Trampın ölkəmizlə bağlı planları...

ABŞ Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək. Bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir. Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq.

Amerikanın Azərbaycana etdiyi maliyyə yardımını ləğv edərsə, bunun ölkəmiz üçün nəticəsi necə olar? Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib ki, 1992-ci ilin oktyabr ayının 24-də ABŞ Azərbaycana qarşı 907-ci maddəni tədbiq etdi. Bu, dövlət səviyyəsində iqtisadi maliyyə dəstəyini qadağan edən sənəd idi:

"2002-ci ilin yanvar ayından başlayaraq, ABŞ prezidenti öz səhaliyyətlərindən istifadə edib, həmin bu qadağanın bir il müddətinə fəaliyyətini dondurdu. 2002-ci ilin yanvar ayından başlayaraq, Azərbaycana müəyyən maliyyə dəstəyi göstərilirdi. ABŞ-ın bu siyasəti bir çox hallarda tarazlığın pozulması və qanuna zidd hallarla müşahidə olundu. ABŞ Azərbaycana və Ermənistana maliyyə yardımı göstərib. Amma paralel şəkildə Qondarma Dağlıq Qarabağdakı rejimə də Azərbaycandan kənarda bir maddi yardım göstərib. Bu da dəfələrlə Azərbaycan tərəfindən haqlı narazılıqla müşahidə olunub və ikitərəfli münasibətlərə uyğun gəlməyən bir addım kimi qiymətləndirilib. Bu nöqteyi nəzərdən, indiki halda Birləşmiş Ştatların bu addımları daha çox özünün üzləşdiyi iqtisadi problemlərlə əsaslandırılır. Hesab olunur ki, ABŞ həm özünün maliyyə iqtisadi durumundan çıxış edir, eyni zamanda yardım göstərdikləri ölkələrin nə qədər bu yardıma ehtiyacı olduğunu hesablayıb proqnozlaşdıraraq müvafiq addımlar atır. Hər halda, Azərbaycan dünyada kifayət qədər imkanı olan bir dövlətdir. Bizim iqtisadi, maliyyə imkanlarımız kifayət qədər genişdir. Bu reallıq fonunda ABŞ-dan gələn yardımın azaldılması, yaxud da kəsilməsi bizim iqtisadi-maliyyə vəziyyətimizə təsir edən faktlar deyil. Burada daha çox mənəvi məsələlər rol oynayırdı. Hesab edirəm ki, belə bir hadisə ikitərəfli münasibətlərimizə təsir etməyəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR