Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir
Həsənov hər an aktiv döyüşlərə hazır olmaq barədə tapşırıqlar
verib. Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
üçtərəfli görüşünün vaxtı məlum olub. Rusiya prezidenti Vladimir
Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında
keçiriləcək görüşün vaxtı açıqlanıb. Suriya prezidenti Bəşər Əsəd
Türkiyə və ABŞ əleyhinə ağır ittihamlar səsləndirib. ABŞ prezidenti
Donald Tramp İranı “altılıq” ölkələri ilə 2015-ci ildə imzaladığı
nüvə razılaşmasının ruhuna uyğun davranmamaqda ittiham edib. Keçmiş
SSRİ-nin banisi Vladimir Leninin bədəninin basdırılması məsələsi
yenidən Rusiyanın gündəmini zəbt edib.
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.
Diplomatik mənbələrdən verilən məlumata görə, Sergey Lavrov, Elmar
Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də
Moskvada keçirilə bilər. Başqa bir mənbə isə xarici işlər naziri
Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini
təsdiqləyib.
Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə
komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil
müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə
bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin
yekunlarına həsr olunmuş geniş kollegiya iclası
keçirilib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hər an aktiv
döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini
daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını
qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq
məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret
tapşırıqlar verib.
Müdafiə naziri tapşırıq verdi: "Hər an aktiv döyüşlərə hazır olun!" - FOTO
Azərbaycan Ordusunun aprelin 16-də strat verdiyi
hərbi təlimlər Ermənistanda ciddi qorxuya səbəb olub.
Təlimlərdə 30 minlik şəxsi heyət, 250-dən artıq tank və zirehli
texnika, 200-ə qədər müxtəlif çaplı raket və artilleriya qurğusu,
reaktiv yaylım atəş sistemi və minaatanlar, 25 ədəd müxtəlif
təyinatlı döyüş aviasiyası, yeni növ radioelektron kəşfiyyat
vasitələri və pilotsuz uçuş aparatları iştirak edib. Aprelin 16-dan
başlayan təlimlər bu gün - 21 apreldə başa çatır.
Düşmən ölkəni ciddi qorxuya salan təlimlər haqda erməni
ekspertlərin etirafları diqqət çəkir.
Düşməni qorxudan SƏBƏB: Azərbaycan 30 min əsgəri ona görə poliqona yeritdi ki... – FOTOLAR
Amerika Ermənistana müasir müdafiə sistemləri
verib. Bu barədə “komandos” ləqəbi ilə tanınan erməni
general Arkadi Ter-Tadevosyan deyib. Onun iddialarına görə, bu
sistemlər 10 funksiyanı eyni vaxtda yerinə yetirir: “Gecə və gündüz
işləyir, informasiya toplayır və digər vacib elementlərə sahibdir.
Bu sistemi amerikalılar bizə verdi, biz də onu Dağlıq Qarabağda
təmas xəttinə yerləşdirdik.
Erməni generalın iddiası həqiqətə uyğundursa, bu, ABŞ-ın ATƏT-in
Minsk qrupunda vasitəçilik missiyasına zidd addımdır.
PKK terror təşkilatı Türkiyənin Şırnak vilayətinin
Uludərə mahalında Şenyuva baza bölgəsinə hücum edib.
Hücum nəticəsində 2 əsgər şəhid olub, 2-si yaralanıb. Hücumdan
sonra bölgədə genişmiqyaslı əməliyyat başlanıb. Əməliyyattın
gedişatında hücumda iştirak edən 6 terrorçu öldürülüb.
Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində
keçirdiyi əməliyyatlarda 45 terrorçunu
zərərsizləşdirib. Türkiyə Silahlı Qüvvələrindən
verilən məlumata görə, əməliyyatlarda 5 əsgər şəhid olub.
Anti-terror əməliyyatları Şırnak, Hakkari, Diyarbəkr, Batman,
Mardin və Bitlis vilayətlərində keçirilib.
Rusiya prezidenti Vladimir Putin və Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə
görüşəcəklər. Bu haqda Kremlin sözçüsü Dmitri Peskov
deyib. Peskov görüşdə əsas diqqətin Suriya böhranına ayrılacağını
bildirib.
Ankara S-400 zenit-raket sistemlərinin alınması
haqqında Moskva ilə danışıqların final
mərhələsindədir. Bunu Türkiyənin müdafiə naziri Fikri
İşık jurnalistlərə açıqlamasında deyib.
Daha əvvəl hərbi-sənaye kompleksi üzrə Rusiya prezidentinin
köməkçisi Vladimir Kojin bildirib ki, Rusiya NATO-a üzvü olmasına
baxmayaraq, Türkiyəyə S-400 zenit-raket sistemlərinin mümkün
çatdırılması üçün maneələr görmür.
Danışıqlar final mərhələsindədir - NATO-ya SARSIDICI ZƏRBƏ
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının
(KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə
olunduğu barədə bəyanatı Suriya rejimini dəyişmək
cəhdidir. Bunu Astanada Rusiyanın xarici işlər naziri
Sergey Lavrov söyləyib.
“Hesab edirəm ki, bu çox ciddi vəziyyətdir. Görünür, kimyəvi
silahın Suriya hökuməti tərəfindən tətbiq edildiyi barədə yalan
informasiya 2254 saylı qətnamənin icrasından çəkilmək üçün istifadə
olunur. Qətnamə Suriyadakı bütün tərəflərin iştirakı ilə siyasi
tənzimləməni nəzərdə tutur", - o qeyd etdi.
Qeyd edək ki, KSQT Suriyanın İdlib vilayətində kimyəvi silahdan
istifadə olunduğunu təsdiqləyib.
Sergey Lavrov Astanada ŞƏT-in xarici işlər nazirləri
şurasının iclasında çıxışı zamanı ümid etdiyini bildirib ki, dövlət
başçıları iyun ayında Astanada İranın Şanxay Əməkdaşlıq Təşkilatına
(ŞƏT) tamhüquqlu üzvü kimi qoşulması imkanı haqqında məsələyə baxa
biləcəklər. BMT Təhlükəsizlik Şurasının İrana qarşı
tətbiq etdiyi sanksiyaların ləğvini xatırladan Lavrov qeyd edib ki,
indi İranın ŞƏT-ə qoşulması üzvlük meyarlarına tamamilə
uyğundur.
“Rusiya Təhlükəsizlik Şurası çətin ki, Vladimir
Leninin bədəninin basdırılması haqqında Kommunist Partiyasının
rəhbəri Gennadi Züqanovun məktubuna baxacaq”. Bunu
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı, Dövlət Dumasının
sabiq spikeri Sergey Narışkin deyib.
“Düşünürəm ki, diqqətlə düşünmək lazımdır. Cəmiyyətimizin bu və
ya digər hissələrinin reaksiyasını qiymətləndirmək lazımdır”, - o
qeyd edib.
Qeyd edək ki, dünən “Vahid Rusiya” və Liberal Demokrat
Partiyasının nümayəndələri Rusiya Dövlət Dumasına keçmiş SSRİ-nin
banisi Vladimir Leninin bədəninin basdırılması üçün hüquq
mexanizmini nəzərdə tutan qanun layihəsini daxil ediblər. Ancaq
daha sonra “Vahid Rusiya”dan olan deputatlar öz imzalarını bolşevik
liderinin dəfni haqqında qanun layihəsinin altından geri
çağırıblar.
Bundan sonra Gennadi Züqanov Leninin basdırılması haqqında qanun
layihəsini Rusiyanın dövlət quruluşuna qarşı ən böyük təxribat
adlandırıb.
Amma “Superjob” tədqiqat mərkəzinin keçirdiyi sorğu Rusiya
vətəndaşlarının 81 faizinin Leninin bədəninin dəfn edilməsini
dəstəklədiyini ortaya çıxarıb.
Rusiyalılar Leninin basdırılmasını dəstəkləyir - SORĞU
Rusiyanın Xabarovsk diyarında Federal Təhlükəsizlik
Xidmətinin (FTX) ofisinə silahlı hücum ediblər. Hücum
nəticəsində üç nəfər ölüb. Onlardan biri hücum edən şəxs, FTX-nin
əməkdaşı və MDB ölkələrdən birinin vətəndaşı olduğu deyilən mülki
şəxsdir.
“Yerli vaxtla saat 17.02-da naməlum şəxs idarənin qəbul otağında
olan insanlara atəş açmağa başlayıb. Rusiya Federal Təhlükəsizlik
Xidmətinin bir əməkdaşı və MDB ölkələrindən birinin vətəndaşı həlak
olub, daha bir mülki şəxs yaralanıb. Hücum edən şəxs öldürülüb”, -
FTX-nin məlumatında deyilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin prezident Vladimir
Putinin varisi olması barədə xəbərləri şərh edib.
Kremlin sözçüsü xəbərləri dedi-qodu adlandırıb.
“Sözsüz ki, burada araşdırma üçün heç bir predmet yoxdur. Həm
də, prezident bu məsələyə kifayət qədər aydın reaksiya verdi.
Burada çətin ki, müzakirələr və dedi-qodular üçün hansısa əsas ola
bilər. Burada hər şey son dərəcə aydındır”, - Peskov deyib.
Daha əvvəl Rusiya prezidenti bildirib ki, yalnız xalq dövlət
başçısının varisini seçə bilər.
“İran “altılıq” ölkələri ilə 2015-ci ildə imzaladığı
nüvə razılaşmasının ruhuna uyğun davranmır. Davranmaq
məcburiyyətindədir, amma bunu etmir”. Bunu ABŞ
prezidenti Donald Tramp deyib.
“Qorxunc bir anlaşma idi, əsla imzalanmamalı idi. Mən bütün
razılaşmaların tərəfdarıyam, amma bu, gördüyüm ən pis razılaşmadır.
İran razılaşmanın ruhuna uyğun hərəkət etmir. Biz mövzunu çox
diqqətlə analiz edirik və yaxın vaxtlarda bu mövzuda deyəcək
sözlərimiz olacaq”, - ABŞ prezidenti bildirib.
Daha əvvəl isə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib
ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum
etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə
salıb”.
Trampdan İrana TƏHDİD: “Sözümüz bitmədi!”
“WikiLeaks” saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə
(MKİ) aid olan “Vault 7” məxfi sənədlər paketinin yeni hissəsini
dərc edib. Məxfi sənədlərin yeni hissəsi “Ağlayan
mələk” adlanır.
ABŞ kəşfiyyatına NÖVBƏTİ ZƏRBƏ
Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “RİA-Novosti”
agentliyinə müsahibəsində Türkiyə və ABŞ əleyhinə ağır ittihamlar
səsləndirib. Əsəd terrorçuların hərəkətləri ilə ölkə
ərazisinə Türkiyə və ABŞ-ın müdaxiləsi arasında fərq görmədiyini
bildirib.
Əsəd vurğulayıb ki, Türkiyə və Amerika hərbçiləri özləri ölkədən
gedəndən, yaxud da çıxarılandan sonra Suriya ordusu terrorçuları
məhv edəcək. Prezident həmçinin əminliyini ifadə edib ki, Vaşinqton
ölkədə kukla rejimini qurmaq məqsədilə Suriya hökumətinin
devirilməsi üçün mümkün olan hər şey edəcək.
“Onlar hər şeyi edəcəklər ki, hədəflərinə çatsın. Nə dəyər, nə
də əxlaq var. Hər şey ola bilər”, - deyə Əsəd bildirib.
Suriya prezidentinin sözlərinə görə, İŞİD, “Ən-Nüsra” Cəbhəsi,
Türkiyə, ABŞ, Britaniya, Fransa və Səudiyyə Ərəbistanı Suriyada
“bir xor” kimi hərəkət edirlər. O, həmçinin Suriya terrorçularının
kimyəvi silahı Türkiyədən aldığını iddia edib.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/195979.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)