Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir

Tarixi referendum: Türkiyə təkamül yoluna düzəliş edir
18:12 24 Aprel 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Qardaş ölkədə Konstitusiyaya dəyişikliklərlə bağlı xalq səsverməsi aprelin 16-da uğurla başa çatıb. Seçicilər yeniləşməyə "hə" deyiblər. "Yox" deyənlər də az miqdar təşkil etmirlər. Ancaq səsvermənin maksimum demokratik qaydada keçirilməsi dəqiq nəticə almağa imkan verib.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, dünyanın bir sıra dövlətlərindən reaksiyalar olub. Türkiyənin dostları təbriklərini göndəriblər. İlk olaraq Azərbaycan Prezidentinin təbrik etməsi qürurvericidir. Çünki dövlət başçısı daim haqqın, ədalətin, demokratiyanın yanında olub. Avropa ölkələri növbəti dəfə qərəzlilik və ikili standartlar nümayiş etdiriblər. Onlar Türkiyənin daxili işinə qarışmağa cəhd göstərir və müxtəlif ittihamlar irəli sürürlər.

Referendum: demokratiya və müstəqil siyasətə "hə"

Türkiyə tarixi bir mərhələni keçməkdədir. Cümhuriyyət dönəmində ilk dəfədir ki, idarəetmə sistemi dəyişir. Aprelin 16-da keçirilən referendumda dəyişikliyə 51,49% səs verib. Müxtəlif bölgələrdə fərqlər özünü göstərib. Ekspertləri daha çox İstanbul, Ankara, İzmir və Antalyada "yox" deyənlərin üstünlük təşkil etməsi maraqlandırıb. Həmin şəhərlərdə dəyişikliklərə dəstək verənlərin çox olacağı gözlənilirdi. Əslində, cavablar arasındakı fərq böyük deyil - təqribən bərabərdir. Lakin anketlərdə başqa rəqəmlər var idi.

Referendumdan dərhal sonra dünya ictimaiyyəti nəticələrə reaksiyalar verib. Prezident Rəcəb Tayyib Ərdoğanı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev təbrik edib. Sonra Qətər, Fələstin və Səudiyyə Ərəbistanından təbriklər gəlib. Avropa və ABŞ-dan isə münasibət fərqli olub. Rusiya, Çin və İran susub. Belə təəssürat yaranır ki, referenduma dünya dövlətləri çox ciddi əhəmiyyət verib. Sözün həqiqi mənasında bu hadisə tarixidir.

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri özünü daha çox hakim kimi aparıb. Faktiki olaraq bu xanım Türkiyənin daxili işlərinə qarışaraq hökumətə məsləhətlər verməyə belə cürət göstərib. Onun fikrincə, Türkiyə Konstitusiyaya dəyişikliklərə yenidən baxmalı və "yox" deyənlərin fikrini nəzərə almalıdır. K.Piri onu da vurğulamağı unutmayıb ki, Türkiyədə hakimiyyətə qarşı olan qüvvələri dəstəkləməkdə davam edəcəklər (bax: AP Türkiye raportöründen Türkiye açıklaması / "Habertürk", 16 aprel 2017).

Bu münasibətə təəccüb etmirik, çünki Avropada islamofobiya artıq siyasətin məzmununa daxil olub. Onlar Azərbaycanda keçirilən seçkilərə də eyni münasibət göstəriblər və bu ikili standartlar davam edir. Düşündürücü odur ki, Brüsseldə hələ də müsəlman dövlətlərinin daxili işlərinə qarışmağa haqlarının olduğunu hesab edirlər.

ABŞ-ın reaksiyası da bir qədər müəmmalıdır. Dövlət Departamenti ilk olaraq ATƏT-in referendumla bağlı hesabatını gözləyəcəklərini bildirsə də, sonradan prezident Tramp Türkiyə prezidentini təbrik edib. Almaniyanın xarici işlər naziri isə prosesin başa çatmasından razı qaldıqlarını bəyan edib. Bununla ölkədə türklərin təbliğat kampaniyasından yaxa qurtardıqlarını söyləyib.

Avstriyanın xarici işlər naziri adəti üzrə anti-Türkiyə mövqeyini bir daha ifadə edib. Referendumun nəticəsinin Türkiyə ilə əməkdaşlığın davam etdirilməsinin təhlükəli olduğunu göstərdiyini deyib. Guya cəmiyyət iki yerə parçalanıb (bax: Avusturya'dan referandum açıklaması / "Habertürk", 17 aprel 2017).

Lakin o, nədənsə, Avstriyada radikal, ultramillətçi, müsəlman düşməni bir siyasətçinin az qala prezident seçilə bilməsini bu yöndə təqdim etmədi. Əslində, belə bir siyasətçiyə səs vermiş bir ölkə ilə əməkdaşlığın nə dərəcədə faydalı ola biləcəyini müsəlman dövlətləri fikirləşməlidirlər.

Şübhəsiz ki, digər ölkələrdən də fərqli yanaşmalar olacaq. Qərbin müsəlman dövlətlərinə olan münasibətinin əyani göstəricisi İraq, İran, Suriya və başqalarına qarşı atılan addımlardır. Ancaq Türkiyə məsələsi daha strateji və önəmli məqamlarla əlaqəlidir. Çünki, birincisi, Türkiyə regionun ən güclü və nüfuzlu ölkəsidir, ikincisi, referendumun nəticəsi faktiki olaraq kənar qüvvələrin əl-qolunu bağlayır. Onların Türkiyənin daxili işlərinə qarışmaq və cəmiyyətdə xaos yaratmaq şansları minimuma enir. Parlamentdə demokratiya pərdəsi altında dövləti parçalamaq siyasətləri boğazlarında qalır. Bəzi etnik qruplara vədlər verərək, onlardan anti-müsəlman ideoloji məqsədlərlə istifadənin üstünə bir daş qoyulur. ABŞ, Avropa, yaxud başqa bir böyük dövlət olsun, Türkiyənin dövlət idarəetməsinə təsir göstərə bilməyəcək. Bütün bunlara görə Ankaranın dostları sevinir, dərhal təbriklər göndərir, düşmənlər isə müxtəlif bəhanələr uydurmağın izinə düşürlər.

Narahat olanlar: anti-müsəlman mərəzi və geosiyasət

Yaranmış vəziyyəti dolğun ifadə edən siyasətçilərdən biri Dövlət Baxçalıdır. O, referendumdan sonra bəyan edib ki, daxildə və xaricdə Türkiyənin təhlükəsizliyinə ciddi təhdidlər var. Terror qruplarını ölkədə xaos yaratmağa qısqırdan güclər hələ də iş başındadırlar. Həmin səbəbdən, D.Baxçalıya görə, "milli iradənin "bəli"yə üstünlük verməsi ilə dövlət və siyasət həyatımızda yeni bir mərhələyə qədəm qoyulub" (bax: Devlet Bahçeli'den referandum sonuçlarına ilişkin açıklama / "Habertürk", 16 aprel 2017).

Bütün bunlar Türkiyədə yekunlaşan referendum marafonunun geosiyasi mənasını analiz etməyə imkan verir. Hər şeydən əvvəl, açıq görünür ki, söhbət olduqca əhəmiyyətli və prinsipial mövzudan gedir. Ankara tarixi təkamül istiqamətinə düzəliş etməyi planlaşdırır. Rəsmi orqanların dediyinə əsasən, bu proses xeyli əvvəl başlayıb. Hələ Alparslan Türkeş, Süleyman Dəmirəl, Nəcməddin Ərbakan prezident üsul-idarəsinə keçid məsələsini gündəmə gətirməyə çalışıblar. Lakin onların planlarını xarici qüvvələr pozublar.

Əsas səbəb odur ki, milli azlıq faktorundan istifadə edib, Türkiyədə demokratiya adı altında cəmiyyəti parçalayır və qarşıdurmalar yaradırdılar. Eyni şeyi, məsələn, Ermənistan kimi kiçik ölkələrə qarşı etmirlər. Çünki əvvəlcədən ermənilərə ölkədən erməni olmayanları deportasiya etməyi məsləhət görüblər. İndi Ermənistanda ermənidən başqa olan da ermənidir. Belə bir cəmiyyətdə parlamentar sistem faydalı ola bilər.

Təcrübə göstərir ki, müsəlman dövlətlərinə qarşı tamamilə fərqli mövqe tuturlar. Onlarda demokratiya bəhanəsi ilə separatçılığı, ayrı-seçkiliyi, fərqliliyi, bölünməni, psixoloji və mədəni dözümsüzlüyü körükləməyə çalışırlar. Buna görə də belə dövlətlərdə bir qədər fərqli idarəetmə modeli faydalıdır. Türkiyə, Qazaxıstan və Azərbaycan bu aspektdə öz işlərini mükəmməl şəkildə qururlar və kənardan kimsənin məsləhətinə ehtiyacları yoxdur.

Belə çıxır ki, konstitusiya dəyişikliyi ilə bağlı referendum Türkiyənin müstəqil xarici və daxili siyasət yeritmək iradəsinin təsdiqidir. Mürəkkəb və qarışıq bir dövrdə millətin strateji məsələdə hakimiyyəti dəstəkləməsi həqiqətən böyük hadisədir. D.Baxçalı bu kontekstdə olduqca haqlıdır.

Sonra, aydın hiss olunur ki, müsəlmanlara dost olmaq istəməyənlər səsvermənin nəticələrinə qarşı şübhə yaratmaqda davam edəcəklər. Bunu bəhanə edərək onlar etiraz aksiyaları, çaxnaşmalar, müqavimət dalğası yaratmağa çalışa və hətta yeni terror aktları törətməyə cəhdlər göstərə bilərlər. Artıq İstanbul və İzmirdə belə bir hal qeydə alınıb. Kiçik qruplar aranı qarışdırmağa çalışıblar. Türk polisi dərhal onları sakitləşdirib.

Bunların fonunda Suriya və İraqda da anti-Türkiyə aksiyalarını təşkil edə bilərlər. Avropa İttifaqına gəldikdə isə, bu təşkilatın daha ehtiyatlı mövqe tutması proqnozlaşdırılır. Çünki indi Brüssel Ankara ilə münasibətləri kəskinləşdirməkdə maraqlı deyil - özü nüfuzdan sürətlə düşməkdədir. Həm də təşkilata üzv dövlətlərdə radikal milliyyətçilik, təcridçilik, müsəlman düşmanlığı vüsət alır. Güman etmək olar ki, Türkiyənin özü Aİ-yə inteqrasiya siyasətini elə də qabartmayacaq. Ankara artıq müstəqil regional güc keyfiyyətində siyasət yeritməyə üstünlük verir. Bu tendensiyanın güclənəcəyini proqnozlaşdırmaq olar.

ABŞ-Türkiyə münasibətlərində isə müsbətə doğru irəliləyişlərin olması ehtimalı az deyil. Donald Tramp güclü liderlərlə işləməyə üstünlük verir. Həm də çox vacib bir mərhələdə Vaşinqton Ankara ilə Moskvanın daha da yaxınlaşmasını istəməz. Bütövlükdə 16 aprel referendumundan sonra Türkiyənin Yaxın Şərq, Afrika, Qafqaz və Mərkəzi Asiya istiqamətlərində daha da fəallaşacağını gözləmək olar. Bununla yanaşı, konkret hansı proseslərin irəli çıxacağını zaman göstərəcək. Biz yalnız təxmin edə bilərik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR