Canavarlar hansı halda öldürülə bilər?

Canavarlar hansı halda öldürülə bilər?
22:22 21 Aprel 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Canavarların insanlara və qoyun sürülərinə, kəndlilərin şəxsi təsərrüfatlarına hücum etməsi barədə tez-tez eşidirik. Bundan qorxan bəzi kənd sakinləri hətta ov tüfəngini əl altında saxlayır ki, təhlükə zamanı özünü müdafiə edə bilsin. Ancaq qanunvericilik canavarların vurulmasını qadağan edir. Belə olan halda isə insanları bir sual düşündürür: əgər canavar hansısa bir kəndlinin həyətinə soxularaq, toyuq-cücəsinə, şəxsi təsərrüfatına ziyan verərsə və ya ov zaman, hansısa bir canavar ona hücum edərsə, özünü necə müdafiə etsin? Əgər canavarı öldürsə cərimələnəcək, öldürməsə də özü öləcək və ya təsərrüfatına ziyan dəyəcək.

Maraqlıdır, canavarları hansı hallarda və necə öldürmək olar?

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev bildirdi ki, canavar yalnız kiməsə hücum etdiyi zaman vurula bilər: "Ov qaydalarına əsasən, Azərbaycanda canavarların vurulması qadağandır. Azərbaycanda ov edilməsi Azərbaycan qanunları ilə tənzimlənir və hər il may ayının 30-da açılır və mart ayında bağlanır. Bu mövsümdə ovlanacaq quş və heyvanların normaları, adları, harada olacaqları barədə qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ova icazə bileti əsasında yalnız şənbə-bazar günləri müəyyən edilmiş yerlərdə ov edilməsinə icazə verilir. Ancaq canavarın ovlanması birmənalı şəkildə qadağandır. Bizim regionlarda ekologiya və təbii sərvətlər şöbələrimiz var. Demişik ki, canavar təhlükəsi olanda ora müraciət edin. Ekologiya və təbii sərvətlər şöbələrində bələdiyyə, yerli icra nümayəndəsi , baytarlıq xidmətinin nümayəndəsi və təcrübəli ovçuları cəlb etməklə xüsusi qrup yaradılır və həmin canavarlar xüsusi vasitələrlə, səs-küy çıxarmaqla oradan uzaqlaşdırılır. Ancaq əgər canavar insan həyatına bilavasitə təhlükə törədirsə, təqib etmədən onu vura bilər. Yəni əgər canavarı təqib edib, izləyib vurarsa, bu, qanun pozuntusudur İnzibati Xətalar Məcəlləsinə görə, həmin şəxs 1000-2000 manat məbləğində cərimə olunur. Əgər insan üzərinə hücum edirsə, son zərbə kimi onu həmin şəxs vura bilər. Belə olan halda da yenə şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli, mütəxəssislər gəlib baxmalıdır ki, bu onu doğrudan da təqiblə yox, üzərinə hücum etdiyi üçün vurub. Belə olan halda mövcud olan cəza qanunu həmin şəxsə tətbiq edilmir".

R.Mirzəyev 65 nəfərin ov qanunlarını pozduğuna görə saxlanıldığını dedi: "Cari ilin 3 ayı ərzində aparılan araşdırmalara əsasən 65 nəfərə yaxın şəxs qanun pozuntusuna görə saxlanılıb. Qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb. Ov tüfəngi, 147 patron, 15 ədəd qanunsuz ovlanmış quş və heyvan götürülərək həmin şəxslər məsuliyyətə cəlb edilib. Həmin şəxslərdən 6 nəfəri inzibati qaydada cərimələnib. 9 nəfərin şəxsiyyətini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Şəxsiyyətləri müəyyənləşəndən sonra onlar barəsində də qanunverici qaydada tədbirlər görüləcək".

Qeyd edək ki, sovet dövründə canavarı vurub dərisini, başını gətirib təhvil verən adama mükafat verirdilər. İndi isə canavarların vurulması Beynəlxalq Konvensiya ilə tənzimlənir. Canavarlar da çox çətin şərtlərlə həyatda qalmağı bacarırlar, xüsusən də qış aylarında. Onlar qışda həyatda qalmaq, pusquya düşməmələri üçün qəribə bir sistemləri olur. Belə ki, qabaqda sürünün ən zəif, xəstə 3 qurdu gedir. Pusqu olacaqsa, məhz ilk ölən həmin qurdlar olacaqdır. Digər vəzifələri isə arxadan gələnlər üçün qarda ilk yolu onların açmalarıdır. Sonra ən təcrübəli 5 döyüşçü canavar da sıranı müşayiət edir . Ortada 11 dişi canavar müdafiə sistemində yeriyirlər. Dişiləri, sürünün arxasında olmaqla, 5 təcrübəli döyüşçü canavar izləyir. Ən arxada sürüdən müəyyən məsafə ilə yeriyən isə sürünün lideridir. O, davamlı olaraq sürünün hamısını görməlidir. Hər hansı bir hücum anında lider özünü ön plana ataraq müdafiə vəziyyətinə keçir. Canavar sürülərində bu inanılmaz sistem alimləri də heyrətə gətirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR