiyada Amerika hərbi
bazalarına zərbələr üçün nəzərdə tutulmuş ballistik raketlərin
sınaqlarını keçirib. Üç mərmi Yaponiyanın xüsusi iqtisadi zonasına
düşüb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
bildirib ki, Kreml Şimali Koreyaya gözlənilməz addımlarla bağlı
xəbərdarlıq edib. "Biz bütün ölkələri hazırki
vəziyyətlə əlaqədar təmkinli olmağa çağırırıq. Rusiya Şimali Koreya
probleminin nizama salınması istiqamətində ölkələri heç bir yanlış
hərəkətə yol vermədən beynəlxalq səviyyədə həll olunmasına dəvət
edir", - o deyib.
Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin
müavini Kim İn Rön isə bəyan edib ki, ABŞ-n günahı üzündən nüvə
müharibəsi hər an başlaya bilər.
“ABŞ regionda nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli
vəziyyət yaradıb. Bu, dünyada sülh və sabitlik üçün ciddi təhlükə
yaradır. Koreya Xalq Demokratik Respublikası Amerikanın istənilən
hərbi planlarına cavab verməyə hazırdır. Biz həmçinin lazım
bildiyimiz zaman nüvə sınaqlarını davam etdirəcəyik”, - deyə Şimali
Koreya rəsmisi vurğulayıb.
“Calexit”i (ABŞ-ın Kaliforniya ştatından ayrılması -
red.) dəstəkləyən “Yes California!” hərəkətinin lideri Louis
Marinelli Rusiyaya köçməyə hazırlaşır. Bu haqda
“Business Insider” nəşri yazıb.
“Mən Rusiyada yeni xoşbəxtliyi tapdım. Rusiya sakinləri məni
daimi qəbul etməyə hazırdırsa, mən bu ölkədə öz yeni evimi qurmaq
istəyirəm”, - o, öz bəyanatında bildirib.
Hərəkatın lideri qeyd edib ki, yaxın gələcəkdə Kaliforniyaya
qayıtmağa hazırlaşmır. Marinelli həmçinin əlavə edib ki,
Kaliforniyanın ABŞ-dan ayrılması ideyasını hələ də dəstəkləyir.
ABŞ-ın bölünməsi prosesi Moskvadan idarə ediləcək: SSRİ üçün HESABLAŞMA
İranlı səlahiyyətlilər ölkənin dini lideri Əli
Xamneyinin gələcəyi ilə bağlı ABŞ prezidenti Donald Trampa məktub
göndərib. Bu haqda İranın keçmiş prezidenti Əbulhəsən
Benisədr müxalifətə yaxınlığı ilə tanınan “İranwire” saytına
açıqlamasında deyib.
“İran səlahiyyətliləri ABŞ prezidenti Donald Trampa “Xamneyi
xəstədir, ölümü yaxınlaşıb. ABŞ tərəfindən İrana təzyiq olmasa,
hazırkı hakimiyyət iqtidarda qala bilər. Beləliklə, İraqdakı
ayətullah Sistanini Xamneyinin yerinə gətirmək mümkün olacaq”
şəklində bir məktub göndərib”, - keçmiş prezident bildirib.
Yaponiya Baş naziri Sindzo Abe ilə görüşü zamanı ABŞ
vitse-prezidenti Maykl Pens sülhün güc yolu ilə əldə edildiyini
bildirib. O, ABŞ-ın da regionda sülh görmək
istədiyini bildirib.
İŞİD terror qruplaşmasının lideri Əbubəkr Əl-Bağdadi
tutulub. Bu haqda Birləşmiş Millətlər Təşkilatının
(BMT) İctimai İnformasiya Departamentinin müdiri Xeytam Əbu Səid
bildirib.
Qeyd edilir ki, Bağdadi Mosuldan qaçarkən saxlanılıb. Onun
Suriya-İraq sərhədində saxlanıldığı bildirilir.
Böyük Britaniya növbədənkənar parlament seçkilərinə
gedir. Britaniyanın baş naziri Tereza Mey seçkilərin
iyunun 8-də keçiriləcəyini açıqlayıb.
“Mən indi nazirlər kabinetinin iclasını keçirdim. Biz qərar
qəbul etdik ki, ölkədə yeni parlament seçkiləri iyunun 8-də
keçiriləcək. Ölkəyə güclü hökumət lazımdır”, - hökumət başçısı
Dauninq-strit iqamətgahında çıxışı zamanı bildirib.
Qeyd edək ki, Mey seçkilərin keçirilməsi haqqında qərarı
keçirilən son rəy sorğuları fonunda qəbul edib. Sorğulara görə,
hakim Mühafizəkarlar Partiyası reytinqini xeyli artırıb.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/195552.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)