Formula 1 üzrə azərbaycanlı jurnalistlər üçün təlim keçirildi - FOTO

Formula 1 üzrə azərbaycanlı jurnalistlər üçün təlim keçirildi - FOTO
11:05 22 Aprel 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti tərəfindən yerli media nümayəndələri üçün "Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq" mövzusunda təlim keçirilib.

Milli.Az xəbər verir ki, təlimin ilk günündə iştirakçılar Formula-1 üzrə dünya çempionatının keçirilmə qaydaları, yarışın idarə olunması və ona nəzarət edən heyətin, o cümlədən marşalların əsas vəzifələri, həmçinin çempionatla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə ediblər.

Tədbirdə çıxış edən BŞH Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib ki, bu təlim media nümayəndələri üçün nəzəri və praktiki biliklər əldə edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Biz yerli jurnalistlərin Formula-1 yarışının incəliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər təşkil edirik. Şübhəsiz ki, dünya əhəmiyyətli Formula-1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə dərindən bilməlidir. Bu məqsədlə biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik. Əhatə etdiyi mövzunun xüsusiyyəti baxımından bu dəfə keçirəcəyimiz təlim digərlərindən fərqlənir. Bu, Azərbaycan Qran-prisindən əvvəl keçirilən sonuncu irimiqyaslı təlimdir".

Qeyd edək ki, təlimdə BŞHƏŞ-nin İdman əməliyyatları üzrə baş koordinatoru Yusif Məmmədov, Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi elçisi və şərhçisi Rəhim Əliyev, Azərbaycanın Formula avtoidman yarışlarında yeganə pilotu Gülhüseyn Abdullayev bu idman növünün ümumi qaydaları və terminləri barədə müfəssəl məlumat veriblər.

Çıxışlar böyük maraqla qarşılanıb və jurnalistlərin əksəriyyəti bu təlimdə əldə etdiklərin məlumatların onlar üçün çox səmərəli, faydalı olduğunu bildiriblər. 

Tədbirdə həmçinin Formula 1 yarışlarının azərbaycanlı marşalları Fərid İsayev və Abdulla İsayev bu işə necə gəlmələri, təcrübələri barədə fikirlərini jurnalistlərlə bölüşüblər.

Təlim çərçivəsində bir neçə gündən sonra Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula-1 Qran-Pri yarışının simulyasiyası da olacaq. Təlimdə iştirak edən jurnalistlər yarışın idarə olunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnəcək və qaydaların necə tətbiq olunduğunu müşahidə edəcəklər.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR