Əldə bir qədəh şərab: yerli məhsul, yoxsa xarici?

Əldə bir qədəh şərab: yerli məhsul, yoxsa xarici?
13:42 24 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Ölkədə son illər inkişafına çalışılan sahələrdən biri də şərabçılıqdır. Rəylərə görə, vaxtilə dövlət büdcəsinə daxilolamaların 40 faizini təşkil edən bu sektorun yenidən canlanması üçün illər tələb olunur. Düzdür, Gəncədə, Göyçayda, Şəmkirdə, Xanlarda, Şamaxıda və Naxçıvanda şərab zavodları fəaliyyət göstərir. Həmin zavodlar turş, portveyn tipli tünd desert şərabları istehsal edərək, yerli və xarici bazara məhsul çıxarırlar. Bununla belə şərablarımız SSSR dövründə mövcud olan şöhrətlərini qaytara bilməyib. O cümlədən yerli alıcının etimadını qazanmayıb. Azərbaycan istehlakçısı Gürcüstanın ən aşağı keyfiyyətli şərabına pul xərcləyir, nəinki yerli markalarımıza. Səbəbləri araşdırmağa çalışdıq.

Tarixin arxivinə gedən yerli şərablarımız

Bir zamanlar Azərbaycanın şərab zavodlarında 60-dan çox markalı şərab, o cümlədən 17 növ kəmşirin çaxır, 20 növ portveyn tipli tünd desert çaxırı, 11 növ desert çaxırı istehsal edilirdi. Hətta  xaricə ixrac olunan, yüksək satış rəqəmləri əldə edən "Ağdam", "Kürdəmir" kimi şərablar var idi. Hansı ki bu gün həmin şərablar tarixin arxivindədirlər. Məlumat üçün bildirək ki, portveyn tipli tünd şərab hesab edilən "Ağdam" şərabı daha çox Rusiyada məşhur idi. Çünki ucuz olmaqla yanaşı insanı tez sərxoş (tərkibində şəkərin miqdarı isə 8%, spirtin tündlülüyü 19%h. idi) edirdi. "Kürdəmir" şərabı (tərkibində şəkərin miqdarı 23%, spirt  16%h. idi) isə disert şərabı hesab olunurdu. Əsasən, Avropaya - İtaliyaya ixrac edilirdi. Eləcə də ancaq Sovetlər Birliynini yüksək çinlilərinin süfrəsini bəzəyirdi. Qeyd etdiyimiz kimi bu gün həmin şərablar yoxdur. Əvəzində "Yeddi Gözəl", "Nazlı", "İvanovka", "Sevgilim", "Talisman", "Kaberne-Savinyon", "Bakinskiy Bulvar"  və sair şərablarımız var. Bu əmtəə nişanlarının istehsalçıları iddia edirlər ki, Avropadan gətirilmiş avadanlıqların sayəsində 40-50 il əvvəlki ilə müqayisədə daha keyfiyyətli süfrə şərabı ərsəyə gətirirlər.

Şərab istehsalçıları məhsullarının keyfiyyətindən razıdır

Şərab istehsalçılarından olan Abşeron Şərab ASC-dən bildirdilər ki,  zavodun şərabları Şamaxı rayonunda yetişən Rkasiteli, Sovinyon-Blan, Mədrəsə, Şardone və Kaberne-Sovinyon üzüm sortlardan istehsal olunur. İstehsal prosesi üçün zavod 2008-ci ildən Avropanın ən inkişaf etmiş dövlətlərindən - Almanya, İtaliya, Türkiyə, Bolqarıstan və  Fransadan üzüm qəbulu, ilkin emal xətləri, fermentasiya, şok soyutma sistemləri, şərabların soyuq mühitdə saxlanılması, süzülmə xətləri kimi avadanlıqlar gətirib. Bütün bunun müqabilində, istehlakçılarımızın yerli brendləri bəyənməməsinin səbəbinə gəlincə, sualımıza cavab ala bilmədik.

"Az-Granata" Ağsu Şirə və Şərab emalı zavodunun alkoqollu içkilər sektorunun direktoru Vüqar Mikayılov istehlakçıların yerli məhsula üstünlük verməməsi fikri ilə razılaşmadı. O bildirir ki, "Az-Granata" əgər 3 il əvvəl daxildə 20-30 min şüşə şərab satırdısa, hazırda bu rəqəm 100 min ədədi ötüb: "Bu, 3 dəfə artım deməkdir. Ölkəyə idxalın həcmi də azalıb. Deməli, daxili bazarda yerli şərablara etimad artıb. Başqa tərəfdən Azərbaycanın sovet hakimiyyəti dövründə istehsal etdiyi süfrə şərablarının əksəriyyəti ordinar tipli şərablar idi ki, bu da ilkin emal müəssisələrində şəraitin yaradılmamasından irəli gəlirdi. Hazırda istehsal prosesində Avropadan gətirilmiş avadanlıqlardan istifadə edilməsi yeni keyfiyyətli süfrə şərablarının yaranmasına səbəb olub".

V.Mikayılov bununla belə Fransa, İtaliya şərablarına olan tələbatın azalmadığını qeyd edir: "Yeni il ərəfəsində bazarda müşahidə apardım. Məlum oldu ki, 700-800-1000 manatlıq İtaliya, Fransa şərablarının alıcı qüvvəsi qalmaqdadır. Əslində, bu, 5-10 illə qazanılmış nüfuz deyil, bu etimad 100 illər əsasında qazanılıb.Azərbaycanda şərabçılığın bu səviyyəyə çatması üçün müəyyən vaxt lazımdır. Ölkədə şərabçılığın inkişafına əsasən 2005-ci ildən sərmayə qoyulmağa başlanılıb".

V.Mikayılov yaxşı şərablar kimi "Muskat" kəmşirin və "Mil" disert şərablarının adlarını göstərdi: ""Mil" ağ desert şərabı XIX əsrdə Hummel qardaşları tərəfindən Gəncə şəhərində inşa edilən yeraltı şərab anbarında 30 il palıd çəlləklərdə saxlanılıb. "Az-Granata"  həmin çəlləkləri alıb. "Mil" ağ desert şərabı soyuq üsulla süzülərək qablaşdırılıb. Bu şərab ətirli bal tonlu zərif buketə və harmonik dada malikdir".

Mütəxəssis deyir ki, şərabın keyfiyyəti qiymətləndirilən zaman torpaq, yağışın miqdarı, suvarılma, günəşli günlərin sayı və sair faktorlar nəzərə alınır: "Şərabların keyfiyyətinə müxtəlif amillər təsir edir, üzümün yetişdiyi torpaq, iqlim şəraiti, dəniz səviyyəsindən hansı yüksəklikdə əkilməsi, ultrabənövşəyi şüalarla görüşmə müddəti, emal texnologiyası, palıd çəlləklər, saxlanılma müddəti və s. Məhz bu səbəblərə görə Şatolarda hazırlanan şərablar daha baha satılır. Əsas keyfiyyət göstəricilərindən biri də şərabın ordinar, markalı, kolleksiya göstəriciləridir. Ordinar şərablar üzüm qəbulundan sonra növbəti ildə realizə olunurlar. Markalı şərablar isə ordinar şərabların içərisindən seçilir. Saxlanılmaq üçün zirzəmilərdə palıd çəlləklərdən istifadə edilir. Ən azı 18 aydan sonra istifadəyə verilir. Kolleksiya şərablarına gəlincə, markalı şərablar qablaşdırıldıqdan sonra ən azı 3 il butulkalarda saxlanılır".

V.Mikayılovun sözlərinə görə, respublikada şərab istehsalı məqsədilə üzüm bağları salınarkən mütəxəssislərin rəylərindən istifadə edilməyib: "Avropa sortları gətirilərək bağlarda əkildi. Düşündülər ki, Avropa üzüm sortları əkməklə Avropa bazarında yer tuta biləcəklər. Avropalılar Avropa üzüm sortlarından hazırlanan şərabların dadına özlərində də baxırlar. Onları hər bir ölkənin öz aborigen üzüm sortlarından alınan şərablar maraqlandırır".

Alıcıların yerli şəraba münasibəti

Mövzu ətrafında istehlakçıların da rəylərini öyrəndik. Fərqli mənzərə ortaya çıxdı. Məsələn, Oğuz adlı respondentimiz şərab tez-tez aldığını bildirdi. Lakin bu zaman əsasən xarici istehsala üstünlük verdiyini dedi. Gülnar adlı daha bir alıcı isə Azərbaycan şərablarının insanda baş ağrısı yaratdığını söylədi. Məlum oldu ki, yerli şəraba pul xərcləmir. 

Üçüncü respondentim əksinə yerli şərab içdiyini dedi: "Yerli şərabı daha çox restoranda nahar edəndə şüşə ilə sifariş edirəm. Hər dəfə də fərqli növlərini seçirəm. Mənə maraqlıdır  yerli istehsalçıların nə hazırladıqları. Məsələn, "Savalan" şərabı  heç də pis deyil. Tünd qırmızı şərablarımız da içilməlidir. Tamları gürcü şərablarından geri qalmır".

40 il əvvəl və bu gün

Yuxarıda bildirdiyimiz kimi, Azərbaycanda dövlət səviyyəsində şərabçılığın inkişafına diqqət artırılıb. Son illər Kənd Təsərrüfatı Nazirliyi ənənəvi üzümçülük rayonlarında yeni-yeni üzüm bağlarının salınması siyasətini yürüdür. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2015-ci ildə Azərbaycanda üzüm əkin sahələri 16097 ha çatıb. Nəticədə hesabat ilində 1035 min dkl üzüm şərab istehsal edilib. Hansı ki, bir il əvvəlki dövrdə bu rəqəm aşağı olub.2016-cı ildə isə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən şərabçılara 40 milyon manatadək güzəştli kredit verilib. İxrac 3,5 milyon dollar - 187.89  min dekalitr təşkil edib. İdxala gəlincə, 46.1 min dekalitr (2351 min dollar) olub. Rəqəmlərə baxmayaraq, Azərbaycanın üzümçülük, şərabçılıq sahəsindəki 40-50 il əvvəlki göstəricilərini geri qaytarması ciddi əmək sərfi tələb edilir.  Müqayisə üçün bildirək ki, 1984-cü ildə ölkədə 100-110 mln. dekalitr çaxır materialı, 10,4 mln. dekalitr şərab istehsal edilmişdi. SSRİ-nin sonuna yaxın toplam gücü 1,8 milyon ton olan 181 şərab zavodu sırf Rusiya bazarı üçün işləyirdi. Bundan əlavə sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi.

Dünyada şərabçılıq

Azərbaycan "Made in Azərbaycan" brendinin təşviqi tədbirləri çərçivəsində  həm də  şərab məhsullarını dünyada tanıtmağa çalışır. Ötən ilin noyabr ayından cari ilin əvvəlinə qədər şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib. Bütün bu dəstəyin fonunda yerli markalarımızın dünya bazarlarında özlərinə yer qazana bilib-bilməyəcəklərini zaman göstərəcək. Lakin o bəllidir ki, bazarda rəqabət ildən-ilə güclənir. Beynəlxalq Üzüm və Şərab Təşkilatının hesabatlarına görə, dünyada üzüm sahələri 9,5-10 milyon hektara çatıb. Üzüm istehsalı hər il əvvəlki illə müqayisədə artır. Son illər 60-70 milyon üzüm yığılıb. 2015-ci ildə dünya üzrə şərab istehsalı ümumilikdə 275,7 milyon dkl təşkil edib. O ki qaldı bazarın əsas oyunçularına, hələ ki üçlükdə Avropa dövlətləridir:

İtaliya- 48,9 milyon dkl

Fransa - 47,4 milyon dkl

İspaniya- 36,6 milyon dkl

Amerika -22,1 milyon dkl

Argentina- 13,4 milyon dkl

Çili -12,9 milyon dkl

Avstraliya -12 milyon dkl

Cənubi Afrika -11,3 milyon dkl

Çin- 11,2 milyon dkl

Almaniya 08,8 milyon dkl

Qeyd edək ki, ABŞ və Böyük Britaniya bazarın əsas istehlakçılarıdır. Ancaq proqnozlara əsasən, 2020-ci ildə şərab istehsalında liderliyi Çin və ABŞ ələ alacaq.

Leyla Əliyeva
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/538202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR