İslam Oyunlarına 12 min polis cəlb olunacaq

İslam Oyunlarına 12 min polis cəlb olunacaq
19:04 21 Aprel 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Daxili İşlər Nazirliyində «Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması»nın və «IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, kollegiyada bildirilib ki, daxili işlər orqanlarından IV İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlardır. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd X-RAY və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1.800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobildə təmin ediləcək.

 

Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublika üzrə “Təhlükəsiz şəhər” sisteminin 3.270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir. Kollegiya iştirakçılarının nəzərinə o da çatdırılıb ki, möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində I Avropa Oyunları ərəfəsində alınmış minlərlə radiostansiya, metal detektor, planşet, bort-kompyuter, videoqeydiyyat qurğusu və “İPatrol” mayaklar, habelə “BMW” və “Mercedes” markalı 837 ədəd xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək. İctimai asayişin qorunmasında iştirak edəcək əməkdaşların peşə hazırlığının, o cümlədən vətəndaşlarla ünsiyyətdə nəzakətli davranış səviyyəsinin yüksəldilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb, zəruri treninqlər, seminar-müşavirələr keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR