Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici
işlər nazirlərinin görüşü gözlənilir.
Publika.az xəbər verir ki, bu görüş Dağlıq Qarabağ
münaqişəsində dalana dirənmiş danışıqların yenidən başlaması
istiqamətində mühüm addım ola bilər.
Üçtərəfli formatda görüşün keçirilməsini rəsmi Bakı təklif edib.
İndiyə qədər bu təklif iki dəfə irəli sürülsə də, İrəvan
razılaşmırdı. Görünür, üçüncü dəfə görüşün baş tutacaq.
Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan da belə görüşə
ehtiyac olduğunu qeyd edib.
“Lakin görüşlə bağlı qəti qərar olanda bu haqda məlumat verəcəyik”,
- deyə Nalbayndyan öz ölkəsinin jurnalistlərinə açıqlamasında
bildirib.
Bu, Ermənistanın danışıqlar masasına gətirilməsi deməkdir.
Sonuncu dəfə ötən ilin 20 iyununda Sankt-Peterburqda görüşən
prezidentlər indiyə qədər bir araya gəlməyib. Aprel müharibəsində
məğlubiyyətə uğrayan İrəvan döyüşün dayandırılması üçün danışıqlar
masasına gəldi, münaqişənin həlli ilə bağlı müəyyən addımlar
atıldı. Lakin daha sonra baş verən bir sıra siyasi hadisələr
prosesləri dayandırdı. Ermənistan da yaranmış situasiyadan istifadə
edərək, danışıqlardan yayındı.
Burada ilk növbədə görüşün ATƏT-in Minsk qrupu çərçivəsində yox,
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında
keçirilməsi diqqət çəkir. Hansı ki, İrəvan məhz bu formatı inkar
edirdi. Çünki Rusiya münaqişənin həlli ilə bağlı öz planını həyata
keçirmək niyyətindədir. Bu planda işğal olunmuş rayonların
qaytarılması, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi,
qaçqınların qayıdışı, daha sonra Qarabağın yekun statusunun müəyyən
edilməsi var. Rusiya münaqişəni bu yolla həll edərək, həm öz
sülhməramlılarını bölgəyə yerləşdirmək, həm də bölgədə təşəbbüsü
başqasına verməmək istəyir. Rusiyanın burada maraqları olsa da, bu,
uzun illərdir davam edən münaqişənin həlli istiqamətində böyük
irəliləyişdir. Ermənistan bunu qəbul etməmək üçün görüşdən yayınır
və Qərbə üz tuturdu. İrəvan Qərbin təklif etdiyi “atəşkəsə nəzarət
mexanizmi”nin quraşdırılmasını tələb edir. Halbuki, bu işğalın
davam etməsinə şərait yaratmaqla yanaşı, Rusiyanın da maraqlarına
uyğun deyil.
Mənzərə belədir, lakin rusların İrəvanın istəyinə imkan verəcəyi
inandırıcı görünmür. Moskva Ermənistana nə qədər dəstək versə də,
öz vassalının ondan başqasından imdad diləməsini də qəbul
etmir.
Bu baxımdan, iki gün sonra keçirilməsi gözlənilən görüşdə Rusiyanın
Ermənistana münaqişənin həlli ilə bağlı təzyiq edəcəyi
mümkündür.
Ermənistanın “lragir” saytı da İrəvana təzyiqi istisna etmir.
Saytın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, İrəvan
rusların təzyiqini bildiyi üçün üçtərəfli formatda görüşdən imtina
edirdi.
“Lakin sona qədər dirənmək mümkün olmadı və mübarizə artıq görüşdə
davam etdiriləcək”, - deyə İrəvandakı diplomatik mənbə
bildirib.
Sayt yazır ki, Minsk qrupu olmadan keçirilən üçtərəfli format
Rusiyaya Ermənistanı münaqişənin həllinə məcbur etmək imkanı
yaradır.
“Üçtərəfli format – bu Azərbaycanın diplomatik qələbəsidir”, - deyə
erməni saytı qeyd edir.
Asif