Ölmüş qadına yazılan eşq məktubu

Görkəmli Amerika fiziki Riçard Feynmanın həyat yoldaşına yazdığı məktub ölümündən düz 43 il sonra açılıb. Bu məktubu Riçard ölmüş həyat yoldaşına ünvanlamışdı...

1945-ci ilin iyun ayında Riçard Feynmanın həyat yoldaşı Arlin Feynman vərəm xəstəliyindən dünyasını dəyişir. O zaman onun cəmi 25 yaşı vardı.

Riçard Arlini 13 yaşından sevirdi. 19 yaşları olanda onlar artıq nişanlanmışdılar. Toyun olmasına az qalan müddətdə isə Arlin artıq ciddi xəstəliyə yoluxur. Feynman sevdiyi qadının qayğısına nə qədər qalsa da, onu ölümdən qurtara bilmir. Arlin ərinin qollarında can verir...

İllərdir sevdyi qadının ölümü Riçard Feynmana o qədər təsir edir ki, o, ağır depressiyaya düşür. 1946-cı ilin oktyabr ayında, həyat yoldaşının ölümündən 16 ay keçdikdən sonra isə Riçard arvadına bir məktub yazmaq qərarına gəlir. O, ürək sözlərini bu məktuba yazır və kağızı zərfə yerləşdirir. Həyat yoldaşının heç vaxt oxuya bilmədiyi bu məktub Riçardın ölümündən 43 il keçdikdən sonra açılır. Saralmış və əzilmiş zərfi sanki uzun müddətdir cibdə gəzdirirmişlər...

Metbuat.az məşhur fizik Riçard Feynmanın ölmüş həyat yoldaşına yazdığı o təsirli məktubun tam mətnini təqdim edir:

"Əzizim Arlin,

Səndən ötrü ölürəm, əzizim.

Bilirəm, bunu eşitmək sənin necə də xoşuna gəlir, ancaq mən bunu yalnız səni sevindirmək üçün yazmıram. Mən bunu ona görə yazıram ki, bu, içimə bir istilik gətirir. Mən sənə çoxdandır yazmıram - təxminən iki ildir. Ancaq bilirəm ki, sən məni - inadkar praqmatiki bağışlayacaqsan.

Elə düşünürdüm ki, sənə yazmağın heç bir mənası yoxdu. Ancaq indi, sevimli arvadım, bilirəm ki, çoxdandır ertələdiyim və keçmişdə tez-tez elədiyim şeyi artıq etməliyəm. Demək istəyirəm ki, səni sevirəm! Səni sevmək istəyirəm! Səni həmişə sevəcəyəm.

Dərk edə bilmirəm ki, öldükdən sonra səni sevmək nə deməkdir, ancaq mən yenə də səni qoruyub qayğına qalmaq istəyirəm. Və istəyirəm sən də məni sevib qayğıma qalasan. Səninlə problemlərimi müzakirə etmək istəyirəm. Səninlə fərqli işlərlə məşğul olmaq istəyirəm. İndiyə kimi bu, mənim ağlıma da gəlmirdi. Halbuki biz bir yerdə çox şey edə bilərdik: paltar tikmək, yapon dilini öyrənmək, kinoproyektor almaq. İndi mən bunu edə bilərəmmi? Yox. Mən sənsiz tək-tənhayam. Sən ideyalarımın başlıca generatoru və ağılsız macəralarımın ilham pərisi idin.

Sən xəstə olanda narahat idin ki, ehtiyacım olan şeyi, yaxud mənə vermək istədiyini verə bilməyəcəksən. Narahat olmağına dəyməzdi. Buna heç bir ehtiyac yox idi. Mən həmişə deyirdim ki, səni sədəcə var olduğuna görə çox sevirəm. Və indi bunu heç vaxt anlamadığım kim anlayıram. Sən artıq mənə heç nə verə bilməyəcəksən, mənsə səni o qədər çox sevirəm ki, heç vaxt başqa birini sevə bilməyəcəyəm. Və mən bunun elə belə olmasını istəyirəm. Çünki hətta ölü vəziyyətində də sən bütün canlılardan yaxşısan.

Mən bilirəm, deyəcəksən ki, axmaqsan. Xoşbəxt olmağımı, səni düşünməməyimi istəyəcəksən. Bu iki ildə həyatımda səndən başqa heç bir qız dostumun olmadığını biləndə yəqin təəccüblənəcəksən. Sən bununla heç nə edə bilməzsən. Mən də həmçinin. Heç nə anlamıram. Çoxlu qızlara rast gəlmişəm, onların arasında xoşəgələnləri də olub. Tək qalmaq da istəmirəm. Lakin bir-iki görüşdən sonra başa düşürdüm ki, onlar mənim üçün heç bir əhəmiyyət kəsb etmirlər. Mənim üçün yalnız sən varsan. Sən gerçəksən.

Mənim əziz həyat yoldaşım, səndən ötrü ölürəm.

Mən öz həyat yoldaşımı sevirəm. Mənim həyat yoldaşım ölüb.

Riç

P.S. Xahiş edirəm məni bağışla ki, bu məktubu sənə göndərə bilməmişəm - mən sənin yeni ünvanını bilmirəm..."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR