İŞİD terrorçularının qorxunc "Eyfel" planı

Bu gecə Parisdə baş verən terror hücumu ilə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb. Şanzelize küçəsində avtomat silahdan açılan atəş nəticəsində bir polis ölüb, ikisi yaralanıb.

Xatırlayırsınızsa, bir il əvvəl İŞİD Fransada terror aktı törədəcəyi barədə video hazırlamışdı. Həmin görüntülərdə terroçular “Eyfel” qülləsini partladırdı. Dünən gecə Fransada yaşanan bu olay İŞİD-in planlarının gerçəkləşdirməsinə siqnal ola bilərmi?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu bildirdi ki, “Eyfel” qülləsinə qədər gedə biləcəklərini demək mümkün deyil. Amma Fransa, eləcə də Avropada terror aksiyalarının olacağını söyləmək olar:

“Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlar daha kəskin xarakter alarsa, bu terror aksiyaları daha intensiv hal alacaq. Sadəcə Qərbin özü bu hücumlardan mümkün nəticələr çıxartmalıdır. Çünki Avropa bu gün radikal cərəyanlar üçün ortam formalaşdırır. Və bu ortamın formalaşmasında dörd başlıca səbəb var:

Müsəlman gənclərə Avropa cəmiyyətində özlərini təsdiq etmək və tanıtmaq üçün münbit şərait yaradılmaması, şans verilməməsi və Avropa cəmiyyətində mövcud olan islamafobiya. Məhz bu iki başlıca səbəb günümüzdə Avropada böyümüş və təhsil almış müsəlman gəncini potensial terror təşkilatı təmsilçisinə çevirir.

Bura üçüncü səbəb olaraq, Avropa dəyərlər sistemi ile islam sivilizasiyasına məxsus sosio-kültürəl yapının daban-dabana zidd olması da əlavə edilə bilər. Məhz bu ziddiyyətlər həmin gənclərin özlərini tapmalarını və cəmiyyətin bir üzvünə çevrilməsini əngəlləyir.

Dördüncü məqam isə Yaxın Şərqdə baş verənlər və Avropanın bu olanlarda "payı" ilə bağlıdır. ABŞ və Avropanın Yaxın Şərqdə "demokratiya" pərdəsi altında uyğuladıqları ssenarilərin qanlı və dağıdıcı nəticələri, radikal dini cərəyanların nüfuzunu daha da qaldırır, onların sırasına qoşulanların isə az qala qəhrəman olaraq qəbul edilməsinə təkan verir”.

Xəyalə Məmmədova /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR