Şərqdə ən geniş yayılmış dini-fəlsəfi cərəyanlarından
biri sufilikdir. Bu cərəyanın ilk təmsilçisi kimi Əbu Haşim əs-Sufi
hesab olunur. Onun Suriyanın Rəml şəhərində sufi təkkəsi olub.
Sufilik IX-XII əsrlərdə çox sürətlə inkişaf edərək, Cüneyd əl
Bağdadi, Əbu Nəsr Sərrac ət-Tusi, Əbu Talib Məkki, Əbu Həmid Qəzali
və digər sufi alimlər meydana çıxıb.
Sözügedən cərəyan Azərbaycanda da geniş yayılıb. Şərq sufilik
məktəbinə təsiri olan böyük azərbaycanlı sufi mütəfəkkirlər
sırasında Əbu Hüseyn Dündari Şirazi, Əbu Züra, Nizami Gəncəvi,
Mahmud Şəbustəri, Əbu Səid Badal Bakuvi, Seyid Yəhya Bakuvi, Dədə
Ömər Rövşəni, Həmzə Nigari, Əbülqasi Nəbati və başqalarının
adlarını qeyd etmək olar. Misilsiz təqva sahibi İslam dini
Azərbaycanda yayıldıqdan sonra bir çox ziyarətgahlar yarandı.
İnsanlar bu ziyarətgahları müxtəlif cür – ocaq, pir, camə, xanagah
adlandırıblar. Belə müqəddəs ziyarətgahlardan biri də Lənkəranın
Şıxakəran kəndində yerləşən Şeyx Zahid türbəsidir.
Əsl adı Tacəddin İbrahim Zahid əl-Gilani əl-Kurdi İbn Şeyx Talış
Rövşən Əmirdir. 21 mart 1215-ci ildə Lənkəranın Siyəvurd (indiki
Siyavar) kəndində Talış Şeyx Rövşən Əmirin ailəsində anadan olan
Şeyx Zahid, dövrünün tanınan ziyalısı, alimi, müəllimi və şairi
olub.
Onun müxtəlif ləqəblərlə tanınması təsadüfi deyil. "Gilani" ləqəbi
ona atasının yaşadığı vilayətə uyğun verilib, "Kurdi" ləqəbi ilə
isə (talış dilindən tərcümədə dərviş və ya nohə deyən anlamına
gəlməklə), şeyxin dərviş həyat tərzi keçirməsinə işarə olunub.
Atasının adının qarşısında olan Şeyx sözü, mənbələrdə onun yeddi
babasının ardıcıl olaraq Şeyx olmalarını göstərir.
Ata-babaları, XI əsrdə Xorasan Sərcuqların əlinə keçdikdən
sonra, Gilan bölgəsinə köç ediblər. Rövşən Əmir Gilanda evlənərək
Lənkəranın Siyəvurd kəndinə köçüb, burada əkinçiliklə məşğul olub.
Şeyx Zahid ilk təhsilini Astaranın Butəsər (indiki Pensər) kəndində
yaşayan Seyid Cəmaləddindən alıb. Kifayət qədər təqvalı, nəfsi tox
insan olan Seyid Cəmaləddin, şagirdi Tacəddinə böyük ümidlər
bəsləyirdi, vəfat etdikdən sonra onun işinin davam etməsini və sufi
təriqətinə başçılıq etməsini ona vəsiyyət etmişdi.
Tacəddinə "Zahid" ləqəbini də Seyid Cəmaləddin verib. "Zahid" ərəb
dilindən tərcümədə ibadətlə məşğul olan, pəhrizkar deməkdir. Şeyx
Zahid Gilani də hörmət və ehtiram əlaməti olaraq oğluna müəllimi
Cəmaləddinin adını qoyub.
Şah İsmayıl Xətainin babası
Böyük irfan alimi Şeyx Zahid türk, ərəb, fars, gilək və qədim
pəhləvi dillərini də mükəmməl bilib. O, talış və gilək dillərində
şeirlər yazıb. Şeyx Zahidin iki həyat yoldaşı olub. Bu
evliliklərdən Şəmsəddin, Cəmaləddin Əli və Bibifatimə adında
övladları olub. Bibifatimə böyük Səfəvilər sülaləsinin banisi olan
Şeyx Səfiəddin ilə ailə qurub. Bu izdivacdan 3 övladları —
Məhiyəddin, Sədrəddin və Əbu Səid adlı övladları dünyaya gəlib.
Beləliklə, Şeyx Zahid ana tərəfdən Şah İsmayıl Xətainin babası
sayılır. Səfəvilər sülaləsinin nümayəndələri 1501-ci ildən 1736-cı
ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan,
Qərbi Pakistan, Cənubi Türkmənistan və Şərqi Türkiyənin ərazilərini
əhatə edən böyük bir türk dövləti qurublar ki, həmin dövlət müasir
Azərbaycanın milli və dini kimliyinin formalaşmasında böyük rol
oynayıb.
Xətai babasının məzarını köçürüb Şeyx Zahid elmi məktəb yaradıb və
"Zahidiyyə" təriqətinin əsasını qoyub. Şeyxin məktəbinin
şan-şöhrəti Azərbaycanın hüdudlarından kənara çıxaraq ona böyük
hörmət qazandırıb və İran, Türkiyə, Hindistan, Çin, Əfqanıstan və
başqa ölkələrdə də kifayət qədər tanınıb. Şirvanşah hökmdarı III
Axsitan Şeyxin nüfuzunun artması və müridlərinin sayının
çoxalmasından qorxaraq onun imkanlarını məhdudlaşdırmağa başlayıb.
1300-cü ilin mart ayında Şeyx Zahid vəfat edib. Şeyxin vəsiyətinə
əsasən, onu Lənkəranın Siyavur (indiki Siyavar) kəndində dəfn
ediblər.
Səfəvi Şeyx Heydər tərəfindən isə Şeyx Zahidin dəfn olunduğu
yerdə türbə ucaldılıb. Sonralar dəniz səviyyəsinin qalxması
nəticəsində Siyavur kəndini su basrı və türbə dəfələrlə su altında
qalır, ona görə də Şah İsmayıl Xətai ulu babasının qəbrini
Hiləkəran (indiki Şıxakəran) kəndinə köçürürərək yenidən məqbərə
ucaltdırır. Səfəvi hökmdarları Lənkərana səfərləri zamanı ilk
olaraq Şeyx Zahidin türbəsini ziyarət edib orada namaz
qılıblar.
Məzar daşı Ermitaja aparılıb
Şıxakəran kəndinin axundu Əzizov Muxtar Sputnik Azərbaycan-a danışır ki, Şeyx Zahid türbəsi 1944-cü ildə Sovet hökuməti tərəfindən sökülüb: "Məlum olduğu kimi Sovetlər dönəmində din qadağan edildiyindən, kənd camaatı və Şeyx Zahidi ziyarət etmək istəyənlər gizlicə ziyarət edirdilər. Türbə söküldükdən sonra, camaat Şeyxin xatirəsini yaşatmaq üçün onun məzarının üstündə taxtadan xırda kümə (kiçik tikili) tikdi. Yalnız Sovet İttifaqı dağılandan sonra kəndimizin imkanlı şəxsləri öz şəxsi vəsaitləri hesabına Şeyx Zahid türbəsini yenidən inşa etdilər". Hazırda türbəyə Şıxakəran kənd sakini Anar Məmmədov nəzarət edir. "Mən və atam türbəyə qulluq edirik. Məndən əvvəl isə atam və babam bu işi görüb" baxıblar. Yəni mənim ulu babalarım daim Şeyximizin türbəsinə nəzarət ediblər" – o, Sputnik Azərbaycan-a danışır.
"Babam o vaxt deyərdi ki, ötən əsrin 60-cı illərində Şeyxin
məzar daşı sökülərək, Leninqrada (indiki Sankt Peterburq) "Ermitaj
Muzeyi"nə aparılıb. İndi də Şeyxin məzar daşı həmin muzeydə
qorunur" – A. Məmmədov əlavə edir.