Sosial şəbəkə gədələri

Deyirlər, internet əsridir. Fil qulağında yatmamışıq, xəbərimiz var.

Əsrin xəstəsinə də çevrilməmişik, şükür olsun! Ucsuz-bucaqsız tor içində qıvrılıb çabalamaq təbiətimizə yad bir xüsusiyyətdir.

Xəyal qurmaq gözəldir. Amma hər şey öz əndazəsində cazibədar. Dahi Nizamidən çox bilmirik hər halda. Düha artıq içilən suyun belə cana ziyan gətirdiyini deyibsə, cəmiyyətə bir damla belə faydası olmayanların kəlama şübhəylə yanaşmağa ən azından haqqı yoxdur.

Anını xəyallar aləmində öldürən, özünü klavyatura arxası şir hesab edən dovşanlar virtual aləmə hədsiz köklənmənizdən bixəbərsinizmi əcəba?!

Şəbəkə sizə fayda dolu çeşidli təkliflərlə qol açarkən, onun qollarını öz ikrah doğuran söz və əməlinizlə şilküt etməməyə çalışın, hörmətlicənablar və yaxud xanımlar.

Ən azından cəhd edin.

"Nekst steyşn Mark durağı Facebook."

Salam xanım.

Salam xanım..., salam xanım..., salam xanım...

Şəkildəki özünüzsüz?

Sizinlə tanış olmaq olar?

Gözəl niyə cavab yazmırsan?

Hər şey bir kənara. Sizdən sənə keçidlə adiləşmə əndazəsindən çıxıb pik nöqtəyə qaçır. Ayağının altı çox qəlbi olduğundan gözü yeri-göyü görmür və anidən yuvarlanıb ayaqlar altına sərilir.

Vay halına Markı...

Anası ölmüş bilsəydi ki, yaradıcısı olduğu şəbəkədə bəzi dırnaqarası qaqaşlar, üzdəniraqlar at oynadır, vaxtında onların cilovunu əlinə alardı.

Amma nə etməli, olan olub, torba dolub. Pas beyinli manyak tiplər virtual çöllüyü alaq otu kimi basıb.

Gün gələr alaqlar yerini gülə-çiçəyə verər. Ətirsiz, cansız nə varsa, qapı arxasında qalar bir gün.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR