Nazir müavini nikah kağızı tələb edən otellərdən danışdı: "Düzgün deyil"

Nazir müavini nikah kağızı tələb edən otellərdən danışdı: "Düzgün deyil"
14:14 21 Aprel 2017
199 Digər
Ölkə mətbuatı
A- A+

 

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun APA-ya müsahibəsi

 

- Bakı Şopinq Festivalında işlər necə gedir? Bir neçə gün ötməsinə baxmayaraq, gözlədiyiniz nəticənin işartıları varmı?

 

- Festival öz işini uğurla davam etdirir. Aprelin 10-dan indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən geri qaytarılıb. Ümumi dövriyyədə olan alış prosesi təxminən 3,5 milyon manat artıb. Festivala hər keçən gün marağın daha da artdığını görmək mümkündür. Düşünürəm ki, 2 aya yaxın çəkən hazırlıq işlərinin nəticəsi olaraq, bütün prosedurlar yüksək səviyyədə təşkil edilib.

 

- Azərbaycanda turizm daha çox mövsümü xarakter daşıyır. Turizm sahəsinin daimi olmasını təmin etmək üçün hansı addımlar atılır?

 

- Turizm sahəsində qlobal səviyyədə müşahidə edilən problemlərdən biri onun mövsümü xarakter daşımasıdır. Bu problem turizm potensialından və inkişaf səviyyəsindən asılı olmayaraq, əksər turizm məkanlarında müşahidə olunur. Hətta bəzilərinin ən böyük problemlərindən biri olaraq qalmaqdadır. Təbii ki, mövsümilik probleminin qarşısının alınması məqsədilə müxtəlif ölkələrin təcrübələri var. Bu sahədə aparılmalı olan ən uğurlu islahatlara turizm məhsullarının diversifikasiyasının təmin edilməsi nümunə ola bilər. Ölkəmizdə turizm sahəsinin mövsümiliyinin qarşısının alınması məqsədilə turizm məhsullarının diversifikasiyası siyasəti artıq bir neçə ildir başlayıb və fikrimcə, öz müsbət nəticələrini verməyə başlayıb. Bu islahatlara misal olaraq, ölkədə mədəni turizm, sağlamlıq turizmi və işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə görülmüş işləri göstərə bilərik. Təcrübə də göstərir ki, sadalanan turizm növlərinin kompleks şəkildə inkişaf etdirilməsi turizm məkanlarına mövsümündən asılı olmayaraq xüsusi seqment turistlərin cəlb edilməsinə şərait yaradır. Ölkədə həm çimərlik, həm də qış turizminin inkişafı üçün imkanlar yaradılıb ki, bu da öz növbəsində ilin istənilən dövründə ölkəmizi turistlər üçün cəlbedici edib. Son illər ərzində Şahdağ və Tufandağ kimi qış-xizək komplekslərinin fəaliyyətə başlaması, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair “Strateji Yol Xəritəsi”ndə bütün turizm növlərinin inkişafı ilə bağlı müddəaların mövcudluğu, “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın ölkə başçısı tərəfindən təsdiq edilməsi, ölkəmizin müxtəlif tip beynəlxalq tədbirlərə ev sahibliyi etmə planları və s. turizm mövsümiliyi probleminin aradan qaldırılması istiqamətində atılan addımların əyani sübutudur.

 

 

 

- Otellərdə nikah haqqında şəhadətnamə ilə bağlı müəmma hələ də davam edir. Qanunla bu qadağan olsa da, otellər şəhadətnamə tələb edir...

 

Qanunvericilikdə Azərbaycanda fəaliyyət göstərən mehmanxanalarda vətəndaşlardan nikah haqqında şəhadətnamənin tələb olunması ilə bağlı hər hansı müddəa yoxdur. Belə bir müddəanın olmadığı halda mehmanxanaların şəhadətnamə tələb etməsi düzgün deyil. Beynəlxalq qaydalara və təcrübəyə əsasən mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi zamanı hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini qeyd edir.

 

 

Bu məlumatlar mehmanxanada gecələmək üçün kifayət edir. Bu baxımdan, istər yerli, istərsə də ölkəmizi ziyarət edən xarici turistlərin istirahət etdiyi zaman öz hüquqlarını tam olaraq bilməsi, eləcə də bu sahədə kifayət qədər məlumatlandırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq müxtəlif maarifləndirici press-relizləri ictimaiyyətə çatdırır. Digər tərəfdən, nazirliyin müvafiq əməkdaşları tərəfindən mütəmadi olaraq mehmanxana rəhbərləri və idarəedici şəxslərlə əlaqə saxlanılır və bu sahə üzrə qanunvericilik barəsində maarifləndirmə işləri aparılır.

 

- İctimai rəydə Gürcüstanın turizm sahəsi bütün parametrlərə görə bizdən daha populyardır. Bizim ölkədə xidmətlərlə bağlı iradlar çox səslənir. Sizə də bu barədə deyənlər olurmu?

 

- Qonşu Gürcüstan xüsusilə son illər ərzində turizm sahəsinin inkişaf tempinə görə seçilməyə başlayıb. Təbii ki, burada söhbət hər şeydən əvvəl ölkəni ziyarət edən xarici vətəndaşların sayında baş verən artımdan gedir. Bu, bir neçə faktorla birbaşa əlaqəlidir. Bilirsiniz ki, ABŞ, Kanada və Avropa İttifaqı ölkələri də daxil olmaqla, 100-ə yaxın ölkənin vətəndaşları Gürcüstanı vizasız ziyarət etmək imkanına malikdir. Bununla yanaşı, qonşu ölkəyə aşağı büdcəli aviaşirkətlər tərəfindən təşkil edilən uçuşların sayı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Məlumat üçün deyim ki, Dünya İqtisadi Forumunun 2017-ci il üçün tərtib etdiyi ”Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan Gürcüstanı 6 müxtəlif göstərici üzrə qabaqlayır.

 

Digər tərəfdən, qonşu ölkəni ziyarət edən xarici turistlərin sayı ölkəmizi ziyarət edənlərin sayından artıq olmasına baxmayaraq, Azərbaycandakı turizm dövriyyəsi və bu sahədə əldə edilən gəlir Gürcüstandan daha çoxdur. Ölkəmizdəki xidmət səviyyəsinə gəldikdə, etiraf etməliyik ki, xidmət sahəsindəki mövcud vəziyyət bizi tam qane etmir. Bu sahədə müşahidə edilən problemlərin aradan qaldırılması məqsədilə bir sıra işlər görülüb. Bu işlərə misal olaraq, xidmət keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə xarici və yerli ekspertlərin iştirakı ilə təlimlərin təşkil edilməsi, Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyətinin təkmilləşdirilməsini və s. göstərə bilərik.

 

 

 

- Azərbaycanda az ulduzlu otellərin sayı qənaətbəxş deyil. Bu cür otellərin sayının artırılması ilə bağlı işlər nə yerdədir?

 

- Mövcud statistik göstəricilərə əsasən Mədəniyyət və Turizm Nazirliyinin təsnifatından keçmiş 3 ulduzlu mehmanxanaların sayı 28, 2 ulduzlu mehmanxanaların sayı isə 2-dir. Aşağı kateqoriyalı yerləşdirmə vasitələrinin sayı mövcud və artmaqda olan potensial tələbata əsasən azlıq təşkil edir. Bu məqsədlə nazirlik mövcud tələbatın və tendensiyaların öyrənilməsi məqsədilə mütəmadi olaraq müvafiq təhlillər aparır, fəaliyyətə yeni başlayan və potensial sahibkarlarla birlikdə ölkəmizdə bu tip yerləşdirmə vasitələrinə olan tələbat və perspektivlər barədə maarifləndirici görüşlər keçirir.

 

  

 

Digər tərəfdən, bayaq qeyd etdiyim “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri” cədvəlinə ölkə başçısının müvafiq fərmanı ilə Bakı şəhəri, Bakı ətrafı qəsəbələr və Abşeron rayonu, eləcə də Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Azərbaycanın dig şəhər və rayonlarında 2 və 3 ulduzlu yerləşdirmə vasitələri də əlavə edilib. Onu da qeyd edim ki, investisiya təşviqi sənədi almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin, hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə gəlir vergisindən azad edilir. Bununla yanaşı, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisi və torpaq vergisini ödəməkdən azaddır. Düşünürəm ki, bu və bu kimi digər addımlar ölkəmizdə aşağı kateqoriyalı yerləşdirmə vasitələrinin sayının artmasına və mövcud tələbatın tam olaraq qarşılanmasına şərait yaradacaq.

 

- Azərbaycanda təyyarə biletlərinin baha olması ilə bağlı narahatlıqlar tez-tez səslənir. Bu haqda nə düşünürsünüz?

 

- Bu məsələ turizm sahəsinin kompleks inkişaf etdirilməsi baxımından yüksək əhəmiyyət kəsb edir. Təbii ki, Azərbaycana olan birbaşa uçuşların sayının artması və daha liberal hava nəqliyyatı üzrə razılaşmaların əldə edilməsi ölkəyə gələn turistlərin də sayının artmasına müsbət təsir edə bilər. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də Azərbaycan üçün əsas tələb bazarları ilə hava əlaqəsinin təkmilləşdirilməsi, ölkəmizdə aviaşirkətlərin sayının artırılması məqsədilə uyğun qiymətə xidmətlər təklif edən şirkətlərin və milli aviaşirkətlərin formalaşdırılmasının dəstəklənməsi, Bakı şəhərinə həftəsonu səfər edən səyahətçilərin gözləntilərinin daha yaxşı qarşılanması üçün uçuş cədvəllərinin optimallaşdırılması və s. kimi islahatlar nəzərdə tutulub. Son dövrlər ərzində ölkəmizə aşağı büdcəli aviaşirkətlərin uçuşlarının təşkil edilməsi istiqamətində işlər görülüb və “WizzAir”, “Pobeda”, “AirArabia” kimi aviaşirkətlərin fəaliyyəti təmin edilib. Bununla yanaşı, yerli aşağı büdcəli aviaşirkət “Buta Airways” 2016-cı ildə təsis edilib və bu ilin payızında sözügedən şirkətin uçuşlara başlaması planlaşdırılır. Bütün bunlara baxmayaraq, istər yerli, istərsə də xarici turistlər üçün daha uyğun qiymətə və müxtəlif istiqamətlər üzrə uçuş xidmətlərinin göstərilməsi imkanlarının yaradılması məsələsi gündəmdədir. Bu baxımdan, Turizm Şurasının fəaliyyəti çərçivəsində yaradılması nəzərdə tutulan “Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupu”nda gəlmə turizm baxımından hədəf ölkələrlə gediş-dönüş hava nəqliyyatı xidmətləri üzrə müxtəlif liberallaşdırma mexanizmlərinin təhlil edilməsi, Zabrat və ya digər hava limanının aşağı büdcəli aviaşirkətlər tərəfindən istifadəsi üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın yerli və beynəlxalq tərəfdaşlarla və investorlarla birgə işlənib hazırlanması və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.

 

 

 

- Tez-tez belə fikirlər səslənir ki, Azərbaycana gələn turistlərin məlumatsızlığından istifadə edib qiymətləri iki dəfə baha deyirlər. Bu, taksi xidmətindən tutmuş, suvenir mağazalarına qədər, müxtəlif sahələrə aiddir. Bu kimi faktlar turistlərdə ölkə və onun vətəndaşları haqqında mənfi fikir formalaşdırır.

 

- Bilirsiniz, bu haqda rəsmi şikayətlər bizə daxil olmayıb. Amma eşidirik ki, belə faktlar var. Məsələn, taksi sürücüləri arasında, regionlardakı restoranlarda belə hallarla qarşılaşanlar olub, bir-birinə danışıblar. Əgər nazirlik olaraq bizə müraciət edən olsa, biz araşdırarıq. Bu hallara qəti şəkildə yol vermək olmaz. Çünki Azərbaycan turizmi bir ilə, bir dəfəyə hesablanmır. İndiki turist axını aparılan ciddi işlər nəticəsidir. Bunu qorumalıyıq. Biz birinci və axırıncı dəfə gələn turistlər qəbul etməməliyik, onlar qayıdan turistlər olmalıdırlar. Ona görə də dəfələrlə rəsmi tədbirlər zamanı sənaye nümayəndələrini dəvət edirik ki, bu sahədə ədalətli mühit olsun. Təbii ki, hamı istəyir daha çox pul qazansın. Başa düşməliyik ki, rahat qazanılan manatın dalınca qaçmasaq, uzaqgörənlik etsək, daha çox udacağıq.

 

- Bakıdakı otellərdə çarpayı sayları turist axını üçün yetərlidirmi?

 

- Keçən il ərzində keçirilən islahatlar və cənab prezidentin verdiyi tapşırıqlar, o cümlədən dövlət qurumları tərəfindən aparılan işlər ona gətirib çıxardı ki, turist axını artdı. Əgər keçən ilin əvvəlində biz otellərdə turistlərin çatışmazlığından danışırdıqsa, indi isə otellərdə bütün seqmentlər üzrə yer çatışmazlığı hiss olunur. Beşulduzlu otellərin illik dolum səviyyəsi 30 faizə çatmırdı. İndi isə 50 faizdən yuxarıdır. Yay aylarında isə yüz faiz tutulma müşahidə olunur. Körfəz ölkələrindən gələn turistlər daha çox beşulduzlu seqmentə üstünlük verirlər.

 

Bakıda yarımçıq otellər var, biz səbirsizliklə gözləyirik ki, onlar da istifadəyə verilsin. Təklif çoxdursa, istər-istəməz bazarın qanunudur ki, qiymətlər qalxacaq. Biz istəmirik qiymətlər qalxsın. Devalvasiyalardan sonra rəqabətə dözürük. Azərbaycan Ümumdünya İqtisadi Forumunun turizm sektorunda rəqabətqabiliyyətlilik reytinqində 13 pillə irəliləyərək 71-ci yerdə qərarlaşıb. Burda əlbəttə, qiymət də öz rolunu oynayıb. Bunu qoruyub saxlamalıyıq. Neçə il bizim pis reputasiyamız olub ki, bahalı istiqamətik. Ona görə də, daha ucuz istiqamətlərə, yəni Gürcüstana və digər ölkələrə axınlar olurdu. Həmin axınların bir qismini özümüzə yönləndirmişik. Əlbəttə, beşulduzlu otellər də lazımdır. Əvvəllər iki-üç ulduzlu otellərin çatışmazlığı hiss olunurdu. Hostellər də az olub. Cənab prezident tərəfindən lisenziyalar ləğv olunandan sonra bu, canlanmaya təkan verdi. Bu ay ərzində araşdırma aparmışıq və məlum olub ki, Bakıda 40-a yaxın hostel mövcuddur. Bunlar bir il ərzində formalaşan hostellərdir və onların adı bütün turizm saytlarında mövcuddur. Cənab prezident tərəfindən fevral ayında investisiya təşviqi sənədinin kateqoriyalarına turizm də əlavə olundu. Bu sahədə çox böyük canlanma var. Biz bu seqmentdə tikilməkdə olan otellərin siyahısını İqtisadiyyat Nazirliyinə təşviqi sənədinin alınması və imkanların tətbiqi üçün təqdim etmişik.

 

 

 

- Qiymət məsələsində Azərbaycanın turizm sektorunun reputasiyası nəyə görə “bahalı ölkə” kimi formalaşmışdı?

 

- Bütün ölkələrin turizm sahəsində formalaşan imicinin səbəbi var. Bu, hansısa tarixi qərarın, geostrateji mövqeyin nəticəsidir. Bilirsiniz ki, SSRİ vaxtında hər respublikanın əsas iqtisadiyyat növü olub. Azərbaycanda daha çox neft sənayesinə fikir verilirdi. Bu sahədə biz nüfuz qazanmışıq, neftdən qazanılan gəlirlər tez bir zamanda ölkədə infrastrukturun təkmilləşdirməsinə imkan verdi. Məsələn, Gürcüstanda neft yoxdur. Orada SSRİ vaxtından turizmə önəm verilirdi. Belə deyək, onların neft sənayesi elə turizm olub. Amma görürsünüz, vəziyyət dəyişir, neftin qiyməti düşür və iqtisadiyyat ona uyğunlaşmalıdır. Ona görə də cənab prezident geniş tərkibli islahatlara start verdi, turizmin bütün sahələri üçün öz göstərişlərini verdi, köməkliyini, dəstəyini göstərdi. Təbii ki, infrastruktur və neft ölkəsi olaraq qiymətlər bizdə yüksək olub. Bu, iqtisadi proseslərin nəticəsidir. İndi isə biz başqa reallıqda yaşayırıq. İndi qeyri-neft sektoru daha vacibdir. Neftin qiyməti qalxsa da, biz bu yolla getməliyik, dönüş yoxdur. Ölkəmizin imicini menecment və keyfiyyət baxımından artırmalı, turizm sahəsində öz reputasiyamızı möhkəmləndirməliyik.

 

- Bu sahənin inkişafında turist məmnunluğu çox vacibdir. Sizinlə öz müşahidəmi bölüşmək istəyirəm. Bu yaxınlarda jurnalistlərin Antalyaya səfəri təşkil edilmişdi. İstanbul və Antalya hava limanlarında ən yüksək məmurdan tutmuş, yükdaşıyan fəhləyə qədər əməkdaşların xoş münasibətini gördüm. Bu, əlbəttə, turistdə məmnunluq yaradır və onu daimi müştəriyə çevirir. Bizim Hava Limanında isə həddən artıq “ciddi” və “zabitəli” adamlar çalışır, onlar nəinki təbəssüm azlığından əziyyət çəkir, hətta bəzən adamın “çox sağ olun”a cavab vermirlər...

 

- Narahatlığınızı anlayıram. Mən deməzdim ki, buna səbəb hansısa qurumun əməkdaşlarıdır. Əlbəttə, heç kim şübhə etmir ki, biz qonaqpərvər xalqıq. Turistlər arasında aparılan sorğularda da Azərbaycan xalqının qonaqpərvərliyi hər zaman vurğulanıb. Qonaqpərvərlik sistemi turizm xidmətlərinin bir növüdür. Deməli, bunun peşəkarları və məktəbi olmalıdır.

 

 

Sizin Türkiyədə gördüyünüz münasibətə gəlincə, ola bilər, həmin əməkdaşdan keçdiyi məktəb tələb edir ki, sən belə olmalısan. O, dövlət maraqlarını öz maraqlarından üstün tutur. Turizm Şurasının ikinci iclasında biz bu məsələni müzakirə etmişik. “ASAN Xidmət”in nəzdindəki treninq mərkəzində qısa zamanda treninqlər keçiriləcək. Eyni zamanda, bura dil bilgiləri də daxildir. Biz deyə bilmərik ki, hamı ingilis, rus dillərində danışa bilir. Əgər qarşındakını başa düşmürsənsə, turistin üzünə gülümsəməklə onun istədiyini edə bilməyəcəksən.

 

 

 

- Ölkədə bir qisim insanlar var ki, Azərbaycana ərəblərin gəlməsindən narahat olurlar. Bunu siz də müşahidə etmisinizmi?

 

- Bilirsiniz, bu, dünyada gedən proseslərə görə formalaşan stereotipdir. Məsələn, bu stereotip artıq Avropada möhkəmlənib. Suriyada, İraqda olan müharibə, qaçqınların kütləvi axını Avropada əks reaksiya verir. Bizim cəmiyyətdə hələlik bu problem yoxdur. Bizə nə qaçqınlar gəlib, nə də hansısa terror aktı törədilib. Sağ olsun bizim təhlükəsizlik orqanlarımız, bu vəziyyəti nəzarət altında saxlayırlar. Sizə deyim ki, turist axını üçün təhlükəsizlik ən böyük stimuldur. Turistlər öz ölkələrində tapmadığı təhlükəsizlik şəraitini Azərbaycanda tapırlar. Biz bunu mütləq qorumalıyıq. Azərbaycan təhlükəsiz ölkə, Bakı təhlükəsiz şəhərdir. İnsanlar bunu görüb, Azərbaycan üz tuturlar. Bizim cəmiyyətimizin üzvləri mediadan terror aktlarını, Avropa ölkələrinin əks reaksiyasını görüb ehtiyatlı olmağa başlayırlar. Bu, insanın özünüqoruma amillərindən irəli gələn reaksiyadır. Düşünürəm, bir müddət keçməlidir və insanlarda fikir formalaşmalıdır ki, burada təhlükə yoxdur, gələnlər terror aktı törətmək, yaxud narahatlıq yaratmaq üçün gəlmirlər. Əksinə, onlar bizdə olan şəraiti görüb gəlirlər. Bununla fəxr etməliyik. Sadəcə, bu axına cəmiyyətin uyğunlaşması lazımdır. Kütləvi turizmə keçid edən ölkələrin hamısında belə problemlər müşahidə olunub. Bu, normal prosesdir.

 

- Azərbaycanda turizm sektorunun inhisarçılıq, yaxud azad rəqabət problemi varmı?

 

- Turizm fəaliyyəti və otellər seqmentində, ekskursiyalar, avtomobil icarəsi və digər xidmətlərdə heç bir monopoliya yoxdur. Keçən ildən Mülki Aviasiya Administrasiyası və AZAL-ın iştirakı ilə islahatlar keçirildi. Bunun nəticəsində Azərbaycana xarici low-costerlər (Ucuz qiymətli uçuşlar həyata keçirən hava daşıyıcısı – C. Zeynallı) gəldi və yerli low-coster yaradıldı. Deməzdim, bu sahədə monopoliya mövcuddur. Amma bu sahədə də işlər görülməlidir. Strateji Yol Xəritəsində öz əksini tapıb ki, qısa zamanda liberal hava nəqliyyatı şəbəkəsini yaratmalıyıq. Bundan çox şey asılıdır. Turist axınları viza rejimindən nə qədər asılıdırsa, o dərəcədə də aviasiya şirkətlərinin səviyyəsinə, orada olan qiymətlərə bağlıdır. Birbaşa reys yoxdursa, kütləvi turizmdən danışa bilmərik. Bir çox ölkələrə birbaşa reyslər var.

 

 

Amma strateji hədəflərimizdə bir neçə digər ölkələr var. Məsələn, Polşa və Səudiyyə Ərəbistanına birbaşa reyslər yoxdur, amma maraq mövcuddur, gəlmək istəyirlər. Səudiyyə Ərəbistanına lüks, Polşaya low-coster xidmət və münasibətindən danışırıq. Biz işləməli və onları dəvət etməli, şərait yaratmalıyıq ki, təbii formada monopoliya yaranmasın. Bu sahədə işlərimizi davam etdirməliyik. Bəli, böyük holdinqlər, böyük otellərin sahibkarları, qruplar var. Amma monopoliya o vaxt mövcud olur ki, bir və iki partnyor və oyunçu bazara nəzarət etsin. Azərbaycanda belə bir şey yoxdur.

 

 

 

- Azərbaycanda bir turistin xərcləyəcəyi pulun arzuolunan məbləği nə qədərdir?

 

- Keçən ilin təhlilləri onu göstərdi ki, Azərbaycanda turist orta hesabla 700 dollar xərcləyir. Bura varlı turisti də daxildir, rükzak tipli çantada gələn turist də.

 

- Yəni beşulduzlu oteldə qalan varlı ərəb və pulu hostelə çatan aztəminatlı turist... 

 

- Bəli. Bu məbləğə aviabilet, oteldə qalma, yemək, alış-veriş daxildir. Orta hesabla turistlər bizdə 3-4 gün qalırlar.

 

- Dediniz, Azərbaycanda 40-a yaxın hostel var. Oradakı qiymətlər haqqında məlumatınız var?

 

- Var. Qiymətlər 8 manatdan 15-20 manata qədər dəyişir. Bu, çarpayıpuludur.

 

- 40 hostel az deyilmi?

 

- Təhlillər göstərir ki, ölkəmizə gələn xarici turistlərin 12%-i 17-25 yaş, 21% isə 26-35 yaş kateqoriyasına aid olan gənclərdən ibarətdir. Bilirsiniz, hostellərin yaranma səbəbləri var. Onları bazar tələb edir. Low-coster şirkətləri nə qədər bizim bazarımıza girsə, o qədər də tələbat olacaq. Hostelə gələnlər adi aviaşirkətlə gəlmir. O, ya avtobusla, qatarla, öz şəxsi maşını ilə gəlir, ya da low-costerlə. Bu, bir seqmentdir. Həmin turist bahalı restoranlarda yemək yemir, “fast-food”la kifayətlənir. Ona görə də əgər bu günə qədər 40 hostelimiz mövcuddursa, deməli, tələbatımız bu qədərdir. Bu, bazarın qanunudur. Biz izləyirik, təhlil edirik və dövlət dəstəyi imkan verir ki, hostellər tikilsin. Bazar tənzimləyəcək ki, gələcəkdə nə qədər hostel olmalıdır. Ümumən deyə bilərəm ki, Bakıdakı hostellərin sayı mövcud tələbata cavab versə də, regionlarda bu tip yeni yerləşdirmə vasitələrinə ehtiyac var.

 

 

 

- Maddi imkanları geniş olan turizm şirkətlərinin qış aylarında otel nömrələrini alıb, yay aylarında turistlərə baha qiymətə satması kimi faktların olduğu deyilir. Bu haqda nə deyə bilərsiniz?

 

- Əgər Bakıdan söhbət gedirsə, burda 15 min çarpayıya yaxın yer var. İnanmıram ki, 15 min çarpayını kimsə alıb, yenidən satsın.

 

- Söhbət müəyyən faiz yerlərdən gedir...

 

- Müəyyən faizi ola bilər. Buna bronlaşma deyilir. Yerləri bron edənlər onları öz adından sata bilməz. Turist otelin qonağıdır, ödəniş otelə olunur. Əgər qonaq turizm şirkətinin vasitəsilə otelə gəlirsə, turizm şirkəti komissiya ala bilər. Bu, normal prosesdir. Mən eşitməmişəm ki, kimsə beş, yaxud dördulduzlu otelləri bron eləsin.  

 

- Və turist axını çox olanda, baha qiymətə satsın. Yəni belə faktlar yoxdur?

 

- Bu cür faktlar “Eurovision” və Avropa Oyunları vaxtında olmuşdu. Bu, o vaxtlar idi ki, təklif həddən artıq çox idi. Hansısa şirkətlər müqavilə bağlayaraq yerləri bron edib, sui-istifadə etməyə başlamışdılar. Dövlət olaraq biz buna yol verməməliyik. Baxmayaraq ki, bazar iqtisadiyyatıdır, amma yenə də dövlətin maraqları üstün olmalıdır. Hansısa otel istəyirsə ki, turist axını müntəzəm olsun, qiyməti elə müəyyənləşdirməlidir ki, turist bir də qayıtmaq istəsin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR