​İt kimi darıxmaq, eşşək kimi içmək...

Çox qəribə ölçü vahidlərimiz var: İt kimi darıxmaq, eşşək kimi içmək və s.

Əslində bu "ölçülər" təsadüfü deyil. Doğrudan da, bizim heyvansevərliyimiz üst səviyədədir.

İnsanları sevmək isə...

Qonşuluqda dörd tərəfi çox hündür hasarla hörülmüş bir torpaq sahəsi var. Heç kimin yaşamadığı və giriş üçün iynə ucu qədər də yer olmayan bu həyətə hardansa bir it düşmüşdü. Yəqin, onu kimsə ora atmışdı. İtin o həyətə girməsi başqa heç cür mümkün deyildi.

Düz iki gün idi ki, qulağıma it zınqqıltısı gəlirdi, hardan gəldiyini də bilmirdim. Nəhayət nərdivanla qonşuluqdakı hasarın üstünə çıxdım. İt soyuqdan büzüşüb, dərinə batmış gözlərini mənə zillədi. Sonra iki ağız hürdü...

Birinci gün evdən çörək gətirib itə atdım. İti oradan çıxarmaq mümkün deyildi. Hasar 3-4 metr hündürlüyündədir. Qapısına isə qıfıl vurulub. Həmin gecə yata bilmədim. Hey o iti oradan çıxarmaq haqqında düşündüm.

Səhəri gün nərdivanı həyətə tərəf qoyub, itin yanına düşdüm. Yaxınlaşmaq istəyəndə dişlərini qıcayıb hürməyə başlayırdı. Quduz olacağından qorxduğum üçün çox yaxına getmədim. Bir saat çalışdım, amma mümkün olmadı.

Küçəyə çıxıb vəziyyəti bir neçə nəfərə bildirdim. Yarım saat keçməmiş 20-30 nəfər yığıldı. Hərə evdən bir şey gətirdi. İtə yaxın getmək mümkün deyildi. Qonşu həyətin yiyəsi isə uzaq rayonda yaşayırdı. Ən sonda "kran" gəldi. İti taxta ilə sürüşdürüb kranın üstünə qoyduq və xilas etdik.

Hamı sevinirdi. Gözü yaşaran adamlar belə var idi.

Elə mənim kiçik yaşlı oğlum da məndən o itin "taleyni" soruşurdu hər gün...

Bəli, biz buyuq.

O itdən min qat betər çıxılmaz vəziyətə qalan insanlar var ətrafımızda. Bir tikə çörəyə möhtac uşaqlar var.

Evlənə bilməyən gənclər var. 5-10 min manata görə xəstələnib ölən adamlar var.

Mərhəmət yox...

Vicdanlar susub...

Bir küçə itinə görə birləşdiyimiz qədər birləşə bilmirik insanlar üçün.

Öz düşdüyümüz dərin, bağlı hasardan çıxmağımız lazımdır...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR