Azərbaycanda malyariya xəstəliyinin 5 geniş miqyaslı epidemiyası baş verib

Azərbaycanda malyariya xəstəliyinin 5 geniş miqyaslı epidemiyası baş verib
12:22 24 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində 25 aprel - Malyariya ilə Ümumdünya Mübarizə Günü ilə bağlı bu gün tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, malyariya çox ciddi və ağır epidemiyalardan biridir.

A.Əliyeva qeyd edib ki, Azərbaycanda keçən əsrdə malyariya xəstəliyinin 5 geniş miqyaslı epidemiyası baş verib:

"1990-cı illərin əvvəllərində respublikada malyariyaya görə epidemioloji vəziyyət yenidən pisləşdi. Sonuncu epidemiya 1994-cü ildə baş verib. Ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, hərbi münaqişələr, bir milyondan çox qaçqın və məcburi köçkünlərin yaranması və onlar arasında xaotik miqrasiya, malyariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə tədbirlərin zəiflədilməsi, müvafiq vasitələrin, dərman preparatlarının, laborator avadanlıqların, dezinseksiya maddələrinin çatışmazlığı və müvafiq tədbirlərin vaxtında gorülməməsi malyariya epidemiyasının baş verməsinə səbəb olub. 1993-cü ildə respublika üzrə 23 hadisə qeydə alındığı halda, 1994- cü ildə 667 nəfərdə (29 dəfə cox) yerli yoluxma halları baş verib. 1995-ci ildə 2840 (124 dəfə çox), 1996-cı ildə isə ən yüksək pik vəziyyət yaranıb və 13135 hadisə (571 dəfə çox) qeydə alınıb. Beləliklə də xəstələnmə respublika ərazisinin 80%- ni əhatə edib".

A.Əliyeva əlavə edib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən 1997-ci ildə Malyariya ilə mübarizə üzrə Milli Proqram hazırlanıb.

Onun sözlərinə görə, həmin ildən başlayaraq xəstəlik əleyhinə aparılmış məqsədyönlü kompleks əksepidemik tədbirlərin nəticəsində xəstə-lənmə səviyyəsi ilbəil azalaraq 2010-cu ildən sonra sporadik halda qeyd olunmağa başlayıb və 2013- cü ildən etibarən bu günə kimi yerli yoluxma halları qeydə alınmayıb:

"Azərbaycan Daşkənddə 2005-ci ildə qəbul edilmiş "Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru" Bəyannaməsinə qoşulub və respublika ərazisində malyariyanın tam eliminasiyasına nail olunub. Aşqabadda isə 2016-cı ilin iyul ayında "Eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması" üzrə yeni Bəyannamə qəbul olunub. Bununla da, ölkəmiz malyariyadan azad ölkə statusu qazanıb. 2016-2020-ci illər üçün "Azərbaycan Respublikasında malyariya xəs etəliyinin yenidən bərpa olunmasının qarşısının alınması" üzrə Milli Strategiya işlənib hazırlanıb və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilərək icrasına başlanıb. Respublika ərazisində xəstəliyin tam eliminasiyasına nail olunmasına baxmayaraq, digər region ölkələrində hələ də xəstələnmə hallarının və əhali arasında intensiv miqrasiyanın mövcud olmasını nəzərə alaraq xəstəlik əleyhinə tədbirlərin zəiflədilməməsi və bu tədbirlərin davamlı olaraq aparılması tələb olunur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR