Apokalipsis və FLAG DAY: ABŞ-ın sağ qalmaq üçün MƏXFİ PLANI

Apokalipsis və FLAG DAY: ABŞ-ın sağ qalmaq üçün MƏXFİ PLANI
22:03 19 Aprel 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Yaxın vaxtlarda məxfilikdən çıxardılmış ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sənədləri nüvə müharibəsi zamanı Donald Tramp administrasiyasının necə hərəkət edəcəyinə dair ssenariyə baxmağa imkan verir.

Publika.az xəbər verir ki, bu haqda “The Week” nəşrinin ümumi məsələlər üzrə redaktoru Mark Ambinder “Foreign Policy” nəşrində yazıb.

Onun sözlərinə görə, Tramp keçmiş prezident Cimmi Karterin qarşılaşdığı çox ciddi xarici siyasət problemlərindən biri ilə üz-üzədir. Bu problem yenidən aktual olub. Söhbət nüvə müharibəsi baş verəcəyi halda, Amerika hökumətinin necə sağ qalacağından gedir. Karterin qərarı əvvəlki kimi məxfiləşdirilib, amma yaxın vaxtlarda məxfilikdən çıxardılmış MKİ-nin sənədləri, həmçinin prezident kitabxanasının arxivləri qarşısıalınmaz apokalipsisə Ağ Evin hazırlığına baxmağa imkan verir.

Müəllif qeyd edir ki, bu gün belə bir apokalipsisi Şimali Koreya və Pakistan da daxil olmaqla nüvə silahına malik istənilən dövlət yarada bilər. Karter dövründə Sovet İttifaqı bu planda böyük narahatlıq yaradırdı.

Karteri daha konkret məsələlər maraqlandırırdı. Əgər prezident nüvə müharibəsində sağ qalacaqsa, ondan sonra nə edəcək? O, prezidentin üç əsas vəzifəsini - icra başçısı, dövlət başçısı və silahlı qüvvələrin baş komandanı vəzifələrini necə yerinə yetirəcək? Karter bu suallara prezidentliyin son aylarında qəbul etdiyi 58 saylı təlimatla cavab verdi. Ronald Reyqan 1983-cü ildə şəxsi prezident təlimatını hazırlayaraq bu planlara düzəlişlər etdi. Orada dövlət planlarının ardıcıllığı haqqında danışılır və bu planlar Tramp administrasiyası üçün də qüvvədə qalır. Onların reallaşdırılması üçün çoxmilyardlı proqramların tam seriyası hazırlanıb.

Mark Ambinder yazısında hökumətin milli təhlükəsizlik sahəsində planlarından danışıb: Tramp administrasiyası və onun varisləri apokalipsis ssenarisində hansı addımlar atacaqlar? Təbii, söhbət yalnız müəllifə məlum olan planlardan gedir.

Cimmi Karter hakimiyyətə gələndə Sovet İttifaqı raket-nüvə müharibəsinə aktiv hazırlıq görürdü. SSRİ-də mülki müdafiənin bahalı proqramı, yüzlər, hətta minlərlə yeraltı bunker, həmçinin dövlət proqramlarının tam kompleksi var idi.

Və ABŞ-da Ray Derbi var idi. Ayova ştatında 1935-ci ildə doğulmuş Derbi fövqəladə vəziyyətlər və onların nəticələrinin aradan qaldırılmasına hazırlıq məsələləri üzrə Müdafiə Nazirliyinin aparıcı ekspertlərindən biri oldu. O, Avropada NATO ölkələrinin mülki əhalisinin kütləvi təxliyyəsi üzrə məşqlər keçirir, təlimatçıları öyrədir, təşkilatlar və idarələrin nüvə silahının tətbiqi ilə hücumlara qarşı durmaq qabiliyyətini qiymətləndirirdilər. Derbi ABŞ-da nüvə, bioloji və kimyəvi faciələr üzrə mülki müdafiənin çoxsaylı hökumət işçi qruplarına başçılıq edirdi. O, həmçinin nüvə, bioloji və kimyəvi faciələr baş verməsi halında Amerika nüvə bazalarından istifadənin standart planını hazırlamışdı.

1977-ci ildə mümkün nüvə müharibəsi ilə əlaqədar federal iş planı mövcud idi. D planı hər federal idarədən yaxşı qorunmuş yeraltı sığınacaq tikməyi tələb edirdi. Fövqəladə vəziyyətdə hökumət belə bunkerlərdən ölkəyə rəhbərlik etməli idi. İdarələrin əksəriyyəti bu vəzifəyə çox ciddi yanaşmadılar.

Səfərbərlik hazırlığı üzrə Federal Agentliyi Derbiyə D planının reallaşdırılmasının gedişatını təhlil etməyə tapşırdı. Derbi ilk növbədə qeyd etdi ki, idarələr öz planları çərçivəsində son dərəcə nadir hallarda məşqləri keçirirlər. Dövlət idarələrində əməkdaşların çoxu fövqəladə vəziyyətdə təxliyyə komandasının tərkibinə daxil olub-olmadığını bilmirdilər.

Karib böhranından (1962) sonra ölkədə federal hökumət üçün altı köçürmə mərkəzi tikilmişdi. ABŞ silahlanmaya böyük miqdarda pul xərcləsə də, müdafiəyə və nüvə hücumundan sonra əhalinin sağ qalması üçün pul xərcləmirdi. 1970-ci illərdə dövlət idarələrinin çoxu nüvə faciəsindən sonra hərəkətlərin planlaşdırılmasından imtina etdi. Derbi hesab etdi ki, problem daha genişdir və yalnız maliyyələşmə ilə bağlı deyil. Sorğuların gedişatında isə Amerika cəmiyyəti bildirdi ki, ölkəyə mülki müdafiə proqramı lazımdır.

Fövqəladə vəziyyətdə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin 60 nümayəndəsi əsas köçürmə mərkəzlərinə köçürülməli idi. Virciniya ştatında Maunt-Uezer dağının zirvəsində hökumətin xüsusi obyekti var. Nüvə müharibəsi halında icra hakimiyyətinin ali rəhbərliyi ölkəni buradan idarə etməli idi. Vaşinqtonun ətrafında kolleclərdə gizlədilmiş sığınacaqlar yaradılmışdı.

Amma mülki müdafiə üzrə işlər olduqca az idi. Cimmi Karterin prezidentliyi zamanı mülki müdafiəyə ildə 100 milyon dollardan az xərclənirdi, halbuki o vaxt nüvə silahının müasirləşdirilməsinə hər il 30 milyard dollardan çox gedirdi. Karter 1978-ci ilin sentyabrında elan etdi ki, mülki müdafiə strateji üstünlüyün saxlanılması üzrə milli sistemin bir hissəsidir. Sonradan bu məsələ onun “Məxfi” qrifonlu prezident təlimatında da əksini tapdı.

1950-ci illərdə atom bombasına qarşı tikilən sığınacaqlar köhnəlmiş, təmir və ya əvəzetməyə ehtiyac duyurdu. Aparılmış tədqiqatlar prinsipial olaraq yeni siyasətin hazırlanması üçün əsas oldu.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) etirazlarının əksinə, Karter mülki müdafiə üzrə dövlət proqramları və hakimiyyətin sağ qalması proqramlarının bir idarəyə həvalə edilməsini qarşısına hədəf qoydu. Nüvə müharibəsi zamanı dövlət ölkənin 80 faiz əhalisini xilas etməyə məcbur idi. Bunun üçün isə ildə 250 milyon dollardan az olmayaraq pul ayrılmalı idi. 19 iyun 1979-cu ildə Fövqəladə vəziyyətlərdə ölkəni idarə etmə üzrə Federal Agentliyin (FEMA) yaradılması haqqında sərəncam imzalandı. MKİ-nin məxfi xidmətinin qeydində deyilirdi ki, nüvə müharibəsi zamanı prezidentin hərəkət qaydası indi milli təhlükəsizlik strategiyasının tərkib hissəsidir.

FEMA müharibə halında dövlət hakimiyyəti orqanlarının saxlanılması proqramına rəhbərlik etməli idi. Agentliyin qarşısında daha bir məsələ var idi: Maunt-Uezeri xüsusi mühafizə altına götürmək. Obyektin məxfiliyi yüksəldilmişdi. Agentlik nüvə müharibəsindən sonra dövlət və hakimiyyətin bərpası üçün lazım olan resursların ehtiyatını yaratmalı, rəsmi siyahıda olan rəhbərlərin sağ qalmasını təmin etməli idi.

Eyni zamanda, Ağ Ev diqqətləri ən çətin problemin həllinə ayırdı: prezidentin varisləri üçün mexanizmin yaradılması. Karterin prezident müddətinin əvvəlində Ağ Evin Hərbi ofisinin direktoru Hyu Karter Ağ Evin iş planını təhlil etmək üçün kiçik işçi qrupunu çağırıb. Sözügedən planda mühafizə xidməti tərəfindən prezidentin təxliyyəsi zamanı atılacaq addımlar və prezidentin həlak olması vəziyyətində varislərin təyinatının ardıcıllığı izah edilir. Bu planın əsas eskizləri PEAD (fövqəladə vəziyyət halında hərəkətlər haqqında sənədlər) sənədlərin seriyasında ifadə edilib. Bu sənədlərə sonradan prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Sbiqnev Bjezinski və hərbi köməkçisi polkovnik Bill Odom əlavələr etmişdi.

Ağ Ev güvənə bilmirdi ki, qəfildən nüvə hücumu olacağı halda prezident və ya onun varisi təyyarədə uçacaq və onun göyərtəsindən ölkəyə rəhbərlik edəcək. Başqa bir problem də var idi. Prezidentin “nüvə çamadanı” yalnız Karterdə və vitse-prezident Uolter Mondeyl həlak olacağı və ya ağır yaralanacağı halda, ölkənin nüvə idarəolunma sistemi tamamilə dayana bilərdi. Ağ Evin hərbi ofisi problemin həllini təklif etdi. Təklif ondan ibarət idi ki, təyin edilmiş insanlar kod sözləri deməlidir. Beləliklə, əgər mümkün varislərdən olan Nümayəndələr Palatasının spikeri Tomas Oneil sağ qalsaydı, onun dövlətə nəzarət etməsi və nüvə arsenalına rəhbərlik üzrə səlahiyyətlərin təhvil alınması üçün Pentaqonun operativ komanda mərkəzindəki növbətçi zabitə iki kod sözünu deməsi kifayət edirdi: FLAG DAY. Prezident postu üçün başqa kod sözləri var idi: FOUR FINGER. Dövlət katibi Sayrus Vens FADE AWAY kodunu deyərək öz şəxsiyyətini təsdiq etməli idi.

Bu dövrdə hər birində 50 nəfər olmaqla beş “idarələrarası qrup”un yaradılması təklif edildi. Qruplar fövqəladə vəziyyətdə qabaqcadan öz yerlərini tutmalı və prezidentin varislərinə dəstək göstərməli idilər. Pentaqon bu qrupları TREETOP kod sözü ilə adlandırırdı.

Odomun komandası bu qruplara təqdim edilən tələblərin siyahısını hazırladı. Birincisi, prezidentin varisinin kim olması müəyyən edilməli idi. İkincisi, hər komanda prezidentin varisinə üç əsas - baş komandan, dövlət başçısı və icra hakimiyyətinin rəhbəri kimi vəzifələrinin icrasında kömək etməli idi. Nüvə müharibəsi olacağı halda, 50 nəfərdən ibarət komanda kənardan kömək olmadan ən azı yarım il icra hakimiyyəti orqanı kimi sərbəst işləməli olacaqdı.

Karterin Ağ Evi bütovlükdə PEAD seriyasından 29 sənəd dərc edib. 2 saylı sənəd Konqresin bərpasına həsr edilib. 5 saylı sənəd “Ölkə resurslarının səfərbərliyi” adını daşıyır, 6 saylı sənəd isə fövqəladə vəziyyətdə vətəndaş ehtiyatının toplanmasına həsr edilib.

Karter 1980-ci ilin sonlarında nüvə müharibəsi nəticəsində yarana biləcək fövqəladə vəziyyətə hazırlıq üzrə hərəkətlərə dəyişiklikləri daxil etdi. MKİ Virciniya ştatında fövqəladə vəziyyətdə kəşfiyyat təminatının Milli İdarəsi özünün şəxsi məxfi agentliyini yaratdı.

Həmçinin məlumdur ki, Ronald Reyqan bu sistemin tələblərə cavab vermədiyini hesab edirdi. 1982-ci ildə “Lvy League” komanda-ştab təlimlərindən sonra Reyqan əmin oldu ki, nüvə müharibəsi halında prezident sağ qalmaya bilər. O, ölkənin müdafiəsində ciddi çatışmazlıqları aşkarladı. Onun əsas köməkçilərindən olan Tomas Rid Milli Təhlükəsizlik Şurasına müvəqqəti olaraq göndərilmiş dəniz piyada qoşunun zabiti Oliver Nortla birlikdə Reyqanı Karter sisteminə bəzi dəyişiklikləri daxil etməyə, amma ondan imtina etməməyə inandırdı.

Bundan 35 il keçdi. Rusiya Krımı tutdu. NATO-da maliyyə çatmır. Hərbi blok Rusiyanın Baltikyanı ölkələrinə müdaxiləsi halında müharibə həddində olacağından ehtiyat edir. Birləşmiş Ştatlar həmçinin Şimali Koreyanın nüvə döyüş başlıqları üçün ABŞ-ın bəzi ərazilərinə çatacaq qitələrarası ballistik raketləri yaradacağından narahatdır. Prezident Donald Tramp uşaqların zarin qazından ölməsini televizorda görərək Rusiya tərəfindən dəstəklənən suveren dövlətə qarşı hərbi gücü tətbiq etdi. O, ABŞ-ın nüvə arsenalının gücləndirilməsindən danışır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR