Azad Rəhimov:

Xəbər verdiyimiz kimi, bu gün birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.

Metbuat.az-ın məlumatına görə, iclasda çıxış edən Gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Bakıda iştirakçı sayı baxımından rekord qırılacağını qeyd edib:

“Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. Bu gün məmnunluqla qeyd etmək istərdim ki, İƏT-ə üzv olan bütün 57 ölkədən 3 mindən çox idmançının iştirakı təsdiq edilib. Üzv dövlətlərin maksimal sayda iştirakı İslam Həmrəyliyi Oyunlarının tarixində bir rekorddur. Həmçinin Oyunlarda 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək”.

Azad Rəhimovun sözlərinə görə, Oyunların proqramına daxil edilmiş 165 idman yarışına tamaşa etmək üçün 500 mindən çox bilet satışa çıxarılıb:

“IV İslam Həmrəyliyi Oyunlarının yayım hüququ üçün yerli yayım şirkəti ilə müqavilə bağlanıb. Açılış və bağlanış mərasimlərinin, o cümlədən futbol yarışlarının canlı yayımlanması planlaşdırılır. Digər yarışlar tamaşaçılara idman bülleteni formatında təqdim ediləcək. IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 21 gün qalmış əminliklə bəyan etmək istərdim ki, biz Oyunların müvəffəqiyyətlə keçirilməsinə hazırıq. Ümidvaram ki, bu Oyunları da nümunəvi şəkildə keçirəcəyik. Azərbaycanın bacarığını, həmrəylik və dostluq dəyərlərinin təşviqinə töhfəsini beynəlxalq aləmə bir daha nümayiş etdirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR