Ucuz ətirin "şorbası"... - ORİJİNALDIR, ANCAQ DUBAY MALIDIR - FOTO

Ucuz ətirin "şorbası"... - ORİJİNALDIR, ANCAQ DUBAY MALIDIR - FOTO
19:57 19 Aprel 2017
336 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın istehlak bazarında saxta məhsulların geniş yayılması çoxdan məlum olan, hamının vərdiş etdiyi problemdir. Saxta məhsullar arasında ərzaq mallarından tutmuş müxtəlif məişət texnikasına, geyimlərə qədər hər şey tapılır. Ətirlər də o cümlədən. Və belə məlum olur ki, deyəsən Azərbaycanda ən çox yayılan saxta məhsul da elə ətirlərdir.

İndi Bakının metro stansiyalarının  giriş-çıxışından tutmuş "Vosmoy bazarı"ına, Sədərək Ticarət mərkəzinə və brend ətriyyat mağazalarına qədər hər yerdə saxta ətirlərə rast gəlmək olar. Qiymət isə həmin ətirlərin satıldığı yerlərdən asılı olaraq dəyişir.

3 manata da var, 300 manata da

Bu problemi araşdırmaq üçün paytaxtın parfümeriya satışı ilə məşğul olan bəzi topdansatış mağazalarına baş çəkdik. Həqiqətən də, burada 3 manata da, 300 manata da ətir tapmaq mümkündür.Nisbətən ucuz ətirlər dini mağazalarda qramla satılan və Dubaydan gətirilən ətirlərdir. "Şeyx" , "Egoist", "Dupond", "Locoste", "Eclat" və sair ətir yağlarının qramı 1-3 manata satılır. Tərkibində spirt olmadığından bunları daha çox dindarlar alır.  

Alıcılarla söhbət zamanı məlum olur ki, onların bir hissəsi Azərbaycanda mağazalardan ətir almır, onları qonşu ölkədən olan tanışlarına sifariş edir, xarici ölkələrə gedərkən gətirir və ya onlayn sifarişlə xaricdən alırlar. Buradan ətir alanların isə demək olar ki, hamısı aldığının orijinal məhsul olduğuna inanmır.

Söhbətləşdiyimiz paytaxt sakini Rəna Şirinovanın sözlərinə görə, əslində satış üçün nəzərdə tutulmayan testerlər ətirlərdən daha keyfiyyətli olur:"Əvvəl tanınmış ətir mağazalarından baha qiymətə ətirlər alırdım, demək olar ki, original olduğuna əmin idim. Lakin sonradan mənə İtaliyadan alınmış eyni markalı ətri hədiyyə etdilər. Onda başa düşdüm ki, indiyə qədər aldıqlarımın hamısı saxta imiş. O vaxtdan Bakıdan ətir almıram, alsam belə həmin ətrin testerlərini alıram. Bunlar əslində satış üçün nəzərdə tutulmayıb. Qoxusu da daha kəskin olur. Amma bizdə belə nümunələri də satırlar", - deyə alıcı qeyd edir.

"Orijinaldır, ancaq Dubayskidir..."

"28 May" metro stansiyasının yaxınlığında yerləşən topdansatış mağazalarının satıcıları isə satdıqları ətirlərin orijinal olduğunu iddia edirlər. Hətta təmiz fransız ətri adı ilə satdıqları bəzi ətirlərin üzərində Ukrayna, Birləşmiş Ərəb Əmirliklərinin adları qeyd olunub. Bəzi satıcılar isə "İdeal" mağazalarından aldıqları üçün oradan bir qədər baha qiymətə satışa çıxarırlar.

Satıcıdan bu yaxınlarda Türkiyədən  60 dollara aldığımız,  50 ml-lik çəhrayı "Lacoste" ətrininin qiymətini soruşduq. Məlum oldu ki, eyni ətrin qiyməti 70 manatdır. Məntiqlə Fransada istehsal olunan ətir Azərbaycanda Avropada satılan qiymətdən baha olmalı olsa da, bizdə eyni ətri istehsal olunduğu ölkədən xeyli ucuz qiymətə tapmaq olar. Digər tərfədən isə, xarici ölkələrdən alınan və ya sifariş olunan ətirlə buradan alınmış eyni ətir həm qoxusuna, həm də qalıcılıq qabiliyyətinə görə fərqlənir.

Lakin satıcı qiymət fərqini bu ətirlərin Dubaydan gətirilməsilə izah edir: "Biz satdığımız ətirləri Dubaydan gətiririk və bütün satdığımız ətirlərə də cavabdehik. "Blue", "Today", "Marry Me", "Versace", "Chanel","Trussardi", "Lacoste" ətirlərinin həm qadın, həm də kişi üçün olanları var.  Ətirlər tam orijinalların Dubay variantıdı. Üzərində holoqramı da var, iyi də uzun müddət qalır. Qiyməti ancaq buna görə Avropada satılandan ucuz ola bilər, amma keyfiyyəti ondan geri qalmır", - deyə satıcı Zahid deyir.

Azərbaycanda ətirlərin 85%-i saxtadır

Ekspertlər də ölkənin ətir bazarının standartlara uyğun gəlməyən ətirlərlə dolu olduğunu deyirlər.

Milli.Az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun virtualaz.org-a bildirdiyinə görə,  hər ay birliyə saxta ətirlərlə bağlı ən azı 3-4 şikayət daxil olur. Ekspert hesab edir ki, bu sahədə əhalinin biliyi çox azdır və fırıldaqçı biznesmenlərə aldanırlar:

"Azərbaycanın əmtəə bazarında olan ətirlərin 85%-i saxtadır, standartlara uyğun gəlməyən ətirlərdir. Əslində ətirlərin də ərzaq məhsulları kimi üzərində buraxılma tarixi, son yararlılı müddətinin yazılması vacibdir. Natural ətrin üzərində bu mütləq olmalıdır. Azərbaycanda bazarına gətirilmiş istənilən təzə ətirdən bir həftə sonra saxtası ortaya çıxır. Əsasən Çində hazırlanan bu cür ətirlər orijinalla  eyni cür qablaşdırılır. İstehlakçıların hüquqları pozulur. Ən tanınmış brend mağazada belə  saxta ətrə rast gəkmək olar. Bu bazar həddindən artıq çirklənib. Vəziyyət o hədddə çatıb ki, gedib istədiyin ətiri sifariş edirsən, hazırlayıb sənə verirlər".

Lakin təəssüflər olsun ki, ətirlər Nazirlər Kabinetinin qərarına görə qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Ən saxta ətir ən baha qiymətə də satıla bilər. E. Hüseynovun sözlərinə görə, bəzi sahibkarlar biznes üçün yaradılmış toxunulmazlıq şəraitindən susi-istifadə edirlər. Saxta malları original mal adı altında satır. əslində isə ətirlər də sertifikatlaşdırılmalıdır.

"Nazirlər Kabinetinin 343 saylı qərarına görə, ölkənin əmtəə bazarına daxil olan məhsullar öncə yoxlanılmalı, sonra buraxılmalıdır. Ölkəyə gətirilən ətirlərin 100%-i heç bir  sertifikatlaşmadan keçirilməyərək əhaliyə satılır. Ən çox saxta ətirlərin mənbəyi isə Çin, Hindistan, Malayziya, Pakistan, Tailanddır".

Saxta ətirlərin ən qorxulu tərəfi onların cibimizə vurduğu ziyan deyil, sağlamlığımıza yaratdığı ciddi təhlükədir. Saxta və keyfiyyətsiz ətirlərin hazırlanması zamanı metil spirtindən istifadə olunur. Ekspertlər deyirlər ki, bu ətirlərdən istifadə dəridə qızartı, şişkinlik və digər dəri xəstəlikləri, hətta dəri xərçəngi yarada bilər. Saxta məhsulların hazırlanması zamanı istifadə edilən yağlar da olduqca təhlükəlidir. Belə ki, bu yağlar ucuz sabun və ağardıcıların hazırlanması zamanı istifadə edilən yağlardır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR