Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.
Metbuat.az-ın məlumatına görə, turun qapanış matçında "Qəbələ" "İnter"i qəbul edib. Oyun məhsuldarlığı ilə seçilib.
Qonaqlar 3-cü dəqiqədə Rauf Əliyevin vurduğu qolla hesabda önə keçib. Çox keçmədən "Qəbələ" status-kvonu bərpa edib. Rikardinyo fərqlənib. "Qırmızı-qaralar" birinci hissənin sonuna kimi daha iki dəfə "İnter" qapısına yol tapıb.
"İnter" ikinci hissədə fərqi aradan qaldıra bilib. Elnur Abdullayev və Rauf Əliyevin qolları hesaba tarazlıq gətirib. Lakin "Qəbələ" çətinliklə də olsa, 3 xal qazanıb. 90-cu dəqiqədə Tellur Mütəllimovun vurduğu qol matçda sonuncu olub.
Azərbaycan Premyer Liqası
27-ci tur
24 aprel
“Qəbələ” – “İnter” - 4:3
Qollar: Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake (avtoqol); Tellur Mütəllimov, 90 - Rauf Əliyev, 3, 75; Elnur Abdullayev, 73
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
Xallarının sayını 52-yə çatdıran "Qəbələ" Premyer Liqanın gümüş medallarına sahib çıxıb, "İnter" isə çempionatı üçüncü sırada tamamlayıb.