FİDE prezidenti: "Şəmkir Azərbaycanın Linaresidir"

FİDE prezidenti: "Şəmkir Azərbaycanın Linaresidir"
10:52 21 Aprel 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" superturnirinin açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az bildirir ki, FİDE rəhbəri əvvəlcə ShamkirChess 2017 haqqında fikirlərini bildirib:

- Şəmkir əhalisini Vüqar Həşimovun 4-cü xatirə turnirinin açılışı münasibətilə təbrik edirəm. Hər dəfə bura böyük məmnuniyyətlə gəlirəm. Dünyanın ən güclü şahmatçıları "ShamkirChess"də iştirak etməyi özləri üçün böyük şərəf hesab edirlər. Bunun birinci səbəbi Vüqarın onlara qarşı hər zaman açıq qəlbli olması idi. İkinci səbəb Azərbaycanın dünya şahmatının paytaxtına çevrilməsidir. Əbəs yerə deyil ki, Şəmkiri "İkinci Linares" adlandırırlar. FİDE prezidenti kimi də Şəmkiri "Azərbaycanın Linaresi" adlandırmaq istərdim. Gələn il bu turnirin 5 illik yubileyi qeyd olunacaq. Əminəm ki, ilk yubiley turnirində də planetimizin ən elitar şahmatçıları Şəmkirə toplaşacaqlar. Turnir iştirakçılarına amansız mübarizə aparmalarını və öz oyunları ilə şahmat azarkeşlərini sevindirmələrini arzulayıram. 

- Şahmat proqnozu sevməsə də, FİDE prezidentinin favoritininin kimliyini bilmək maraqlı olardı...

- Bu suala cavab vermək olduqca çətindir. Çünki son zamanlar bütün şahmatçıların səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Şəmkirdə yalnız dünya çempionu Maqnus Karlsen yoxdur. Digər top-oyunçular isə bu gözəl diyara toplaşıblar. Onların hər biri dəfələrlə həm təkbətək, həm də turnir xarakterli yarışlarda ən yüksək mübariz keyfiyyətlərini, sonadək mübarizə aparma qabiliyyətlərini ortaya qoymağı bacarıblar. Yadınızdadırsa, 2 il əvvəl Sergey Karyakin Bakıdakı Dünya Kubokunda Peter Svidlerlə matçın gedişində 0:2 hesabı ilə geridə olarkən, dönüş etdi. Nəticədə o, Dünya Kubokunu "dişlərinə aldı". Əminəm ki, Vüqarın ruhu naminə bütün iştirakçılar ən gözəl oyunlarını nümayiş etdirəcəklər. Proqnoz vermək istəmirəm. İndi kimisə favorit hesab etdiyimi desəm, düşünəcəksiniz ki, hakimlər onun rəqiblərinin qapısına penalti təyin edəcəklər. Hamısına azarkeşlik edirəm. Qoy, güclü qalib gəlsin. 

- Son günlər FİDE daxilində baş verənlərlə bağlı son vəziyyət necədir?

- 2018-ci ildə FİDE prezidenti seçkisinə namizədliyimi verəcəyimi dünən rəsmən açıqladım. Seçki Gürcüstanın Batumi şəhərindəki Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baş tutacaq. Təxminən 2 həftə öncə FİDE-nin Prezident Şurasında yaşananlar isə sadəcə anlaşılmazlıq, texniki problem idi. Mənim ideyalarım da, komandam da, proqramım da açıqdır. Kimin yaxşı fikri, ideyaları varsa, onları komandamda görməyə, hamısı ilə işləməyə hazıram.

- Yenidən seçilsəniz, sizə qarşı çıxanları komandadan uzaqlaşdırmağa hazırsınız?

- Mən qeyd etdim ki, komandamda hər kəsi görməyə hazıram. Həmçinin, həmin şəxsləri ora dəvət edə bilərəm. Qoy, məndən narazılıqlarını, fikirlərini bildirsinlər, buna hazıram. 22 ildir çalışıram ki, şahmat ailəsi birləşsin, möhkəmlənsin. Bu gün burada Veselin Topalov və Vladimir Kramnik iştirak edir. Harri Kasparov FİDE-dən gedəndə tacını da apardı, öz çempionatını keçirdi. 2006-cı ildə Kramnik Kasparovu məğlub etdi və dünya çempionu Topalovla qarşılaşmağa razılıq verdi. Kalmıkiyadakı o görüşdən sonra şahmat dünyası birlik ola bildi. Mən imkan vermərəm ki, arxamızda xırda intriqalar olsun və bu, şahmatın birliyinə, bütövlüyünə təsir etsin. Şahmat dünya boyunca genişlənir. Hazırda 600 milyon insan şahmat oynayır. İl ərzində 80 - 100 ölkədə oluram və həmin ölkələrdə şahmatın sevildiyini görürəm. Odur ki, yenidən namizədliyimi irəli sürməyə qərar verdim. Çünki hədəfim olan "1 milyard şahmatçı" devizini gerçəkləşdirmək istəyirəm. Qarşıdakı 5 ildə dünyada 1 milyard insanın şahmat oynamasını istəyirəm. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/537285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR