Məşhur futbolçu, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhemin xanımı, dizayner Viktoriya Bekhem Britaniyanın ən nüfuzlu mükafatı sayılan Britaniya İmperiyası Ordeni ilə təltif olunub.
Milli.Az The Guardian-a istinadən bildirir ki, "Spice Girls" qrupunun 43 yaşlı sabiq solistinə ordeni Londondakı Bukinhem Sarayında şahzadə Uilyam təqdim edib.
Britaniyada doğulmuş Viktoriya Bekhem ailəsi ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərində yaşayır.
O, "modaya xidmət"inə görə ordenlə yanaşı, Britaniya İmperiyası Ordeninin zabiti tituluna da layiq bilinib.
"Bu gün Bukinhem Sarayında olmaq absolyut həzzdir. Milli mənsubiyyətimlə fəxr edirəm. Ordenlə təltif olunmağımsa mənimçün şərəfdir. Uğurlarım ailəmin dəstəsi və sevgisi olmadan mümkün deyildi", - V.Bekhem deyib.
Bukinhem Sarayındakı mərasimdə Viktoriyanın valideynləri və əri Devid Bekhem də iştirak ediblər.
2004-cü ildə D.Bekhem də bu ordenlə təltif olunub. Ona ordeni kraliça 2-ci Yelizaveta təqdim etmişdi.
1999-cü ilin iyulun 4-də ailə qurmuş Devid və Viktoriya Bekhemlərin 3 oğlu, 1 qızı var.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində