"Ölkədə böyük iqtisadi sıçrayış gözlənilir"

"Ölkədə böyük iqtisadi sıçrayış gözlənilir"
08:05 20 Aprel 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

"Düşünürəm ki, Azərbaycanda iqtisadiyyatın və ixracatın şaxələndirilməsi yönündə ilkin mərhələdə atılan addımlar gələcəkdə böyük iqtisadi sıçrayışlara səbəb olacaq".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsinin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında, bütövlükdə Azərbaycanın idarəetmə sistemində son 2 ildə çox ciddi, tarixi səciyyəli islahatlar aparılıb və bu islahatlar artıq öz nəticələrini verməyə başlayıb: "2017-ci ilin I rübünün göstəricilərinə görə, ixrac təxminən 50 faiz artıb. Əsas məsələlərdən biri odur ki, qeyri-neft məhsullarının ixracı təqribən 10 faiz artıb, idxal isə 17 faiz azalıb. Ümumilikdə iqtisadiyyatın qeyri-neft sektoru 2,4, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Bu tendensiyanın davamlı olması üçün Azərbaycan prezidenti İlham Əliyev regionlarda vaxtaşırı müşavirələr keçirir və bunlar artıq ənənə halını alıb. Bu müşavirələrin ən səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, iqtisadi rayonların məhz iqtisadi göstəricilərinə, eləcə də əmək və istehsal münasibətlərinə uyğun olaraq müvafiq tövsiyələr verilir, müxtəlif sahələrin inkişafı üçün tədbirlər görülür".

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib - YENİLƏNİB - FOTO

Millət vəkili qeyd edib ki, dövlət başçısının tövsiyə və tapşırıqları əsasında Azərbaycan mövcud ixrac potensialını daha da gücləndirəcək: "Azərbaycanın əsas iqtisadi rayonlarından biri Aran rayonudur və buranın özünəməxsus xüsusiyyətləri var. Şübhəsiz ki, iqtisadiyyatın inkişafı üçün yol və kommunikasiyaların mövcudluğu əsas şərtlərdəndir. Cənab prezident Yevlaxa səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının yenidən qurulmasından sonrakı açılışında, eləcə də yeni kəndlərarası yolun və Varvara balıqartırma müəssisəsinin açılışında iştirak etdi. Bilirik ki, Azərbaycan bu günədək ənənəvi ixracat məhsulları ilə məşhurdur və ənənəvi bazarları var. Amma cənab prezident Yevlaxda qeyd etdi ki, biz ənənəvi ixracat rayonlarını genişləndirməli, şaxələndirməliyik. Çünki qtisadiyyatın şəxaləndirilməsi ayrı-ayrı iqtisadi sektorların inkişafı deyil, eyni zamanda ixracatın şəxələndirilməsi deməkdir. Cənab prezident çıxışında yeni ixracat bölgələrini də göstərdi. Azərbaycanın həmin regiondakı ölkələrə tələbat duyulan aqrar sənaye və kənd təsərrüfatı məhsullarını ixrac etməsi potensialı yüksəkdir. Eyni zamanda Azərbaycanın ipək ixracı potensialı böyükdür və bu sahənin inkişafı ilə bağlı xüsusi tədbirlər həyata keçirilir. Çünki ipəkçilik Azərbaycanda tarixi ənənələri olan və keyfiyyəti ilə fərqlənən sahədir.

Dünya bazarındakı uğur yolumuz - "Keyfiyyətli brend məhsullar istehsal olunmalıdır"

Bununla yanaşı, prezident qeyd etdi ki, ölkədə tələbat duyulan istehlak məhsullarının istehsalı da qarşıya məqsəd kimi qoyulub. Düşünürəm ki, elə bunun özü ən böyük iqtisadi uğurlardan hesab olunacaq, çünki valyuta ehtiyatlarının istehlak məhsulları üçün xaricə çıxmaması və ölkə daxilində qalması iqtisadi dinamizmə şərait yaradacaq. Əlbəttə ki, Azərbaycanın ənənəvi ixracat bazarı şimal ölkələridir. Ölkə başçısı şərabçılığın, pambıqçılığın, ümumilikdə texniki bitkiçiliyin inkişafı ilə bağlı fikirlər səsləndirdi. Bunlara, eləcə də genetik modifikasiya olunmamış məhsullara dünya bazarında daim ehtiyac var. Ona görə də Azərbaycan brendinin tanıdılması və şöhrətinin artması dünya bazarında məhsullarımıza böyük tələbat yaradacaq.
Cənab prezident ayrıca qeyd etdi ki, məhsulların qablaşdırılmasına da xüsusi diqqət yetirmək lazımdır. Çünki Azərbaycan brendli məhsullar xüsusi və keyfiyyətli qablaşdırma ilə təqdim olunmalıdır.

Bu sırada dövlət başçısı turizmin inkişafını da xüsusi nümunə kimi göstərdi. Cənab prezidentin sözlərinə görə, bu da özünəməxsus bir ixracatdır. Çünki turistlərin Azərbaycana gəlməsi nəticə etibarilə ixracata ekvivalentdir, belə ki, hər ikisi ölkəyə valyuta gətirir".

H.Babaoğlu əminliklə bildirib ki, həyata keçirilən bu sistemli və kompleks tədbirlər 2018-ci ildə iqtisadiyyatımızda yeni tendensiyalar yaradacaq: "Bu isə Azərbaycanın həm valyuta ehtiyatlarının artmasına, həm də bütövlükdə işsizliyin aradan qaldırılmasına və sosial problemlərin həllinə müsbət mənada böyük təsir göstərəcək".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR