Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırıla bilər.
Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bu, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində
qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı
olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən
daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə
yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil
edir.
Layihədə qeyd olunub ki, daşınar əmlakın yüklülüyü dövlət,
bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Vergi orqanı
tərəfindən vergi borclarının, onlara hesablanmış faizlərin və
tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicisinin milli və
xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə
alınması və ya dondurulması haqqında kredit təşkilatına və ya bank
əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam
verilməsi, vergi orqanı tərəfindən vergi borcları, onlara
hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının
ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin siyahıya
alınması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta
haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının
sığortaedənin cari, valyuta və digər hesablarından həmin orqanın
hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra
sənədi olan sərəncam verməsi, gömrük orqanı tərəfindən vaxtında
ödənilməmiş gömrük borclarının ödəyicidən tutulması üçün vergi
borclarının dövlət büdcəsinə alınmasının qanunvericilikdə müəyyən
edilmiş qaydalarına uyğun olaraq, banka icra (ödəniş) sənədi
verməsi, gömrük orqanı tərəfindən həm mövcud, həm də yarana biləcək
gömrük borclarına görə təminat götürməsi dövlət və bələdiyyə
yüklülüyünə daxildir.
Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.
Qeyd edək ki, "Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.
Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.