QİÇS-ə yoluxanlar nikaha daxil ola bilərmi?

QİÇS-ə yoluxanlar nikaha daxil ola bilərmi?
21:52 24 Aprel 2017
311 Ölkə
Ölkə mətbuatı
A- A+

Seyfəddin Əsəd: "Bu şəxslər nikaha girə bilər, əgər..."

Ötən ay ölkədə nikaha daxil olmaq istəyən 9 min 471 nəfər şəxsin icbari tibbi müayinəsi həyata keçirilib. Onlardan 9-da QİÇS aşkarlanıb.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Müayinə zamanı xəstəlik aşkarlanan cütlüklərə və müvafiq mərkəzlərə xəstəlik barəsində geniş məlumat verilir.

Ötən il ərzində evlənmək üçün məcburi müayinədən keçən 85 nəfərdə QİÇS xəstəliyi aşkar edilmişdi. Bu da kifayət qədər böyük rəqəmdir. Bəzi ucqar bölgələrdə rəsmi nikaha düşməyən yeni ailələri də nəzərə alsaq, mövcud rəqəmin daha çox olduğunu demək olar.

Bəs QİÇS-ə yoluxanlar ailə həyatı qura, sağlam övlad dünyaya gətirə bilərmi?

Milli.Az musavat.com-a istinadən bildirir ki, ekspertlər qeyd edir ki, QİÇS-ə yoluxanlar əsasən narkotik istifadəçiləridir. Xəstəliyə yoluxanların da əksəriyyəti Bakı şəhərində aşkarlanır. Bölgələrdən isə daha çox Masallı, Lənkəran, Göyçay, Astara kimi rayonlarda bu xəstəlik yayılmağa başlayıb. Xəstəliyin 4 mərhələsi olur. Bədən xəstəliyə yoluxduqdan 20 gün sonra ona reaksiya verir. Xəstəlik aşkar edildikdən sonra müalicələrə başlanılsa da, bir müddət sonra virus yenidən üzə çıxmağa başlayır. Bu bəzən 5-10 il çəkir. Daha sonra 3-cü mərhələ başlayır. Həkimlər artıq müalicəni tapa bilmir, 4-cü mərhələ artıq QİÇS olur. Təəssüflər olsun ki, xəstəliyin bu mərhələsində olan xəstələrin sağalma ehtimalı olmur.

Tanınmış həkim Seyfəddin Əsədin sözlərinə görə, bu xəstəliyə yoluxmuş şəxslər nikaha girə bilər, o halda kı, xəstəliyin dərəcəsi aşağı olsun: "Xəstəliyə yoluxmuş insanlar müayinədən keçir, müayinənin cavablarından sonra onun nikaha girə bilib-bilməməsi müəyyənləşir. Məsələn, şəxs əgər Hepatit B və ya C virusunun yüngül daşıyıcısı olarsa ona heç müalicə lazım gəlmir. Bu xəstələr mütləq şəkildə dispanserdə müayinə olur, xəstəliyin dərəcəsi aşkarlanır, daha sonra həkim rəy verir. Əgər müalicəyə ehtiyac yoxdursa, həkim rəy verir ki, təhlükəli bir şey yoxdur, xəstə öz normal həyatını yaşaya bilər".

Həkimlər dəfələrlə qeyd edirlər ki, QİÇS-ə yoluxma əsasən 3 yolla - cinsi yolla, qanla və anadan ötürülmə yolu ilə ola bilir. Bu səbəbdən virusa yoluxmuş hamilə qadınlar ciddi həkim nəzarəti altında olur. Əsasən yoluxmanın qarşısını almaq üçün doğuş qeysəriyyə kəsiyi ilə həyata keçirilir ki, uşağa virus düşməsin. Və ən vacib məsələ: xəstəliyə yoluxmuş ana övladına ana südü verməməlidir. Səhiyyə Nazirliyi bu məsələni nəzərə alaraq, QİÇS-li ananın sağlam dünyaya gətirdiyi uşağın qidalanması üçün dövlət onları 1 yaşına kimi süni qidalarla təmin edir.

Bir məsələni də vurğulayaq ki, ümumilikdə bu ilin 3 ayı ərzində Azərbaycanda 108 nəfərdə İİV-ə (QİÇS) yoluxma faktı aşkarlanıb. Məlumata görə, xəstəliyə yoluxanların 107-si (99%) Azərbaycan vətəndaşı, 1-i (1%) isə xarici vətəndaşdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/538150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR