Dövlət Gənc Tamaşaçılar Teatrı İslamiadaya tam hazırdır

Dövlət Gənc Tamaşaçılar Teatrı İslamiadaya tam hazırdır
18:05 24 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Hazırda dünyanın diqqət mərkəzində olan, ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında start götürən və dörd ildən bir keçirilən "IV İslam Həmrəyliyi Oyunları" bu dəfə Azərbaycanda baş tutacaq. Beynəlxalq İdman tədbiri olan "İslam Həmrəyliyi Oyunları"nın ölkəmizdə keçirilməsi Azərbaycanın onsuz da yüksək olan nüfuzunu bütün dünyada daha da artıraraq ölkəmizin siyasi, mədəni, ictimai və sosial həyatında olduqca əhəmiyyətli hadisə kimi tarixə düşüb.

21 idman növünü özündə birləşdirən "IV İslam Həmrəyliyi Oyunları" ölkəmizin mədəniyyət sahəsində də yaddaqalan olacaq.

57 dövlətdən 6000-dən artıq idmançının qatılacağı bu Beynəlxalq tədbirə dünyanın müxtəlif ölkələrindən turistlərin Azərbaycana axın edəcəyini nəzərə alaraq teatr-tamaşa müəssisəsi olaraq ADGTT da bütün hazırlıq işlərini artıq yekunlaşdırıb, oyunların keçiriləcəyi 12-22 may tarixlərində şəhərimizə təşrif buyuracaq qonaqları və xarici turistləri qəbul etməyə tam hazırdır. Qonaqların tamaşalara daha rahat şəkildə baxmaları üçün cari repertuarımızda olan tamaşların ingilis dilinə tərcümə olunub səhnədəki qurğu ilə subtitrlər vasitəsilə ötürülməsi və s. təşkilati məsələlər təmin edilib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, artıq teatrın cari ilin may ayı üçün nəzərdə tutulan xüsusi repertuarı tərtib edilib, repertuara Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri daxil edilib.

"May ayının 12-dən - 22-dək keçiriləcək Beynəlxalq tədbirdə çıxış edəcək və eyni zamanda tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan Milli dramaturgiyasından da ən gözəl seçmələri - M.F.Axundzadə "Müsyö Jordan və dərviş Məstəli şah", Ə.Haqverdiyev "Pəri Cadu", H.Cavid "Şeyx Sənan", M.Makdonaxın "Yalqız Qərb", "Gözəllik kraliçası", "Konnemarada bir kəllə", L.Nurenin "Mən gəldim, qızlar" ("Müharibə"), U.Şekspir "Romeo və Cülyetta" tamaşaları nümayiş etdiriləcək. Ümidvaram ki, ölkəmizdə keçiriləcək "IV İslam Həmrəyliyi oyunları" günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bütün yaradıcı və texniki qüvvəsini səfərbər edərək mədəniyyətimizi növbəti dəfə də layiqincə təmsil edəcək" - deyə teatrın direktoru, əməkdar İncəsənət xadimi Mübariz Həmidov bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/538248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR