"Bakıda gediş haqqının artırılmasından söhbət gedə bilməz" - MÜSAHİBƏ

"Bakıda gediş haqqının artırılmasından söhbət gedə bilməz" - MÜSAHİBƏ
12:24 19 Aprel 2017
122 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlinin "APA-Economics"ə müsahibəsi:

 

Vüsal müəllim, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayanda paytaxtın nəqliyyat sektorunda problemlər N qədər idi. Siz quruma rəhbərlik etməyə başladıqdan sonra ilk olaraq hansı problemi həll etməyə çalışdınız? Bundan başqa, bu günə ümumi problemlərin neçə faizi həllini tapıb?

 

- Bakı şəhəri kimi, nəqliyyat sektoru özü də canlı bir orqanizmdir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə paytaxtımızda çox böyük tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyinin yükünü öz üzərimə götürməzdən mən "BakuBus" MMC-nin direktorunun müavini idim. Adıçəkilən MMC-də əldə etdiyimiz təcrübədən gördük ki, həqiqətən də insanlarımızın layiq olduğu bir nəqliyyat sisteminin qurulmasına ehtiyac var. Bu təşəbbüslə Azərbaycan prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi yaradıldı. Mən etimad üçün ölkə başçısına minnətdaram. Əslində bu funksiyalar başqa qurumlarda var idi, amma bu qurumlar qoyulan hədəflərə nail olmadılar və bu səbəbdən də Bakı Nəqliyyat Agentliyi yaradıldı. Kənardan baxanda asan görünsə də, içəri daxil olduqda bu sahənin nə qədər ağır olduğu ortaya çıxır. Bu gün bəzi qurumlar var ki, bir hədəfə çatmaq üçün 5 il vaxt sərf edir, lakin biz bu gün bəzi problemlərin operativ həllinə nail olduq. Ümumilikdə Bakı Nəqliyyat Agentliyi olaraq biz Bakı şəhərinə fərqli rakursdan baxırıq. Bu cür məsələlərə kompleks şəkildə yanaşılmalıdır. Bu problemlərin həlli üçün hər kəs - aidiyyəti qurumlar, mətbuat, piyada, sürücü üzərinə düşən məsuliyyəti dərk etməlidir.

 

O ki qaldı sərnişindaşıma sahəsinə, bilirsiniz ki, əvvəl marşrut xətlərinin sahibkarları bilinmirdi. Biz isə artıq sahibkarları üzə çıxarırıq. Yəni sahibkar artıq bir səhv elədiyi zaman, problem yaratdığı vaxt onu dəvət edirik BNA-ya, onunla çox açıq şəkildə müzakirələr aparırıq.

 

 

 

Nailiyyətlərin ən böyüyünə gəldikdə, mən ilk olaraq sahibkarlar bazasını qeyd etmək istərdim. Biz sahibkarlara məxsus xətləri formalaşdırdıq. Düzdür, bu xətlərin sahibkarlara necə verilməsi, bölgünün necə aparılması hamıya məlumdur. Çünki xətlər verilərkən Bakının demoqrafik planlaşdırılması aparılmayıb, şəhərsalma qaydaları hesablanmayıb. Beləliklə, biz onların siyahısını tərtib etdik. Başqa bir nailiyyətə də toxunmaq istərdim. Belə ki, ictimai nəqliyyat sahəsində tam şəffaflıq yarandı. Xətlərin qeyri-qanuni paylanılması kimi problemlər, sahibkarlardan müəyyən qanuni yığımlar və buna bənzər başqa qanunsuz yığımlar aradan qaldırıldı. Şəffaflıqdan söz düşmüşkən, gördüyünüz kimi, binamızın hər tərəfi şəffaf şüşədən ibarətdir (gülür - red.). Bizim əsas məqsədimiz şəffaflıq konsepsiyası əsasında fəaliyyət göstərməkdir. Biz hətta sahibkarlarla görüşdüyümüz zaman videoçəkiliş aparırıq ki, onlar üçün hər hansı qaranlıq məqam qalmasın.

 

Bakı şəhərinin sərnişin nəqliyyat sisteminə gəlincə, Bakıda 57 daşıyıcının olması acınacaqlı haldır. Bu 57 daşıyıcının cəmi 17-si hüquqi şəxsdir. Onların arasında qarajı olan sahibkarların sayı bir əlin barmaqlarının sayı qədərdir. Qarajların öz tələbləri var və 2-3 sahibkardan başqa bu tələblərə riayət edən sahibkar tapa bilmirik. Bunlardan biri "BakuBus" MMC-dir ki, bu da dövlət şirkətidir, digər 2-3 şirkətin qarajı isə kiçikdir. BNA-ya olduqca ağır yük, miras qaldı. Burada həm sahibkar, həm də sərnişin faktoru var. Hər kəs bilməlidir ki, bizim hər hansı bir avtobusun vəziyyətindən məlumatlarımız var. Sadəcə biz bunları problemləri mərhələli şəkildə aradan qaldırmaq istəyirik. Bir daha deyirəm ki, ictimai nəqliyyat sektoru canlı bir orqanizm kimidir. Canlı orqanizmin bir orqanını kəssən, orada boşluq olacaq və problem daha da böyüyə bilər. Biz anlayırıq ki, sahibkarlar BNA yaradılanadək müəyyən məbləğdə kredit götürüb və bu kreditləri qaytarmaq məcburiyyətindədirlər. Onu da anlayırıq ki, onlar da 100-150 işçiyə maaş verir.
 

- Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. “Bakı-2015” I Avropa Oyunları ərəfəsində yeni marşrut xətləri yarandı, yeni avtobuslar gətirildi və s. Bəs İslamiadadan sonra marşrutların hərəkət istiqamətində və ya taksilərin fəaliyyəti ilə bağlı hansı dəyişiklik olacaq?

 

- Oyunlar ərəfəsində avtobus xətlərində müəyyən dəyişiklər olacaq. Bununla bağlı avtobuslar, dispetçerlər cəlb olunub, xüsusi yerlər ayrılıb. Oyunlarla əlaqədar habın yerini də ("Koroğlu" NMM - red.) müvəqqəti dəyişdik. Taksilərə gəldikdə, taksi şirkətləri ilə görüşmüşük və onlara müəyyən tapşırıqlar vermişik. Bundan başqa, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, “Azəravotyol” ASC, BNA, Dövlət Yola Polisi (DYP) və digər dövlət qurumları Nəqliyyat Koordinasiya Qrupu yaradılır. Hazırda hər şey hazırlıq mərhələsindədir. O ki qaldı nəqliyyat vasitələrinin yenilənməsinə, bunun İslam Həmrəyliyi Oyunlarına aidiyyatı yoxdur, bu, tərəfimizdən hazırlanan avtobusların utilizasiyası proqramına daxildir. Utilizasiya proqramına şəhər mərkəzində olan avtobusların mərhələli şəkildə yenilənməsi, xətdən çıxarılan avtobusların istismar müddətinə görə şəhərətrafı qəsəbələrə köçürülməsi aiddir. Çünki bu gün şəhərətrafı qəsəbələrdə avtobusların vəziyyəti olduqca acınacaqlıdır. Biz sahibkarlardan avtobusların yenilənməsini tələb edirik. Bununla yanaşı, daxili və xarici tərtibatların düzgün qurulması ilə bağlı da tapşırıqlar vermişik. Lakin bu proseslər mərhələli şəkildə baş verdiyi üçün vaxt aparır.

 

BNA yaxın 6 ay ərzində Bakı şəhərində müvafiq analizlər aparacaq və marşrut xətlərinin yenidən bölüşdürəcək. Çünki bir çox xətlər üst-üstə düşür. Məsələn, A nöqtəsindən C nöqtəsinə avtobus gedirsə, arada 1 kilometr fərq olan B nöqtəsinə artıq başqa marşrut gedir. Bu, nəinki tıxaclara, eyni zamanda sərnişinlərin də narahatlığına səbəb olur. Biz çalışırıq bunların hamısını optimizasiya edək. Bizim məqsədimiz paytaxtın nəqliyyat sferasını bugünkü real tələbə uyğun formalaşdırmaq, hablar təşkil etməkdir.

 

 

Bakı şəhərində sərnişin nəqliyyatı ilə məşğul olmaq istəyən sahibkarlara, avtobuslara, qarajlara, sürücülərə, taksilərə və taksi sürücülərinə dair tələblər artıq formalaşıb və işlər yekunlaşıb. Bu tələbləri biz müvafiq dövlət qurumlarına da göndərmişik. Ümid edirik ki, onlardan yaxın günlərdə cavab gələcək və bundan sonra biz bu tələbləri açıqlayacağıq. Mən bəzi tələbləri açıqlaya bilərəm. Məsələn, sahibkar qarajı olmadan avtobus, ictimai nəqliyyat vasitələrinin istismarı ilə məşğul ola bilməz, sahibkarın balansında avtobus olmalıdır. Bundan başqa, 1 avtobusa düşən sürücünün əmsalı müəyyənləşib. Bizim tələbimiz ondan ibarətdir ki, 1 avtobusa 2,3 - 2,7 sürücü düşsün. Başqa sözlə, bir avtobusu bir sürücü səhər saat 06:00-dan 00:00-a kimi idarə etməməlidir, sürücü "zombi" olmamalıdır. Bizim əsas problemimiz budur. Bununla yanaşı, avtobuslar "Bakıkart"a keçməlidirlər. Artıq Bakı şəhərində 450 avtobusda “Bakıkart”dan istifadə olunur. Bu sistemə keçid uzun müddət yubanırdı. Nəhayət, biz buna nail olduq. Ən sevindirici hal isə odur ki, biz bu sistemi metro ilə inteqrasiya etdik. Gələcəkdə isə bunu ümumilikdə çoxfunksiyalı karta çevirmək istəyirik. Məqsədlərdən biri odur ki, vətəndaşlarımız artıq bu kartdan muzeydə və digər ictimai yerlərdə istifadə edə bilsin. İstəmirəm ki, biz azərbaycanlı olaraq Avropaya gedən zaman deyək ki, "Avropa elədir, Avropa belədir". Avropanı Avropa edən insanlarıdır. Biz də eynilə öz vətənimizi, öz paytaxtımızı sevməli və o səviyyəyə qaldırmalıyıq. Dövlət işçiləri, məmurlar nə qədər səy göstərsələr də, vətəndaşlar onlara dəstək olmazsa, öz şüurunda doğma şəhərini sevməzsə, bizim əməyimiz boşa gedəcək. Əgər bu gün bir vətəndaşımız çörək almaq üçün yolun hərəkət hissəsində avtomobilini saxlayır və qəza-durma işığını yandırırsa... Sanki bu işıqlar yandırdınsa, vəssalam, gözəgörünməz olursan! Bu cür insanlar digər yol-hərəkət iştirakçılarına problem, maneə yaratdıqlarını anlamırlar. Bu insanlar 3 hərəkət zolağı olan yolun bir zolağını zəbt edir və iki hərəkət zolağı olan yola çevirir. Bu, özündən başqasını düşünməmək deməkdir. Buna DYP və ya BNA nə etsin? Məhz bu cür halların qarşısını almaq üçün cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır.

 

 

 

Mən "BakuBus" MMC-də "Bakıkart" layihəsi həyata keçirilən zaman koordinator idim. Bizə deyirdilər ki, bu layihə uğursuzdur, reallaşdırılması qeyri-mümkündür. Mənə "avtobusun ön qapısından minib, arxa qapısından düşmək, gəlin, hər yerə polis əməkdaşları cəlb edək" tipli suallar verirdilər. Mən bununla qətiyyən razılaşmadım və bildirdim ki, insanlarımıza bunu nəyin bahasına olursa-olsun aşılamamalıyıq. Gördüyünüz kimi, biz buna da nail olduq. Bu gün sərnişinlərin avtobusun ön qapısından minib, arxa qapısından düşdüyünü görmək mənim üçün bir şərəfdir. İnanın ki, buna çox gərgin əməyin, əziyyətin nəticəsində nail olduq. Biz bu işə "ASAN xidmət"in könüllülərini də cəlb etdik.

BNA tərəfindən böyük həcmdə işin görülməsi danılmaz faktdır. Buna baxmayaraq, hələ də Bakıda kobud şəkildə qanun pozuntusuna yol verən avtobus sürücülərini görmək mümkündür. Maraqlı bir fakt da var ki, mərkəzdən uzaqlaşdıqca, kobudluğun səviyyəsi artır.

- Sürücüyə arzuolunmaz sosial təbəqənin nümayəndəsi kimi baxdıqda, sürücü də biz istədiyimiz kimi olmur. Sürücü canlı bir orqanizmin çox vacib elementi, vəzifəsi isə vacib vəzifədir. Əgər biz idarə etdiyimiz avtomobildə yalnız özümüzə və qəza törətdiyimiz obyektə cavabdehiksə, avtobus sürücüsü yalnız özünə deyil, təxminən 60 ailənin həyatına cavabdehdir. Buna görə, sürücülərə qarşı insanlarımız bir az səbirli olmalıdırlar, bir insana nə qədər müsbət yanaşsan, qarşılıqlı addım da müsbət olar. Bunun formalaşması üçün BNA tərkibində Sürücü-Təlim Mərkəzi yaradıldı.

 

Hal-hazırda İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sürücülərə xüsusi təlimlər keçirilir, oyunlardan sonra isə bütün Bakıdakı daşıyıcıların sürücüləri ora cəlb olunacaq. Ora cəlb olunan sürücülər sürməyi öyrənmək məqsədilə deyil, sadəcə avtobusda davranış, avtobusu düzgün idarə etmə, tormozlama, sərnişinlərlə danışıqla bağlı nəzəriyyələr öyrədilir. Mən istəmirəm ki, sahibkar istədiyi sürücünü işə götürsün.

 

Sahibkara sürücü lazım


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR