"Dünya Kubokunda gimnastika ictimaiyyətimizin iştirakı çox vacibdir"

"Dünya Kubokunda gimnastika ictimaiyyətimizin iştirakı çox vacibdir"
16:57 19 Aprel 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Bakıdakı bədii gimnastika üzrə Dünya Kubokunda bizim gimnastika ictimaiyyətimizin iştirakı çox vacibdir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Onun sözlərinə görə, milli komandanın tərkibi ötən illə müqayisədə dəyişməyib: "Qrup komandasının tərkibinə Ayşən Bayramova, Elif Zeynəb Çelep, Aleksandra Platonova, Diana Doman və Siyana Vasileva daxildir. Fərdi proqrama Marina Durunda və Jalə Piriyeva daxil edilib. Təəssüf ki, Marina Durunda Fransada Qran-pri məşqləri zamanı zədələnib. O sağalmaq üzrədir, amma çıxış edib etməyəcəyi sual altındadır. Əgər Marina heç olmasa 70 faiz hazır olsa, o çıxış edəcək. Əgər olmasa, o zaman əlbəttə ki, sağlamlıq daha vacibdir. Onun üçün İslam Oyunlarında, dünya çempionatında və Avropa çempionatında iştirak etmək də çox vacibdir. Bu halda onu Zöhrə Ağamirova əvəz edəcək. O bu yaxınlarda İtaliyada beynəlxalq turnirdə yaxşı çıxış edərək dörddəbir finala çıxıb və halqa ilə hərəkətlərdə dördüncü yer tutub. Mən ondan çox razıyam".

O qeyd edib ki, Dünya Kubokunda ən güclü fərdi və qrup idmançıları iştirak edəcək: "Mən iştirakçılar arasında Gürcüstandan Salome Pajavanı görməkdən məmnunam. Biz onu Olimpiya Oyunlarından sonra görməmişik. Turnirə ən güclü Rusiya gimnastları, Ukrayna, Olimpiya oyunlarının iştirakçısı Kseniya Mustafayevanın olduğu Fransa gəlir. Prinsipcə, bədii gimnastikanın elitası burada olacaq. Qrup yarışlarında çox ciddi mübarizə olacaq. Burada Olimpiya oyunlarının mükafatçıları Rusiya, Bolqarıstan, İspaniya, Olimpiadanın finalçısı Ukrayna, dünya çempionları İtaliya iştirak edəcək".

Gözləntilər barədə danışan M.Vasileva qeyd edib ki, evdə çıxış etmək elə də asan deyil, çünki idmançılara ümidlər böyük olur: "Ən əsası yaxşı çıxış etməkdir, çünki nəticə hər zaman bizdən asılı olmur. Fikrimcə, biz bu il pis başlamamışıq. Bizim həm fərdi, həm də qrup çalışmalarında maraqlı proqramımız var. Səhvsiz çıxış etmək çox vacibdir".

O həmçinin azarkeşlərə və ölkənin idman ictimaiyyətinə müraciət edib: "Mən Azərbaycan bədii gimnastikasının və ümumiyyətlə idman azarkeşlərinə müraciət etmək istəyirəm. Bədii gimnastika bizdə 14 regionda inkişaf edib. Fikrimcə, hər bir valideyn, hər bir idmançı, hər bir gimnast bizim gimnastika ictimaiyyətinin hissəsidir. Əgər gənc gimnastlar milli komandaya düşmək istəyirlərsə, elit idmançılar olmaq istəyirsə, onlar dünyanın aparıcı gimnastlarının necə məşq etdiklərini və çıxış etdiklərini görməlidir. Mən əminəm ki, azarkeşlərimiz arasında digər idman növlərindən təkcə idmançılar yox, həm də məşqçilər və xadimlər var. Ümumiyyətlə, əhali bədii gimnastikanı sevməyə başlayıb, biz çox populyarıq, ona görə də zalı azarkeşlərlə dolu görmək istərdim".

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, İlk Avropa Oyunlarının gümüş, Avropa çempionatının bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR