Aprelin 13-də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən ilk
dəfə döyüş şəraitində “bütün bombaların anası”nın tətbiqi Amerika
və Rusiya arasında qızğın silahlanma tempini daha da
sürətləndirdi.
Qeyri-nüvə vasitəsi hesab edilən GBU-43/B ABŞ Müdafiə
Nazirliyinin (Pentaqon) arsenalında olan ən güclü aviasiya döyüş
sursatı hesab edilir. İŞİD döyüşçülərinə qarşı tətbiq olunan
“bombaların anası”nın 60 metrə qədər dərinlikdə yerləşən yeraltı
qurğuları məhv etməsi onun fərqləndirici xüsusiyyətlərindən biri
sayılır.
Növbəti gün Amerika ilk dəfə Mosulda İŞİD döyüşçüləri ilə
mübarizə üçün “Boz qartal” pilotsuz təyyarəsinin uçuşunu elan
etdi.
Rusiya Əfqanıstana GBU-43/B bombasının atılmasından dərhal sonra
ondan dörd dəfə böyük dağıdıcı gücə malik olan bombaya malik
olduğunu bildirdi. Bu, Rusiyanın 2007-ci ildə təkmilləşdirdiyi
vakum bombası olan FOAB-dur. Onu isə “bütün bombaların atası"
adlandırırlar.
Bombaların “atası” və “anası”: Nüvə erasının qeyri-nüvə bədheybətləri - VİDEO - FOTOLAR
Buna cavab olaraq Vaşinqton daha güclü bombanın mövcudluğu
haqqında yeni bəyanat verdi.
Analitiklər iddia edirlər ki, ABŞ-ın arsenalında Əfqanıstana
atılan bombalardan daha güclü bombalar var. Onlardan biri yeraltı
bunkerlər əleyhinə olan MOP (Massive Ordnance Penetrator)
bombasıdır. Bu bomba dağıntıları ağırlaşdıraraq yeraltı zəlzələyə
səbəb olur. İsrail indiyə kimi bu bombanı almaq istəyir. Ancaq
Vaşinqton hətta bu məsələni müzakirə etməkdən belə qətiyyətlə
imtina edib. Vaşinqtondan bildirilib ki, bomba ABŞ ordusu üçün
xüsusi silah kimi hazırlanıb və ona yalnız ABŞ malik ola bilər.
Sözügedən bombadan hələ istifadə edilməyib. Onun ümumi çəkisi
təxminən 13,6 ton, döyüş başlığının çəkisi isə 2,7 tondur. Diametri
1, uzunluğu isə 6 metrdir. Bomba yerin 60 metrə qədər dərinliyinə
hərəkət edəndən sonra partlayır. Bütün naviqasiya peyk vasitəsilə
həyata keçirilir. Bomba “Boeing” şirkəti tərəfindən istehsal edilib
və cəmi 20 ədəd buraxılıb. 2012-ci ildə silahlandırılmaya qəbul
edilən bombaların birinin dəyəri 14 milyon dollar təşkil edir.
Hərbi analitiklərin fikrincə, Vaşinqton ən təhlükəli qeyri-nüvə
bombasını 2008-ci ildə hazırlamağa başlayıb. Bunkerlər də daxil
olmaqla yeraltı tikintilərin, həmçinin kimyəvi, bioloji və nüvə
maddələrinin saxlanıldığı anbarların məhv edilməsi bu bombaların
əsas missiyasıdır. Bomba yalnız hədəfi vurmur, həm də yeraltı
tikintilərdə 100 metr radiusda dağıdıcı effektini göstərir. İran və
Şimali Koreya tərəfindən ballistik raketlərin işə salınması
haqqında təhlükələrdən sonra bu bomba haqqında söhbətlər yenilənib.
Amerikada hesab edilir ki, yeni bombanın yaradılmasında məqsəd
İranın və Şimali Koreyanın hərəkətlərinin qarşısının
alınmasıdır.