Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyası
Rəyasət Heyəti və Nəsimi adına Dilçilik İnstitutunun birgə
təşkilatçılığı ilə Əməkdar elm xadimi, Azərbaycan Respublikası
Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa
Axundovun 85 illik yubileyi münasibətilə "Ağamusa Axundov və
Azərbaycan filologiyası" mövzusunda beynəlxalq konfrans öz işinə
başlayıb.
Publika.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti,
akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından
danışıb. Akademiya rəhbəri Ağamusa Axundovun dilçilik elminin
klassiklərindən olduğunu, gənc yaşlarından elmlə yanaşı, pedoqoji
fəaliyyətlə məşğul olduğunu, alimlər nəsli, böyük tələbə ordusu
yetişdirdiyini diqqətə çatdırıb. A.Axundovun elmi dairələrdə böyük
hörmətə, nüfuza malik olduğunu deyən akademik vurğulayıb ki, o,
təkcə görkəmli alim yox, həm də dəyərli ziyalı idi.
"Akademik Ağamusa Axundov haqqında söz" adlı məruzə ilə çıxış edən
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli A.Axundovun
apardığı tədqiqatlar sayəsində ölkəmizdə dilçilik məktəbinin
formalaşdığını bildirib. Görkəmli alimin elm tariximizdə ilk dəfə
olaraq 32 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri
doktoru alimlik dərəcəsi aldığını qeyd edib: "Bu, təkcə Azərbaycan
elmində deyil, keçmiş Sovetlər İttifaqı miqyasında da nadir
hadisələrdən biri idi. Əslində Ağamusa Axundov namizədlik
dissertasiyasını vaxtından əvvəl müdafiə etməklə elmdə öz sözünü
demişdir".
AMEA-nın vitse-prezidenti vurğulayıb ki, A.Axundovun
ədəbiyyatşünaslıq fəaliyyəti elmimizdə ənənəvi
dilçi-ədəbiyyatşünaslığın yeni səhifəsidir. Alimin tədqiqatları
ədəbiyyat nəzəriyyəsinin ciddi problemlərinin həllinə yönələn
yüksək nəzəri səviyyəsi ilə fərqlənən əhəmiyyətli elmi
əsərlərdir.
Konfransda Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Möhsün Nağısoylunun "Görkəmli dilçi-alim, akademik Ağamusa Axundov"
adlı məruzəsi dinlənilib. M.Nağısoylu qeyd edib ki, müasir
Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən sayılan akademik
Ağamusa Axundov çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik
elmimizin inkişafında mühüm rol oynayıb, öz elmi məktəbini
yaradıb.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov,
Qazaxıstan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun
direktoru, professor Erden Kajibekov, AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin rəhbəri,
akademik Teymur Bünyadov, Bakı Dövlət Universitetinin İlahiyyat
fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Misirin Eyn-Şəms
Universitetinin professoru Məhəmməd Haridi, Türkiyənin Hacettepe
Universiteti Ədəbiyyat fakültəsi Türk dili və ədəbiyyatı bölməsinin
rəhbəri Şükrü Haluk Akalın çıxış edərək akademik Ağamusa Axundovun
elmi fəaliyyətindən və onunla bağlı xatirələrindən danışıblar.
Təşkil olunan telekörpü vasitəsilə xarici alimlər A.Axundov
haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, A.Axundov 22 il Dilçilik İnstitutunun direktoru
vəzifəsində çalışıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən
A.Axundov eyni zamanda Akademiyanın yeni təşkil olunmuş Humanitar
və İctimai Elmlər Bölməsinin akademik-katibi təyin olunub. 6 il
sonra o, AMEA-nın həqiqi üzvü, həmçinin ikinci dəfə rəhbərlik
etdiyi bölmənin akademik-katibi seçilib.
Görkəmli alimin 36 kitab, 500-ə yaxın məqalə müəllifi olub.