Bakı. 25 aprel. REPORT.AZ/ "ABŞ MDB ölkələrinə öz dövlət modelini tətbiq etmək istəyir."
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru Yevgeni Bajanov "ADA" Universitetində "Beynəlxalq əlaqlər amili: tarixi hadisələr və perspektivlər" mövzusunda mühazirə oxuyarkən bildirib.
"Rusiyanın siyasəti müstəqil, çoxvektorludur. Bütün ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıq etmək istəyirik. Avropa sivilizasiyasının bir hissəsi olduğumuzdan Avropa ilə münasibətləri normallaşdırmaq istəyirik. Rusiya birqütblü dünyaya qarşıdır" - Y.Bajanov vurğulayıb.
Onun sözlərinə görə, dünya dəyişib, regionlarda nəhəng qüvvələr yaranıb, regionlar bir-biri ilə rəqabət aparmağa başlayıb.
"ABŞ-ın təşəbbüsü olan qloballaşma dünyada mütərəqqi və müsbət proses kimi göstərilir. Amma ABŞ hakim olub, prosesi idarə etmək istəyir. Rusiya isə buna qarşı çıxır. ABŞ öz dövlət quruluşunu və bazar iqtisadiyyatı modelini Rusiyaya və MDB ölkələrinə tətbiq etmək istəyir" - Y.Bajanov bildirib.