Bakıda polis intihar edən şəxsi necə xilas etdi? - Bütün qapılar döyüldü - FOTO

Bakıda polis intihar edən şəxsi necə xilas etdi? - Bütün qapılar döyüldü - FOTO
12:27 25 Aprel 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib.

DİN-dən Milli.Az-a verilən əmlumata görə, Sabunçu qəsəbə sakini, 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.

Şahin İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirir. Bu zaman sosial şəbəkədə Şaiqi izləyənlərdən biri Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə zəng edərək Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin Facebook-da status yazaraq intihar etmək istədiyi barədə verdiyi məlumat ərazi üzrə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürülür. Bölmə əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün təcili axtarışlara başlayır.

Qeyd edək ki, bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Bu səbəbdən polislər Şahin İsgəndərovun həyatını xilas etmək üçün həmin küçədəki bütün mənzillərin qapılarını döymək məcburiyyətində qalıblar. Hətta bəzi vətəndaşlar sosial şəbəkələrdə yazılan xəbərə bu cür operativ reaksiya göstərdiklərinə görə polisləri qınayıblar da. Amma ortada insan həyatı olduğundan bölmə əməkdaşları Şaiqin axtarışlarını sona qədər aparıblar. Maraqlı məqamlardan biri də bundadır ki, Şaiqlə eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub. Hadisənin baş verdiyi evi ilk olaraq tapan və Şaiq İsgəndərovun həyatını xilas edən şəxs isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Ələsgər Hüseynov olub.

Qeyd edək ki, hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə darısqal olduğundan təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Şaiq İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar.

Bir faktı nəzərinizə çatdıraq ki, Şaiq İsgəndərov paytaxt ərazisində yerləşən şirkətlərdən birinin əməkdaşıdır və o, kifayət qədər yüksək əmək haqqı alır. O, intihar etmək istəməsinin səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR